Ombudsman Aparatının əməkdaşı beynəlxalq konfransda çıxış etmişdir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan, Əfqanıstan, Tacikistan, Özbəkistan, Türkiyə və İranın dövlət və hökumət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun, vətəndaş cəmiyyətinin nümayəndələri, bir çox beynəlxalq qurumların təmsilçiləri iştirak etmişlər.

Konfransda “Erkən nikahlarının qarşısının alınmasında fəaliyyətlərin gücləndirilməsi” mövzusuna həsr olunmuş birinci paneldə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Faiq Ağayev çıxış etmişdir.

O, Ümummilli liderimiz Heydər Əliyevin siyasətini bu gün uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının,   daha sonra bu mühüm sənədin  məntiqi davamı olaraq, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyini, Ombudsmanın təşəbbüsü əsasında bu sənədlərin icrası ilə bağlı ölkənin hər bir şəhər və rayonunda əhalinin müxtəlif qruplarının iştirakı ilə ictimai dinləmələr təşkil olunduğunu, həmin tədbirlərdə də erkən nikahın yolverilməzliyi, bu məsələlərə ictimai nəzarətin vacibliyi, ailə planlaşdırılması məsələlərinin daim diqqətdə saxlanıldığını vurğulamışdır.

F.Ağayev Müvəkkilin təşəbbüsü ilə 18 iyun  Milli İnsan Hüquqları günü münasibətilə hər il mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığının”, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi günü ilə bağlı 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq hüquqları aylığının” keçirildiyini, bu aylıqlar çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən erkən nikah məsələlərinə, ailə planlaşdırılması və reproduktiv sağlamlıq məsələlərinə xüsusi diqqət yetirildiyini bildirmişdir.

Eyni zamanda, Ombudsman təsisatının Təhsil Nazirliyi ilə əməkdaşlıqda paytaxtda və regionlarda yerləşən orta ümumtəhsil məktəblərində həyata keçirdiyi uşaq hüquqları üzrə pilləli tədris proqramında şagirdlər üçün treninqlərdə erkən nikah hallarının qarşısının alınması  və bu problemin fəsadları ilə bağlı müzakirələrin təşkil edildiyi, maarifləndirmə kampaniyasında uşaqların həmyaşıddan-həmyaşıda üsulu ilə 60.000-dən çox uşağa bu məlumatların aşılandığı qeyd edilmişdir.

 

 
 
 

Ombudsmanın nümayəndəsi ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək, dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında respublikamızda erkən nikah halları üzrə monitorinq sisteminin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti yanında Erkən nikah hallarının araşdırılması üzrə işçi qrupunun yaradılmasını, həmçinin həmin qrupa aidiyyatı dövlət qurumlarının və QHT-lərin nümayəndələrinin cəlb edilməsini təklif etmişdir.

Həmçinin, Aparatın əməkdaşı erkən nikah halı baş verdikdə ailə quran qızın təhsildən kənarda qaldığını, erkən ailə quran tərəflərin tibbi müayinədən keçmədiyini, bunun da bir çox hallarda onların və dünyaya gələcək körpənin sağlamlığını təhlükə altında qoyduğunu vurğulayaraq, bu problemlərin həlli istiqamətində bir sıra təkliflər vermişdir. Belə ki, Ailə Məcəlləsindən nikah yaşının üzrlü səbəblərdən müvafiq icra hakimiyyətinin razılığı ilə bir yaş aşağı endirilməsi ilə bağlı müddəanın çıxarılması, Cinayət Məcəlləsinə əsasən cinsi azadlıq yaşının 18 yaş müəyyən edilməsi, həmin maddə üzrə qeydin Məcəllədən çıxarılması, hər bir şəhər və rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən və yerli səviyyədə uşaq hüquqlarının müdafiəsinə məsul olan qurum kimi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların lazımi insan və texniki resurslarla təchiz olunması, komissiyaların işinin, strukturunun, səlahiyyətlərinin yenidən və əsaslı  şəkildə qurulması, bununla əlaqədar müvafiq əsasnaməyə zəruri dəyişikliklərin edilməsi, rəsmi statistik göstəricilərin daha aydın müəyyən olunması təklif edilmişdir.  

Fotoqalereya

Azərbaycan Respublikasının ilk Ombudsmanı Elmira Süleymanova