Ombudsman Türkiyə Respublikasının Ali Radio və Televiziya Şurasının sədrini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ali Radio və Televiziya Şurasının (RTÜK) sədri Əbubəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı da iştirak edib.

Ombudsman Azərbaycan və Türkiyə arasında sıx dostluq və qardaşlıq münasibətləri barədə danışıb,qardaş ölkənin Vətən müharibəsi zamanı göstərdiyi mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. S.Əliyeva qonaqları Azərbaycan Ombudsmanının mandatı, o cümlədən informasiya əldə etmək hüququnun təmini ilə bağlı səlahiyyətləri barədə məlumatlandırıb.

Öz növbəsində Ə.Şahin görüşün təşkilinə görə Ombudsmana təşəkkürünü bildirib, təmsil etdiyi qurumun səlahiyyətləri və informasiya hüququnun təmini sahəsində iş təcrübəsi barədə geniş məlumat verib.

Qonaq Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini yaxından izlədiklərini, birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüş zamanı tərəflər arasında media sahəsi, informasiya əldə etmək hüququnun təmini, jurnalistlərin insan hüquqları sahəsində maarifləndirilməsi habelə digər gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb.