Ombudsmanın nümayəndəsi gender bərabərliyinə dair konfransda çıxış edib

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə “Gender bərabərliyi naminə: gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilən “Antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi üzrə işin təşkili” mövzusunda layihənin nəticələrinə həsr olunmuş konfrans keçirilib.

Layihə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıqda həyata keçirilib. Layihənin məqsədi ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, pediatrlar, ginekoloq tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı ataların da iştirakının təşviq edilməsi və onların geniş maarifləndirmə işinə cəlb edilməsindən ibarət olub. Bununla əlaqədar olaraq, layihə çərçivəsində həyata keçirilmiş işlər, nəticələrin davamlılığının təmin edilməsi və növbəti hədəflərin müəyyənləşdirilməsi müzakirə olunub.

Konfransda iştirak edən Ombudsman Aparatının nümayəndəsi Aytən Tarverdiyeva təsisatın gender bərabərliyi sahəsində fəaliyyətindən danışaraq, “İnsan Hüquqları Aylığı”, “Sülh Aylığı”, “Uşaq Hüquqları Aylığı”, həmçinin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Ombudsman Aparatı tərəfindən Bakıda və regionlarda geniş maarifləndirmə tədbirlərinin keçirildiyini qeyd edib. O, bu aylıqların əhalinin müxtəlif qrupları üçün maarifləndirmə işinin daha kütləvi şəkildə həyata keçirilməsinə, habelə insanların gender düşüncəsinin və gender mədəniyyətinin inkişaf etdirilməsinə imkan yaratdığını vurğulayıb.

Bununla yanaşı, əhalinin reproduktiv sağlamlığı və ailə planlanması ilə bağlı qanunun qəbulunun sürətləndirilməsinin Ombudsmanın illik məruzələrində tövsiyələr arasında yer aldığı da iştirakçıların diqqətinə çatdırılıb.