Ombudsmanın regional mərkəzləri tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbirlər təşkil edilib

Ombudsmanın Qərb, Şimal-Qərb, Şimal və Cənub regional mərkəzləri 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbirlər keçirib.

Digər dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin təmsil olunduğu tədbirlər zamanı ilk növbədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

Regional mərkəzlərin rəhbərləri çıxışlarında Ümumxalq Hüzn Gününün tarixi barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Qeyd olunub ki, baş verən hadisədən sonra Ümummili Lider Heydər Əliyev siyasi iradə nümayiş etdirərək günahkarların cəzalandırılmasını tələb edib və SSRİ rəhbərliyi tərəfindən törədilən bu cinayətlə bağlı sərt bəyanat verib. Eyni zamanda vurğulanıb ki, bu qanlı hadisəyə siyasi-hüquqi qiymətin verilməsi də məhz Ulu Öndərin adı ilə bağlıdır.

Çıxışlar zamanı Ombudsmanın ənənəvi olaraq, 20 Yanvar hadisələri ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanladığı diqqətə çatdırılıb.

Tədbirlərin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.