Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən məişət zorakılığına dair maarifləndirici tədbir keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzi və Naftalan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda onlayn hüquqi maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naftalan rayon Gənclər və İdman idarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Naftalan rayon şöbəsinin nümayəndələri və fəal gənclər iştirak ediblər.

İştirakçılara ölkəmizdə məişət zorakılığı ilə mübarizəyə dair qəbul edilmiş milli fəaliyyət planları və müvafiq qanunvericilik aktı barəsində geniş məlumat verilib. Ombudsman Aparatının da məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirdiyi iştirakçıların nəzərinə çatdırılıb.

İştirakçılar da mövzu üzrə çıxışlar edərək, məişət zorakılığının qarşısının alınması, mövcud mənfi stereotiplərin dəyişdirilməsi istiqamətində maarifləndirmə tədbirlərinin artırılmasının əhəmiyyətini qeyd ediblər.