Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının növbəti iclası keçirilib

Azərbaycan Ombudsman təsisatının təşkilatçılığı ilə Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları Təsisatları Assosiasiyasının (TÜRKOMB) növbəti iclası keçirilib.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin iştirak etdiyi onlayn iclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva əvvəlcə iştirakçıları salamlayıb.

Azərbaycan Ombudsmanı Türk Dövlətlərinin ombudsman və milli insan hüquqları institutlarının rəhbərləri tərəfindən bu ilin may ayında Türkiyənin Bursa şəhərində imzalanan Anlaşma Memorandumuna və həmin ayda Azərbaycan Ombudsman təsisatının 20 illiyi münasibətilə Bakı şəhərində keçirilən beynəlxalq konfransın yekununda qəbul olunmuş Türk Dövlətləri Ombudsmanlarının Bakı Bəyannaməsinə istinad edərək, bu sənədlərin qurumlar arasında birliyin və əməkdaşlığın daha da güclənməsinə xidmət etdiyini vurğulayıb.

İclasda insan hüquqlarının səmərəli müdafiəsi sahəsində təcrübə mübadiləsi  məqsədilə Assosiasiya üzvləri arasında maarifləndirmə tədbirlərinin və təlim səfərlərinin təşkilinin əhəmiyyəti qeyd olunub. Bununla bağlı Azərbaycan Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyət diqqətə çatdırılıb.

Müzakirə zamanı S. Əliyeva Assosiasiyanın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb. İclasda Azərbaycan Ombudsmanının təşəbbüsü əsasında Assosiasiyanın fəaliyyət planının hazırlanması, həmçinin digər təşkilati məsələlərin həyata keçirilməsində təsisatın rolu xüsusi vurğulanıb.      

Yekunda iştirakçılar arasında iclasın gündəliyinə daxil olan məsələlər barədə fikir mübadiləsi aparılıb.