Ombudsman Aparatı növbəti maarifləndirmə tədbirini Lənkəran şəhərində keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə  “Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” regional proqramı üzrə regionlarda dövlət qurumları və vətəndaş cəmiyyəti institutları üçün təlimlər davam etdirilir. “Dövlət qurumlarında yaxşı idarəçiliyin təbliğində Ombudsmanın rolu və bu istiqamətdə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi” mövzusunda növbəti təlim Lənkəran şəhərində təşkil olunub.

Təlimdə Ombudsmanın Cəlilabad Regional Mərkəzi, aidiyyəti dövlət qurumlarının yerli nümayəndəlikləri və vətəndaş cəmiyyəti institutları təmsil olunub. Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli, Aparatın Mülki və siyasi hüquqların müdafiəsi sektorunun müdiri Rəşad Novruzov və İnformasiya əldə etmək hüququnun təmini sektorunun müdiri Aynur Həmidova təlimçi-ekspert qismində yaxşı idarəçiliyin xüsusiyyətləri və əhəmiyyəti, bununla bağlı beynəlxalq norma və prinsiplər, mübahisələrin alternativ həlli yolları, mediasiyanın tətbiqi, Ombudsmanın mandatı, Ombudsmana ünvanlanan şikayət və müraciətlərə baxılması qaydası, biznes və insan hüquqları və informasiya əldə etmək hüququnun təmini mövzularında təqdimatlar ediblər.

İnteraktiv şəkildə keçən təlimdə dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında  əlaqələrin gücləndirilməsinin yaxşı idarəçiliyə müsbət təsiri və Ombudsmanın bu sahədəki rolunun əhəmiyyəti vurğulanıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.