“Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda videokonfrans keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzi tərəfindən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birlikdə Qəbələ Rayon İcra Hakimiyyəti, Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsinin və digər müəssisə, idarə, təşkilatların əməkdaşlarının, həmçinin gənclərin iştirakı ilə “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda videokonfrans keçirilib.

Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov videokonfransda çıxış edərək, fiziki, psixi, iqtisadi, cinsi zorakılıqla müşayiət olunan məişət zorakılığının ölkəmizdə də problem olaraq qaldığını, Ombudsmanın bu məsələni diqqət mərkəzində saxladığını bildirib.

Məişət zorakılığının qarşısının alınması sahəsində ölkəmizdə görülən tədbirlər, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın məqsədi, istiqamətləri və əsas prinsipləri iştirakçıların diqqətinə çatdırılıb.

Hüquqi maarifləndirmənin qabaqlayıcı tədbir olaraq məişət zorakılığının qarşısının alınması, onun mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsində xüsusi rol oynadığı qeyd olunub.

Sonra iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşüblər.