Sülh və insan hüquqları

21 sentyabr –Beynəlxalq Sülh Günüdür!

 

Sülh və insan hüquqları

 

Müasir dövrdə hər bir cəmiyyətin inkişafı, habelə insan hüquqlarının səmərəli təmini üçün sülh və əmin-amanlıq mühüm rol oynayır. Belə ki, hər bir cəmiyyətin, bütövlükdə isə bəşəriyyətin azadlıq, bərabərlik və ədalətlə yanaşı, ən çox arzu etdiyi dəyərlərdən biri də məhz ədalətli sülhün mövcud olmasıdır.

Sülh - insanlar arasında körpülərin qurulması, ayrı-seçkiliklə mübarizə, insan hüquqlarının və qayğıya ehtiyacı olan şəxslərin müdafiə edilməsi deməkdir. Bu baxımdan bəşəriyyətin daim əbədi sülh axtarışında olması, sülh, dinclik, əmin-amanlıq uğrunda mübarizə aparması heç də təsadüfi olmamışdır.

Ümumiyyətlə, sülh hüququ azadlıq, bərabərlik və heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilmişdir. Böyük iftixar hissi ilə qeyd etmək istərdik ki, bu hüquqlar hələ 100 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş İstiqlal Bəyannaməsində öz əksini tapmışdır. Həmin Bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olması, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğu, bütün vətəndaşlara heç bir əlamətə görə ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqlar verilməsi, beynəlxalq birliyin üzvləri ilə, xüsusən həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin qurulması və bütün xalqların sərbəst inkişafına şəraitin yaradılması təsbit olunmuşdur.

Bütün tarix boyu bəşəriyyəti düşündürən ən ümdə məsələlərdən biri də sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusudur.  

Qeyd etmək lazımdır ki, Beynəlxalq Sülh Gününün əsası hələ 1981-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qoyulmuşdur. Əvvəllər bu əlamətdar gün hər il sentyabr ayının 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 20 il sonra, 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən yekdilliklə Sülh günü üçün 21 sentyabr dəqiq tarix kimi müəyyənləşdirilmiş və bu tarixin “qlobal atəşkəs və qeyri-zorakılıq, həmçinin bütün xalqları və insanları gün ərzində hərbi əməliyyatları dayandırmağa çağıran gün” olaraq qeyd edilməsi qərara alınmışdır.  

Məhz insan hüquqları və insani dəyərlərin kontekstində dayanan sülh məfhumu bu gün bəşəriyyətin həllini gözləyən ən vacib problemlərindən biridir. Yaşadığımız mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan dövrdə qarşımızda duran ən mühüm məqsəd istər ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər, millətlər arasında ауrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqdır. Başqa sözlə hər zaman insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zərurəti vardır.

Yeri gəlmişkən, 2018-ci ildə Beynəlxalq Sülh Günü – “Sülh hüququ: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi” devizi altında keçirilir. Çünki bu il tarixi əhəmiyyət daşıyan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi qeyd olunur.

BMT hər il olduğu kimi, bu il də bütün ölkələri və xalqları Beynəlxalq Sülh Günü münasibətilə hərbi əməliyyatların dayandırılmasına və sülhlə bağlı ictimai məlumatlandırma formatlı bayram tədbirlərini keçirməyə çağırır.  

Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, bir milyondan artıq soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, təhsil, səhiyyə, mədəniyyət ocaqlarımız, tarixi-dini abidələrimiz tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır.

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi və xahişi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa dayandırılmasına nail olmuşdur. Bu isə təbii ki, insan təlafatının qarşısının alınması ilə bərabər, regionda sabitliyin yaranması, ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olmuşdur.

Bu gün hələ də atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, işğalçı erməni hərbi birləşmələrinin atəşkəs haqqında müqavilə şərtlərini mütəmadi olaraq kobud şəkildə pozması, işğal altındakı torpaqlarımızda kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif iriçaplı silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurulması, o cümlədən dinc əhalinin girov götürülməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq və digər hüquqlarını pozur.

BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların dayandırılması, atəşkəsin təmin edilməsi və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 14 mart 2008-ci il tarixli qətnaməsinin tələbləri yerinə yetirilmir. Sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilir, Azərbaycana qarşı düşmənçilik siyasəti bu gün də davam etdirilir, atəşkəs rejimi mütəmadi pozulur, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır. Proseslərin bu yöndə cərəyan etməsi dünyada sülh baxışlarının inkişafına təsir edən neqativ amillərdən olduğundan, məsələnin həllində dünya ictimaiyyəti və beynəlxalq qurumlar öz dəstəyini əsirgəməməlidir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ülvi niyyəti kimi təsbit olunmuşdur.

Təqdirəlayiq haldır ki, əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş sülhsevər siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atır.

Dövlətimizin başçısı tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət stra­te­gi­ya­sı nəticəsində Azər­bay­ca­nın dün­ya bir­li­yi­nə inteq­ra­si­ya­sı get­dik­cə sürətlənir, öl­kə­miz dün­ya­nın apa­rı­cı döv­lət­lə­ri ilə da­ha sıx əmək­daş­lıq edir və öl­kəmi­zin bey­nəl­xalq aləm­də nü­fu­zu gü­nü-gün­dən ar­tır. Buna görə də artıq bir çox aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının haqq işini dəstəkləyir, onun ərazi bütövlüyünü tanıyırlar.

Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hüquq siyasəti nəticəsində ölkəmizdə insan hüquqlarının davamlı inkişafı və təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir, müvafiq qanunvericilik aktları qəbul olunur və ya müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilir.

Təbii ki, görülən işlər və aparılan islahatlar, idarəetmənin təkmilləşməsi insanların öz hüquqlarını həyata keçirməsi üçün böyük imkanlar yaradır. Bu səbəbdən də Azərbaycana beynəlxalq aləmin marağı daha da artır və ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl işlər hazırda da əzmlə və uğurla davam etdirilməkdədir. Bu baxımdan, Fondun vitse-prezidenti Leyla Əliyevanın gerçəkləşdirdiyi “Xocalıya Ədalət” kampaniyası Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq-hüquqi tanınmasına nail olmaq məqsədilə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika ölkələri tərəfindən Xocalı soyqırımının tanınmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda haqq və ədalət hissini itirməyən dünya ictimaiyyəti, hökumətlər Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları dövlətlər, onların parlamentləri tərəfindən tanınır.

Azərbaycan dövləti haqq və ədalət, tolerantlıq prinsiplərinə söykənərək ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir və onları uğurla həyata keçirir.

Ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində “Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi” aidiyyəti qurumlar üçün bir vəzifə kimi müəyyən olunmuş və ötən dövr ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlər təşkil edilmişdir.

Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il Beynəlxalq Sülh Günü ərəfəsində, yəni avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı”nın elan edilməsi və bu aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda respublikamızın hər bir rayon və şəhərlərində ictimaiyyətin fəal iştirakı ilə konfransların, dəyirmi masaların keçirilməsi, müsabiqələrin və sərgilərin təşkil edilməsi əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədini daşımaqla universal dəyərlərin, insan hüquqlarının təbliğinə xidmət edir.

Artıq uğurla başa vurduğumuz “Sülh aylığı” insanlar arasında hüquq mədəniyyəti ilə yanaşı, sülh mədəniyyətini təbliğ etməklə qarşımızda duran BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.

İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquq düşüncəsinin və mədəni səviyyəsinin müasir tələblər səviyyəsində yüksəldilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına təkan verən ən mühüm amillərdəndir. Buna görə də Beynəlxalq Sülh Günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə, insan hüquqlarının müdafiəsinin effektivliyinin artırılmasına nail olmaq üçün bir imkandır.

İnsan hüquqları sahəsində həyata keçirdiyimiz tədbirlər ölkəmizdə sülh mədəniyyətinin təbliğinə və inkişafına xidmət edir.

“Sülh aylığı” çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Aparatın əməkdaşlarının, Ombudsmanın Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən və ətraf rayonları əhatə edən regional mərkəzlərinin iştirakı ilə Bakı şəhərində və respublikanın rayonlarında silsilə tədbirlər davam etdirilmiş, bununla bağlı məlumatlar mütəmadi olaraq KİV-lər vasitəsilə yayımlanmışdır.

Belə ki, Ombudsmanın nümayəndəsi Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində şəxsi heyətlə peşə hazırlığı məşğələsində məruzəçi kimi iştirak edərək, Beynəlxalq Sülh Gününün yaranma tarixi, onun əhəmiyyəti, Müvəkkil tərəfindən hər il ənənəvi olaraq elan olunan “Sülh aylığı”nın mahiyyəti barədə məlumat vermişdir.

Ombudsmanın Gəncə Regional Mərkəzinin və İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində, habelə Göygöl Rayon İcra Hakimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzinin və Masallı, Astara, Cəlilabad və Lənkəran rayonları icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə adı çəkilən rayonlarda, Şəki Regional Mərkəzi tərəfindən Oğuz, Şəki, Qəbələ və Zaqatala rayonlarının bir sıra kəndlərində, həmçinin Quba Regional Mərkəzi tərəfindən Xaçmaz və Quba rayonlarının kəndlərində, eyni zamanda Qubadakı “ASAN Həyat” kompleksində silsilə tədbirlər keçirilmişdir.

Bu tədbirlərdə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin, təhsil müəssisələrinin, icmaların nümayəndələri, ağsaqqallar, məktəb müəllimləri, dindarlar, fəal gənclər və geniş ictimaiyyət iştirak etmişlər.

Uşaqlar üçün Ümumdünya hərəkatının respublikamızda geniş vüsət aldığı, on səkkiz ilə yaxın müddətdə müntəzəm fəaliyyət göstərən, həmçinin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin və Liderlik Məktəbinin gənc sülh elçilərinin sülh hərəkatının  inkişafında və sülh mədəniyyətinin  təbliği prosesində fəal iştirakı da uşaq və gənclərin iştirakçılığını təmin edən və bu sahədə formalaşan ən yaxşı təcrübələrdəndir. Bakının müxtəlif rayonlarındakı ümumtəhsil məktəbləri şagirdlərinin təmsil olunduğu Liderlik Məktəbini bu günədək mindən çox məzun bitirmiş, burada “Azərbaycan – yurdum mənim!” devizi ilə ölkəmizin zəngin tarixi, coğrafiyası, təbii sərvətləri, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı, turizmi və başqa sahələr üzrə bilgilər alınmış, vətənpərvərlik tərbiyəsi, yurdsevərlik hissi aşılanmış, habelə, insan hüquqları, o cümlədən uşaq hüquqları öyrədilmişdir.

Bu tədbirlər vasitəsilə insan hüquqları, o cümlədən sülh şəraitində təhlükəsiz yaşamaq hüququ təbliğ olunur, bu hüququn isə yalnız  sabitlik və dinc yanaşı yaşamaq şəraitində təmininin mümkünlüyü izah edilir. Müvəkkilin davamlı olaraq keçirdiyi hüquqi maarifləndirmə tədbirlərində ölkə vətəndaşlarının sülh mədəniyyəti təhsilinə yiyələnməsinə, mədəniyyətlərarası, dinlərarası dialoqun qurulmasına diqqət yönəldilir, milli və dini tolerantlığın hökm sürdüyü ölkəmizdə əhalinin, hər bir vətəndaşın sülh mədəniyyətinə yiyələnməsi istiqamətində böyük səylər göstərilir.

Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların gənc yaşlarından hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı, əldə olunmuş ideyaların tətbiqi aylıq çərçivəsində real icra olunur və təsdiqini tapır.

Aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərlə bağlı arayışlar hazırlanaraq Müvəkkilə təqdim olunmuş və onlar təhlil edilərək ümumiləşdirilmişdir. Hüquq-mühafizə orqanları, nazirliklər, komitələr tərəfindən aylıq çərçivəsində həyata keçirilən tədbirlər planı, demək olar ki, əhalinin bütün sosial qruplarını əhatə etmiş və fəal iştirakları ilə yadda qalmışdır.

Baş Prokurorluğun Təşkilat-analitik idarəsi tərəfindən keçirilən sülh və insan hüquqlarına həsr olunmuş seminarda  “Sülh dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır” mövzusunda çıxışlar olmuşdur. Bundan başqa, prokurorluğun bütün qurumları tərəfindən sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil edilmiş, o cümlədən KİV-də məqalələr dərc olunmuş, əhali ilə görüşlərdə bu barədə çıxışlar edilmiş, eyni zamanda həmin mövzular üzrə tədris məşğələlərində ətraflı müzakirələr aparılmışdır.

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tərtib olunmuş bütün tədris proqramlarına “İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində azadlıq hüququnun təmin olunması standartları”, “İnsanların sülh şəraitində yaşamaq hüququ”, “Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi. Yaşamaq hüququ”, “Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi (işgəncələrin qadağan olunması)”, “BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası, onun mahiyyəti, iştirakçı dövlətlərin öhdəlikləri”, “İnsan hüquq və azadlıqlarının qorunmasında ədliyyə orqanlarının funksiyaları” adlı mövzular daxil edilmişdir.

Daxili İşlər Nazirliyi tərəfindən peşə hazırlığı məşğələlərində şəxsi heyətə “Beynəlxalq Sülh Günü”nün yaranma tarixi və əhəmiyyəti izah edilmiş, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konsitusiya Qanunu, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Hər hansı bir formada tutulan və həbs olunan şəxslərin müdafiəsinin Əsas Prinsipləri” üzrə mövzuların öyrənilməsi təşkil olunmuş, bununla yanaşı “İctimai Şura”lar da cəlb edilməklə əhalinin hüquqi maarifləndirilməsi işinə diqqət artırılmışdır.

Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən tərbiyəvi iş və hüquq saatlarında dövlətimizin insan hüquqlarının və azadlıqlarının müdafiəsinə xüsusi əhəmiyyət verməsi şəxsi heyətə çatdırılmış, xüsusi təyinatlı təhsil müəssisələrində “Sülh və insan hüquqları”, “İnsan və inkişaf” və “Beynəlxalq humanitar hüquq” mövzusunda dərslər tədris olunmuş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində “Sülh və dözümlülük” adlı seminar keçirilmişdir. Nazirliyin mətbu orqanı olan “Azərbaycan ordusu” qəzetində “İnsan hüquq və azadlıqları”, “Sülh və insan hüquqları” mövzularında yazılar dərc edilmişdir.

Eyni zamanda, Müvəkkilin Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissələrə başçəkmələr və hərbi qulluqçularla aparılan maarifləndirmə işi müntəzəm qaydada davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin qurumlarında keçirilən tədbirlərdə ölkəmizdə insan hüquqları sahəsində aparılan islahatlar, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı insanların müdafiəsinin təmin olunmasnda nazirliyin fəaliyyəti və rolu mövzusunda müzakirələr aparılmış, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı insan hüquqlarının qorunmasının vacibliyi bildirilmişdir.

İqtisadiyyat Nazirliyi tərəfindən insan hüquqlarının tərkib hissəsi olan istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması məqsədilə İKT-nin imkanlarından istifadə olunmaqla, Ombudsmanın əməkdaşlarının iştirakı ilə istehlakçıların və sahibkarların məlumatlandırılması həyata keçirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti “Əlilliyi olan şəxslərin reabilitasiyası, abilitasiyası və inkişafı” mövzusunda seminar, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi “İşçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində işəgötürənlərin maarifləndirilməsi” mövzusunda dəyirmi masa keçirmiş, Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələrində yaşayan uşaqların əl işlərindən ibarət sərgi, Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən isə respublikanın ümumtəhsil məktəblərində məktəblilər və onların valideynləri üçün peşəyönümlü tədbirlər təşkil olunmuşdur.

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələri tərəfindən sülh və insan hüquqlarına dair müxtəlif  səpkili kütləvi maarifləndirmə tədbirləri, Azərbaycan Xalça Muzeyində “Mədəniyyətin sülhə töhfəsi” mövzusunda dəyirmi masa və muzeyin “Uşaq Muzeyi” şöbəsinin “Dünyaya sülh” adlı uşaq rəsm sərgisi keçirilmişdir. 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində,  habelə tibb müəssisələrində sülh və insan hüquqlarının təbliği məqsədilə KİV və səhiyyə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Sülh Günü” başlığı altında geniş tədbir keçirilmişdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycanda kommunikasiya hüququ və kommunikasiya hüququnun inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin rolu” mövzusunda keçirilmiş tədbirdə insan hüquqlarının qorunması zamanı qanunçuluq prinsipinin rəhbər tutulması ilə bağlı müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin yığcam məskunlaşdıqları qəsəbələrdə və yaşayış sahələrində yerli icra hakimiyyəti orqanlarının, təhsil müəssisələrinin, məcburi köçkün icmalarının iştirakı ilə sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil olunmuşdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  (AQUPDK) ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbliği mərkəzi: Azərbaycan ailəsi” mövzusunda konfrans, Bakı Slavyan Universiteti Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərlə Uşaq hüquqları sahəsində “Öyrənək və Öyrədək” mövzusunda maarifləndirmə tədbiri, habelə AQUPDK-nın Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən mövzu üzrə bir sıra tədbirlər keçirilmişdir. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən sülh və insan hüquqlarının maarifləndirilməsi məqsədilə dini icma sədrləri, din xadimləri, dindarlar, rayon ictimaiyyəti, təhsil işçiləri, gənclərin iştirakı da təmin edilməklə  “Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi”, “Sülh aylığı: multikultural cəmiyyətdə dini tolerantlığın önəmi”, “İslam sülh və həmrəylik dinidir”, “Sülh inkişafın əsas təməlidir”, “İslam sülh dinidir”, “İslam dinində sülhün mahiyyəti” və s. mövzularda tədbirlər keçirilmişdir.

Dövlət Statistika Komitəsi aparatının və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin əməkdaşlarının iştirakı ilə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük, xalqımızın milli-mənəvi dəyərləri barədə mühazirələr oxunmuş, “Beynəlxalq Sülh Günü”nün əhəmiyyəti vurğulanmış, mövzu ətrafında fikir mübadiləsi aparılmış və tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin struktur qurumlarında sülh və insan hüquqlarını təbliğ edən mövzularda tədbirlər təşkil edilmişdir. Bundan əlavə 2018-2019-cu tədris ilində DTX-nin Heydər Əliyev adına Akademiyasında sülh və insan hüquqlarını təbliğ edən mövzuların tədris edilməsi nəzərdə tutulmuş və bununla bağlı müvafiq tədbirlər görülməsi təmin edilmişdir.

Dövlət Miqrasiya Xidmətinin Xaçmaz regional miqrasiya idarəsi tərəfindən Quba rayonunda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasında miqrantların əmək və ailə birləşməsi hüquqlarının təmini” mövzusunda seminar keçirilmiş, Gəncə regional miqrasiya idarəsi tərəfindən Gəncədə “Dünyada sülhün və sabitliyin təmin edilməsinin beynəlxalq miqrasiya axınlarına təsiri” adlı tədbir təşkil olunmuş, DMX-nin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi tərəfindən “Qaçqınların və sığınacaq axtaranların əsas hüquqları və vəzifələri” mövzusunda görüş keçirilmişdir.

Milli Televiziya və Radio Şurası tərəfindən respublikada fəaliyyət göstərən bütün teleradio yayımçılarına əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinə dair tövsiyələrə uyğun olaraq maarifləndirmə tədbirlərinin təşkil edilməsi məqsədilə Şura əməkdaşları Sumqayıt şəhərində fəaliyyət göstərən Dünya televiziyasında olmuş və müvafiq tədbir təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bir sıra ictimai birliklər tərəfindən sülh və insan hüquqlarını təbliğ edən mövzularda müxtəlif tədbirlər keçirilmişdir.

Aylıq çərçivəsində nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi və bu prosesdə ictimai iştirakçılığın təmin edilməsi məqsədilə şəhər və rayon icra hakimiyyətlərinə edilmiş müraciətə əsasən regionlarda silsilə maarifləndirmə tədbirləri, inşa və rəsm müsabiqələri, sərgilər və idman yarışları təşkil olunmuşdur. 

Belə ki, “Sülh mədəniyyəti və insan hüquqları”, “Azərbaycan ədalətli sülhün tərəfdarıdır”, “Sülh və multikulturalizm”, “Tolerantlıq sülhün təməl prinsiplərindəndir”, “Ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti beynəlxalq sülhün təminatına istiqamətləndirilir”, “Beynəlxalq aləmdə sülhün qorunmasında Azərbaycanın yeri və rolu” və s. mövzularda keçirilmiş maarifləndirmə tədbirləri barədə məlumatlar yerli KİV-də işıqlandırılmışdır.

Etnik azlıqların sıx məskunlaşdığı bəzi rayonların icra hakimiyyəti orqanlarından aldığımız məlumatlara əsasən qeyd etmək olar ki, Ombudsmanın tövsiyəsinə uyğun olaraq onların nümayəndələri ilə də görüşlər təşkil olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Keçirilən bu tədbirlər ölkəmizdə formalaşmış sülh mədəniyyətini, sülh istəyini təcəssüm etdirən çıxışlar tolerant respublikamızın mövqeyini bir daha nümayiş etdirir.

Aylıq çərçivəsində Milli Fəaliyyət Proqramının həyata keçirilməsinə məsul olan dövlət qurumları, şəhər və rayon icra hakimiyyətləri tərəfindən müxtəlif mövzularda çoxsaylı tədbirlər keçirilmiş, onlarla sərgilər və inşa müsabiqələri təşkil edilmişdir ki, bu da minlərlə insanı əhatə etmişdir. Hər bir qurumun öz səlahiyyətləri çərçivəsində müxtəlif tədbirlər həyata keçirməsi bir daha ənənə olaraq hər il belə Aylığın keçirilməsinin mühüm əhəmiyyət daşıdığını və sülhün bərqərar olması sahəsində vahid bir hərəkatın formalaşdığını sübut edir.

Ombudsmanın fəaliyyəti dövründə sülh hərəkatının formalaşdırılması, sülh mədəniyyətinin təbliği, bu sahədə əməkdaşlıq, xüsusilə də gənclər arasında sülh təhsili və maarifləndirmə istiqamətlərinə xüsusi diqqət yetirilmiş, o cümlədən beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr daha da genişləndirilmişdir.

Ölkə Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 2.1.3-cü bəndində gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğ edilməsi kimi müvafiq tədbirin də həyata keçirilməsinin bir vəzifə olaraq qarşıya qoyulması bu istiqamətdə görülən işlərin səmərəliliyini və əhatə dairəsini daha da artıracaqdır.

Bu günədək Ombudsman fəaliyyəti dövründə 125 bəyanatla çıxış etmiş və onlar nüfuzlu beynəlxalq təşkilatlara ünvanlamışdır. Həmin bəyanatlarda Azərbaycan dövlətinin sülhsevər siyasət yürütdüyü, respublikamızın Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etdiyi, lakin  təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd  qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam etdiyi bildirilmişdir.

