Ombudsmanın Gəncə Regional Mərkəzi “Uşaq Hüquqları Aylığı” çərçivəsində onlayn tədbir keçirib

Ombudsman tərəfindən respublikamızda elan edilmiş 20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Aylığı çərçivəsində Ombudsmanın Gəncə Regional Mərkəzi və Gəncə Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda onlayn tədbir keçirilib.

Tədbir iştirakçılarını Ombudsman Səbinə Əliyevanın adından salamlayan və Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qələbəsi münasibəti ilə təbrik edən Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili standartlar barədə ətraflı məlumat verib.

Müzakirələr zamanı xüsusilə vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Gəncə şəhərinə raket hücumları nəticəsində mülki evlərə, tarixi-mədəni abidələrinə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə ciddi ziyan dəymiş, şəhər sakinləri arasında uşaqlar da daxil olmaqla çoxsaylı  ölənlər və yaralananlar olmuşdur. Qeyd edilən hücumlar zamanı zərərçəkmiş uşaqların və onların  yaxınlarının psixioloji sağlamlığına da ağır zərbə dəyib, o cümlədən dörd nəfər uşaq hər iki valideynini itirib. Bildirilib ki, bu fakt insan hüquqlarına dair beynəlxalq sənədlərin, beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də “Uşaq hüquqları” haqqında BMT Konvensiyası ilə nəzərdə tutulmuş uşaqların yaşamaq və sağlam inkişaf etmək hüquqlarının kobud pozuntusu kimi qiymətləndirilməlidir.

Ermənistan tərəfindən yol verilən uşaq hüquq pozuntularına reaksiya verilməsi tələbi ilə bağlı Ombudsman Səbinə Əliyevanın UNICEF də daxil olmaqla dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanladığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.  Səbuhi Abbasov Ombudsman tərəfindən faktaraşdırıcı missiyaların həyata keçirildiyini və hesabatların hazırlanaraq beynəlxalq ictimaiyyətə göndərildiyini qeyd edib.

Tədbirdə çıxış edən Gəncə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri uşaq hüquqları ilə bağlı məlumatlar verərək biliklərini nümayiş etdiriblər.

Sonda Gəncə Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Sevinc Ələkbərova uşaq hüquqlarının təmini baxımından hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayaraq, tədbirin təşkilinə görə təşəkkürünü bildirib.