Ombudsman ölkəmizə yeni təyin olunmuş UNICEF nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Aleks Haykensi qəbul edib.

Tanışlıq məqsədi daşıyan görüş zamanı Ombudsman Aparatı və UNICEF-in ölkə nümayəndəliyi arasında qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.

Ombudsman UNICEF-in ölkəmizdəki yeni nümayəndəsinə fəaliyyətində uğurlar arzulayıb və sıx əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Görüşdə UNICEF-in 2021-2025- ci illər üzrə Ölkə Proqramının icrasında Ombudsmanın rolu barədə danışılıb. Ombudsman çıxışı zamanı təsisatın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi sahəsində müraciət mexanizminin tətbiqi və Milli Preventiv Qrupun fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barədə qonağa geniş məlumat verib. Ombudsmanın 916 Çağrı Mərkəzi tərəfindən uşaqlarla bağlı şikayətlərin qəbulunda xüsusi yanaşma tətbiq edildiyi, uşaq hüquq pozuntuları ilə bağlı müraciətlərdə qeydə alınmış məlumatların təhlili əsasında müvafiq təkliflərin də hazırlandığı diqqətə çatdırılıb.

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm mandatına uyğun olaraq uşaq müəssisələrinə keçirilən başçəkmələr zamanı maarifləndirici söhbətlər aparıldığı, müraciət mexanizmləri barədə ətraflı məlumat verildiyi vurğulanıb. S.Əliyeva ötən il Bakı, Gəncə, Quba, Lənkəran şəhərlərində yerləşən  müəssisələrə keçirilmiş başçəkmələr çərçivəsində 123 uşaq arasında uşaq hüquqlarına dair biliklərin, Ombudsman Aparatı və Çağrı Mərkəzi haqqında ümumi məlumatlılıq səviyyəsinin öyrənilməsi, habelə uşaq iştirakçılığının artırılması məqsədilə sorğular keçirildiyini də nəzərə çatdırıb.

Bununla yanaşı, UNICEF nümayəndəsi uşaq hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə təsisatda ayrıca struktur bölmənin yaradılması və həmin sektorun fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb.

Görüş zamanı müzakirə mövzularından biri də ölkədə yuvenal ədliyyənin inkişaf etdirilməsi və bu sahədə hesabatın hazırlanması olub.

Yekunda UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri A.Haykens Ombudsmana təşəkkürünü bildirib, fəaliyyəti dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə səylərin artırılmasında maraqlı olduğunu qeyd edib.