Ombudsmanın regional mərkəzləri narkomaniya ilə mübarizəyə dair silsilə tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təsdiq etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə istiqamətində maarifləndirmə tədbirlərinin keçirilməsinə dair tədbirlər planı” əsasında Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə tədbirlər keçirilib. Həmin tədbirlərin təşkilində əsas məqsəd cəmiyyət arasında hazırda aktual olan bu problemlə bağlı maarifləndirmənin genişləndirilməsidir.

Ombudsmanın Gəncə Regional Mərkəzi Qazax, Yevlax, Tovuz, Gəncə, Samux rayonlarında yerləşən idarə və müəssisələrlə birgə tələbə və gənclərin iştirakı ilə “Narkomaniya bəşəriyyət üçün təhlükədir”, “Narkomaniya bəlasına yox deyək!”,“Narkomaniya məhv edir”, “Narkomaniya və digər zərərli vərdişlərə yox deyək!”  mövzularında maarifləndirici videokonfranslar keçirib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Astara, Cəlilabad, Lerik, Biləsuvar rayonlarının mədəniyyət və təhsil müəssisələri ilə birgə “Narkomaniya və narkobiznes ilə mübarizə hər bir dövlətin, hər bir xalqın fiziki və şüuri sağlamlığı uğrunda mübarizədir”, “Narkomaniya və narkobiznes ilə birgə mübarizə aparaq”, “Narkomaniyaya qarşı mübarizə hər bir vətəndaşın mənəvi borcudur”, “Narkomanlıq bəşəriyyəti narahat edən problemlərdən biridir” mövzularında maarifləndirici videokonfrans və tədbirlər təşkil edib.

Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən Şəki, Oğuz, Qəbələ, Mingəçevir şəhər və rayonlarında fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları, habelə gənclərin iştirakı ilə “Gənclərimizi narkomaniyadan qoruyaq”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzularında videokonfranslar keçirilib.

Ombudsmanın Quba Regional Mərkəzi isə Quba və Siyəzən rayonlarının idarə və müəssisələri ilə birgə  "Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə", "Zərərli vərdişlərdən uzaq duraq", "Narkomaniya əsrmizin bəlasıdır", “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzularında maaarifləndirici tədbirlər keçirib.

Tədbirlərdə qeyd olunub ki, son dövrlər ölkəmizdə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı narahatlıq doğuran xəbərlərin artması gənclər arasında bu mövzuda geniş maarifləndirmə tədbirlərinin aparılmasını zəruri edir. Vurğulanıb ki, Ombudsman təsisatı da narkomaniya ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində zəruri addımlar atır. İştirakçılara ölkəmizdə bu sahədə qəbul edilmiş normativ-hüquqi aktlar, həyata keçirilən mübarizə tədbirləri və bu zərərli vərdişin səbəb olduğu mənfi nəticələr barədə geniş məlumat verilib.