Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən 11 saylı cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən 28 iyul 2022-ci il tarixində əvvəlcədən xəbərdarlıq etmədən Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə plandankənar başçəkmə həyata keçirilib.

Başçəkmədə məqsəd internet saytlarında məhkum Əli Səmədovun sosial təminat və sağlamlıq hüquqlarının pozulması, bununla əlaqədar olaraq aclıq aksiyasına başlaması ilə bağlı yayılan məlumatların araşdırılması olub.

Başçəkmə zamanı hüquqlarının pozulması iddia edilən həmin məhkum fərdi qaydada qəbul edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 128-ci maddələri ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Ə.Səmədov ona təyin olunan II dərəcə əlilliyin sağlamlıq vəziyyətini düzgün əks etdirmədiyini bildirib, I dərəcə əlilliyin təyin edilməsində köməklik göstərilməsini xahiş edib və müraciəti yerində qəbul olunub.

Qeyd edilməlidir ki, 11 saylı cəzaçəkmə müəssisəsinə bu yaxınlarda keçirilmiş başçəkmələr zamanı da Ə. Səmədov qəbul edilib, habelə özü və ailə üzvləri tərəfindən müxtəlif vaxtlarda Ombudsmana ünvanlanmış müraciətlər, o cümlədən sağlamlıq hüququnun təmin edilməsinə dair ərizələr icraata götürülüb, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə və Penitensiar Xidmətinə sorğular göndərilməklə lazımi tədbirlər görülüb.