Ombudsmanların VI Bakı Beynəlxalq konfransı
2008–ci il iyunun 18-də ölkəmizdə qeyd edilən İnsan Hüquqları günü münasibətilə Müvəkkilin təşəbbüsü ilə mayın 19-dan iyunun 18-dək ölkədə İnsan hüquqları aylığı keçirilir. Həmin aylıq çərçivəsində insan hüquqları üzrə silsilə tədbirlər, dəyirmi masalar, seminarlar, monitorinqlər, baxışlar təşkil olunur. 18-19 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin YUNESKO-nun dəstəyi ilə keçirdiyi Ombudsmanların VI Bakı Beynəlxalq konfransı bu aylığın möhtəşəm yekun tədbiri olmuşdur.
“Qloballaşan dünyada insan hüquqları” mövzusunda beynəlxalq konfrans BMT-nin İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60 illiyinə və Milli İnsan Hüquqları gününə həsr edilmişdir.
Mötəbər toplantıda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının və Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının nümayəndələri, YUNESKO-nun Baş ofisinin təmsilçisi, bir sıra Avropa, Asiya, Afrika, həmçinin MDB ölkələrinin – Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Polşa, Macarıstan, Albaniya, Litva, Pakistan, Misir, Rusiya Federasiyası və subyektləri, habelə Ukrayna, Qazaxıstan, Özbəkistan və Gürcüstanın milli insan hüquqları təsisatlarının nümayəndələri iştirak etmişlər.
Beynəlxalq tədbirə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatları, dövlət qurumlarının və QHT-lərin, nüfuzlu beynəlxalq təşkilatların ofislərinin, habelə diplomatik korpusun ölkəmizdə fəaliyyət göstərən nümayəndələri və jurnalistlər də qatılmışlar.
Mötəbər tədbirin “Gülüstan” sarayında işə başlamışdır. Olkə Prezidentinin konfrans iştirakçılarına təbrik məktubu oxunmuşdur. Daha sonra Müvəkkil bu konfransda əsas məramın birgə səylər nəticəsində insan hüquqlarının daha effektiv müdafiəsini gerçəkləşdirməkdən ibarət olduğunu vurğulamışdır. Azərbaycanda insan hüquqlarının təmin edilməsi sahəsində irəliləyişi nəzərə çatdıran Ombudsman ölkə başçısının böyük səyləri ilə respublikamızın regionlarında sosial-iqtisadi inkişafın yüksəlməsi, yoxsulluğun azalması istiqamətində atılan addımların bu sahəyə müsbət təsir göstərdiyini bildirmişdir. O, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi istiqamətində görülən işlər, Müvəkkilin bu sahədə fəaliyyəti barədə məlumat vermişdir. Respublikamızın 200-dən artıq beynəlxalq konvensiyaya qoşulduğu, insan hüquqlarının dəstəklənməsinin Azərbaycanın demokratik inkişafının mühüm istiqamətlərindən olduğu vurğulanmışdır.
BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 60 illiyi ilə bağlı ölkəmizdə mühüm tədbirlər keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edən BMT-nin rezident əlaqələndiricisi Bruno Pueza “biz hamımız öz ölkələrimizdə insan hüquqlarının müdafiəsinə çalışmalıyıq” deyə bildirmiş, Azərbaycan ombudsman təsisatı ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu söyləmişdir.
YUNESKO-nun Baş ofisinin departament rəhbəri Sergey Lazarev Azərbaycan Ombudsman institutunun səmərəli fəaliyyətinə görə bütün dünyada tanınmasından və bu konfransda iştirakından qürur duyduğunu, təsisatın insan hüquqlarının müdafiəsi və təmini sahəsində mühüm nəticələr əldə etdiyini və gələcəkdə də əməkdaşlığın davam etdiriləcəyini qeyd etmişdir. O, insan hüquqları mədəniyyətinin təşəkkülünə və inkişafına kömək göstərilməsinin zəruriliyini vurğulamış, Azərbaycanda da bu sahədə irəliləyişin olduğunu diqqətə çatdırmışdır.
