Ombudsman “Qaliblər düşərgəsi”ndə şəhid övladları ilə görüşüb

13 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün Şüvəlanda A.S. Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika İnternat Tipli Gimnaziyada fəaliyyətə başlayan 14 günlük “Qaliblər düşərgəsi”ni ziyarət edib.

“For Azerbaijan”Xeyriyyə Təşkilatının təşəbbüsü, Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı və bir sıra yerli qurumların birgə dəstəyi ilə təşkil olunmuş 13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş bu düşərgənin məqsədi şəhid övladlarının sağlam və intellektual inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı etməkdir. 

Düşərgədə olan zaman Müvəkkil uşaqların qidalanmasının, sağlamlıqlarının təmini və asudə vaxtlarının təşkili ilə maraqlanıb.

Ombudsman düşərgədə iştirak edən şəhid övladları iləgörüşərək onlarla xoş bir gün keçirib. Səbinə Əliyeva  uşaqların istək və arzuları ilə maraqlanıb, ehtiyaclarını öyrənib, habelə onlara problemlərinin həlli üçün Ombudsmana müraciət etmək hüquqları barədə məlumat verib.

Sonda Müvəkkil tərəfindən düşərgədə olan hər bir uşağa “Uşaq hüquqları haqqında Konvensiya”da daxil olmaqla maarifləndirici vəsaitlər, həmçinin müxtəlif hədiyyələr təqdim edilib.