Ombudsman Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Mini qəbul edib.

Qonağı salamlayan Ombudsman ölkələrimiz arasında iqtisadi, sosial və mədəniyyət sahəsindəki əlaqələrlə yanaşı, eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə mübadiləsinə əsaslanan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, Asiya Ombudsman Assosiasiyası çərçivəsində Çin Xalq Respublikasında fəaliyyət göstərən Ombudsman və insan hüquqları qurumları ilə əlaqələr yaradan Azərbaycan Ombudsmanı bu qurumlarla insan hüquqlarının müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə böyük önəm verir. 

Qarşılıqlı fikir mübadiləsinə və səmimi qəbula görə təşəkkürünü bildirən qonaq təsisatın fəaliyyətə başlamasının 20 illiyi münasibətilə Ombudsmanı təbrik edib. O, beynəlxalq əməkdaşlıq çərçivəsində Ombudsman təsisatları arasındakı mövcud əməkdaşlığın təqdirəlayiq olduğunu vurğulayıb.

Təbrikə görə qonağa təşəkkür edən S.Əliyeva Ombudsman təsisatının 20 illiyi münasibətilə təşkil olunan Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının Beynəlxalq Bakı Konfransında Çinin insan hüquqlarının müdafiəsi üzrə aidiyyəti qurumunun təqdimatının oldğunu və iştirakçılar tərəfindən maraqla qarşılandığını qeyd edib.

Sonda gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.