Şamaxı rayonunda İnformasiya əldə etmək hüququna həsr edilmiş növbəti maarifləndirmə tədbiri keçirilib

Şamaxı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı tərəfindən İnformasiya əldə etmək hüququna həsr edilmiş növbəti maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Təhsil Şöbəsinin,Regional Ədliyyə İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin və informasiya sahibi olan digər dövlət orqanlarının və yerli özünüidarə orqanlarınınnümayəndələri iştirak ediblər.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri L.Zeynalova, İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri A.Həmidova və Aparatın digər əməkdaşları çıxış ediblər.

Ombudsman Aparatının əməkdaşları tədbir iştirakçılarına informasiya əldə etmək hüququnun təmin olunması üzrə mövcud beynəlxalq və milli qanunvericilik aktları, Müvəkkil tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, bu istiqamətdə aparılan monitorinq və təhlillər barədə geniş məlumat veriblər.

Daha sonra “İnformasiya əldə etmək hüququ” haqqında təqdimat tədbir iştirakçılarının diqqətinə çatdırılıb və onların sualları cavablandırılıb.