“Vətənpərvərlik dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitədir” mövzusunda onlayn tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin, Gəncə Gənclər Evinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı və gənclərin fəal iştirakı ilə “Vətənpərvərlik dini radikalizm və ekstremizmə qarşı mübarizədə ən effektiv vasitədir” mövzusunda onlayn tədbir keçirilib.

Tədbir iştirakçılarını Müvəkkil Səbinə Əliyevanın adından salamlayan Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyini qeyd edib. O bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Vurğulanıb ki, ölkəmizdə dövlət-din münasibətləri, dinlərarası əlaqələr sağlam zəmin üzərində qurulub. “Bu gün dünyanın bir çox ölkəsində dini zəmində zorakılığın, münaqişələrin şahidi olsaq da, Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi seçilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, bütün dinlərin, etnik qrupların nümayəndələri bir ailə kimi sülh, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar”,-deyə qeyd olunub.

Tədbirdə çıxış edənlər ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, tolerantlıq mühiti, eləcə də dini radikalizm və ekstremizmə qarşı mübarizədə əldə olunmuş nailiyyətlər barədə məlumat veriblər.

Tədbir interaktiv müzakirə ilə davam edib.