Azərbaycan nümayəndə heyəti məişət zorakılığı ilə bağlı Tvinninq layihəsi çərçivəsində Avstriyaya səfər edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Avropa İttifaqının, Litva və Avstriyanın müvafiq qurumlarının birgə həyata keçirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyini və onlara dəstəyi təmin etmək üçün dövlət orqanlarının və yerli səviyyəli istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Avstriya Respublikasına tədris səfəri təşkil olunub. Səfərin məqsədi məişət zorakılığı və gender əsaslı zorakılıq sahəsində qurumlararası əməkdaşlıq üzrə təcrübə mübadiləsinin aparılması olub.

Tədris səfərində Azərbaycan nümayəndə heyətinin tərkibində Ombudsman Aparatını Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva təmsil edib. İnteraktiv müzakirələr zamanı Azərbaycan Ombudsmanının bu sahədəki mövcud təcrübəsi paylaşılıb.

Səfər çərçivəsində Ludviq Boltzmann adına Fundamental İnsan Hüquqları İnstitutunda, “NINLIL” Əlilliyi olan qadınların səlahiyyətləndirilməsi və konsultasiyası təşkilatında, Vyana Qadın Sığınacaq Mərkəzində, Məişət Zorakılığına qarşı Müdaxilə Mərkəzində, Avstriyanın Daxili İşlər Nazirliyində, Uşaq və Gənclər Ombudsmanının Ofisində görüşlər təşkil edilib.

Görüşlərdə qeyd olunan qurumların həyata keçirdiyi fəaliyyət barədə müzakirə aparılıb, habelə məişət zorakılığı sahəsində təcrübə mübadiləsi həyata keçirilib.