Yeri gəlmişkən, Müvəkkil BMT-nin İnsan Hüquqları Şurasının  25-ci sessiyasının münaqişə şəraitində uşaq hüquqları mövzusuna həsr edilmiş iclasında bəyanatla çıxış edərək bildirmişdir ki, müharibə vəziyyətində uşaqların hüquqlarının pozulması BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, “Müharibə qurbanlarının müdafiəsinə” dair Cenevrə Konvensiyasına və digər beynəlxalq hüquqi sənədlərə, habelə BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının münaqişənin sülh yolu ilə həllinə dair  müvafiq qətnamələrinə riayət olunmamasının nəticəsidir.

Bu gün torpaqlarımızı işğaldan azad etməyə qadir güclü ordumuz və inkişaf etməkdə olan müdafiə sənayemiz mövcuddur. Lakin buna baxmayaraq, Azərbaycan dövləti işğal altındakı torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olduğunu dəfələrlə sübuta yetirmiş, sülhməramlı siyasətə sadiq qalmışdır. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.

2016-cı ilin aprel döyüşlərində əldə olunan Qələbənin ardınca, Azərbaycan Ordusunun bu ilin may ayında Şərur rayonu istiqamətində apardığı uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisinin və Şərur rayonunun Günnüt kəndinin işğaldan azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi də  Ordumuzun gücünün, qüdrətinin bariz göstəricisidir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə (26 iyun), habelə Bakının işğaldan azad edilməsinin 100 illiyi (15 sentyabr) ilə əlaqədar Azadlıq meydanında keçirilən əzəmətli təntənəli hərbi paradlar da ölkəmizin hərbi-sənaye kompleksinin inkişafını və ordumuzun nə qədər güclü olduğunu bir daha sübut edir.

2018-ci ilin 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzəryanı ölkələrin inkişaf və əməkdaşlıq perspektivlərini müəyyənləşdirən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın 22 il sürən sistemli danışıqlardan sonra imzalanması da mühüm bir tarixi hadisədir.

Müasir dövrdə bütün dünyada enerji sülhün və sabitliyin lokomotivi kimi qəbul edilir. Bu il mayın 29-da Səngəçal terminalında açılış mərasimi keçirilən Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində təntənəli mərasimi keçirilən TANAP - Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi enerji təhlükəsizliyi məsələlərinin həlli baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu layihələr sülhsevər ölkələrin əməkdaşlığı üçün geniş imkanlar yaradır.

Qeyd etmək lazımdır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində 16-cı məqsəd də məhz dayanıqlı inkişaf üçün sülhsevər və açıq cəmiyyəti təşviq etmək, hamı üçün ədaləti təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və geniş iştiraka əsaslanan təsisatlar yaratmaqdan ibarətdir.

Sülh Aylığı çərçivəsində keçirilən tədbirlər zamanı bir daha sülhün cəmiyyətimiz üçün önəmi vurğulanmış, sülh şəraitinin yaradılması və hər bir vətəndaşımızın əmin-amanlığının təmin olunması məqsədilə görülən işlər haqqında ictimaiyyətə geniş məlumat verilmişdir.

Bu aylığın keçirilməsi onu göstərir ki, Müvəkkilin təşəbbüsü ilə ölkəmizdə kütləvilik və ictimai iştirakçılıq təmin edilməklə davamlı olaraq həyata keçirilən bütün tədbirlər əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, hüquqların bərpası və qarşısının alınması istiqamətində müvafiq dövlət qurumları, QHT və KİV-lər, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, o cümlədən sülh və insan hüquqları mədəniyyətinin formalaşdırılması müsbət təcrübə kimi hər il yeniliklərin və uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verir, bu sahədə Azərbaycan təcrübəsini daha da inkişaf etdirir. 

 

 

Faiq Ağayev

 

Ombudsman Aparatının

 Hüquqi maarifləndirmə, elmi-analitik,

informasiya və beynəlxalq əlaqələr

şöbəsinin müdiri