Beynəlxalq Jest Dilləri Günü ərəfəsində Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilib

Ombudsman Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun üzvləri tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə başçəkmə həyata keçirilib.

Beynəlxalq Jest Dilləri Günü ərəfəsində keçirilmiş başçəkmədə məqsəd uşaqların hüquqlarının təmini vəziyyəti, saxlanma şəraiti və rəftar məsələləri, o cümlədən əvvəlki başçəkmə zamanı müəyyən olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı təkliflərin icrası məsələlərinin yerində araşdırılmasından ibarət olub.

Başçəkmə zamanı müəssisənin bütün ərazisinə, o cümlədən yataqxanaya, mətbəxə, yeməkxanaya, tibb otaqlarına baxış keçirilib, müəssisənin əməkdaşları ilə söhbət aparılıb.

Yekunda Ombudsman Aparatının iştirakı ilə jest dilinə tərcümə edilmiş, BMT-nin “Uşaq Hüquqları Konvensiyası” əsasında hazırlanmış elektron kitab və Ombudsmanın 916 Çağrı Mərkəzi barədə məlumat verilib, həmçinin monitorinq zamanı aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.