“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Müvəkkilin regional mərkəzləri tərəfindən maarifləndirici tədbirlər həyata keçirilib.

Gəncə Regional Mərkəzi tərəfindən Tovuz, Samux və Göygöl rayonlarının bir sıra şəhər və kənd məktəblərinin müəllimləri və şagirdlərinin, həmçinin Tovuz rayon Gənclər Evinin nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib.

Şəki Regional Mərkəzi tərəfindən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə yerli icra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları, psixoloqlar, uşaq müəssisələrinin rəhbərləri, təhsilverənlər və uşaqlarla işləyən digər şəxslər üçün maarifləndirici tədbirlər təşkil olunub. Bununla yanaşı, Şəki Şəhər Təhsil Şöbəsi ilə birgə Şəki şəhərində yerləşən 60 şəhər və kənd ümumtəhsil məktəbi əhatə olunmaqla uşaqlar və müəllimlərin iştirakı ilə təlimlər keçirilib.

Quba Regional Mərkəzi tərəfindən Siyəzən Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbində və Xüsusi Peşə Məktəbində, eləcə də Siyəzən və Quba Rayon Təhsil Şöbəsi ilə birgə həmin şöbələrin əməkdaşları, həmçinin bir sıra şəhər və kənd məktəblərinin müəllim və şagirdlərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunub.

Cəlilabad Regional Mərkəzi tərəfindən Lənkəran Şəhər, Cəlilabad və Biləsuvar Rayon Təhsil Şöbələri ilə birgə 38 şəhər və kənd ümumtəhsil məktəbinin müəllim, psixoloq, uşaq birliyi rəhbərləri və şagirdlərin iştirakı ilə tədbirlər keçirilib.

Regional mərkəzlərin rəhbərləri keçirilən tədbirlərdə iştirakçılara mövcud beynəlxalq və milli normativ hüquqi aktlar ilə müəyyən olunmuş uşaq hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanizmləri, uşaqların ayrı-seçkilik, zorakılıq, istismar, sui-istifadə və laqeyd rəftar hallarından müdafiəsi, həmçinin Ombudsman təsisatının uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, aylıq çərçivəsində Ombudsman Aparatı tərəfindən Bakı şəhərinin rayonları və regionlarda yerləşən 180-dən artıq ümumtəhsil müəssisəsini əhatə etməklə maarifləndirmə tədbirləri həyata keçirilib.