Ombudsman Səbinə Əliyeva Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbirdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 İyun – Ümumdünya Qaçqınlar Günü ilə əlaqədar təşkil edilmiş fotosərgidə iştirak edib.

Ombudsman tədbirin açılışında çıxış edərək, dünyada müxtəlif səbəblərdən yaşadığı yerdən didərgin düşmüş insanların sayında son zamanlar böyük bir artım müşahidə olunmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. Cari ildə həmin insanların sayının 100 milyonu ötdüyünü bildirən S.Əliyeva bu vəziyyətin qarşısının alınması məqsədilə dünya ictimaiyyəti, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən qəti mövqe sərgilənməsinin, dayanıqlı həll yolu seçilməsinin və yerdəyişməyə məcbur edilmiş insanlara zəruri dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Hər il Ümumdünya Qaçqınlar Günü ilə bağlı edilən çağırışların bu əhali qrupunun hüquqlarına qlobal səviyyədə diqqət ayrılmasına və insan hüquqlarının təmininə yönəldiyini qeyd edən Ombudsman 2022-ci ilin çağırışını xatırladaraq, qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəraitdə yaşamaq hüququnun təmin edilməsinin əhəmiyyətinə toxunub.

S.Əliyeva Ermənistanın 30 ilə yaxın davam etmiş işğal siyasətinə son qoyulması nəticəsində bir milyonadək keçmiş azərbaycanlı məcburi köçkünün öz doğma torpaqlarına qayıtmaq imkanı əldə etdiklərini qeyd edib. Eyni zamanda, Ombudsman azad edilmiş ərazilərimizə qayıdış prosesini ləngidən kütləvi dağıntılar, ekosistemə ciddi zərər vurulması, ərazilərin minalardan təmizlənməsi kimi faktları diqqətə çatdıraraq, həmin insanların təhlükəsiz qayıdışını təmin etmək üçün birgə səylərin səfərbər olunmasına çağırış edib.

Çıxışının yekununda Ombudsman Səbinə Əliyeva hər kəsi qaçqın və məcburi köçkünlərlə birlik nümayiş etdirməyə çağırıb.

Tədbirdə həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroso, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komissiyasının sədr müavini Fuad Hüseynov da çıxış edərək, bu əlamətdar günün əhəmiyyəti barədə danışıblar.

Daha sonra Əfqanıstandan olan qaçqın fotoqraf Əhməd Cavid Əkbərzadənin fotolarına baxış keçirilib, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən hazırlanmış videoçarxlar nümayiş etdirilib.