Gürcüstan Ombudsmanı S.Subari, Litva Ombudsmanı V. Pilipaviciene, Rusiya Federasiyası (RF) Ombudsmanının müşaviri Y.Mixeev, Ukrayna Ombudsmanının köməkçisi İ.Lavçenko, RF Moskva vilayətinin Ombudsmanı A.Jarov, RF Sverdlovsk vilayətinin Ombudsmanı T.Merzlyakova və başqa iştirakçılar beynəlxalq konfransın insan hüquqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində zəngin təcrübəsindən bəhrələnməyin səmərəsini qeyd etmişlər. Bu beynəlxalq konfransın ombudsmanların fəaliyyətinin daha da təkmilləşməsinə, onların potensial imkanlarının dövlət qurumları, QHT-lər, bütövlükdə vətəndaş cəmiyyətinin səyləri ilə birləşdirilməsinə kömək edəcəyi vurğulanmışdır.
Beynəlxalq konfrans öz işini üç sessiya üzrə davam etdirmişdir. İştirakçılar müvafiq sessiyalarda həmkarları ilə fikir, məlumat və təcrübə mübadiləsi aparmışlar.
Konfransın ikinci iş günü “Yaxt Klubda” davam etdirilmişdir. Səhiyyə Nazirliyi HİV/AİDS Mərkəzinin rəhbəri Həqiqət Qədirova “Azərbaycan Respublikasında HİV/AİDS üzrə qanunvericilik və həyata keçirilən tədbirlər”, Azərbaycan Psixi Sağlamlıq və HİV/AİDS Mərkəzinin direktoru Əsmər Hacıyevə “HİV xəstələrinin insan hüquqları və cəmiyyətdə onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması” , Azərbaycan Könüllülər İctimai Birliyini sədri Səbuhi Rzayev “HİV/AİDS problemlərinə dair preventiv tədbirlər kimi maarifləndirmə və stereotiplərin aradan qaldırılmasında gənclərin rolu” mövzularında məruzələr etmişlər.
Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə insan hüquqlarının səmərəli müdafiəsi məqsədi ilə ölkə Parlamenti və müvafiq qurumlarla, o cümlədən QHT-lərlə əməkdaşlığın inkişaf etdirilməsi, universal və regional beynəlxalq təşkilatlarla, həmçinin milli insan hüquqları təsisatları ilə birgə layihələrin həyata keçirilməsi, əhalinin zəif qruplarının hüquqlarının müdafiəsi, insan hüquqları təhsilinin inkişaf etdirilməsi, insan alveri, korrupsiya və digər problemlərin həlli məsələləri əks olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyev konfrans iştirakçılarını qəbul etmiş, ölkəmizdə insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə geniş məlumat vermişdir.
Konfransın yekun sessiyasında iştirakçılara Azərbaycan Ombudsmanının diskə köçürülmüş illik məruzələri, təsisatda hazırlanmış hüquqi nəşrlər, xatirə hədiyyələri paylanmışdır.
Artıq 60 ildir ki, bütün dünya dövlətləri 10 dekabr tarixini Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd edir. 10 dekabr 1948-ci il tarixdə BMT-nin Baş Məclisi tərəfindən insan hüquqları sahəsində təməl sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edilmişdir.
Müvəkkil BMT-nin ixtisaslaşmış qurumları – BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) və BMT-nin İctimai İnformasiya Departamentinin (UNDPİ) ölkəmizdəki nümayəndəlikləri ilə birgə Atatürk Mərkəzində Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 60-cı ildönümünə həsr olunmuş dəyirmi masada keçirmişdir. Tədbirə Milli Məclisin deputatları, nüfuzlu beynəlxalq qurumların, o cümlədən YUNİSEF, ATƏT, Avropa Şurasının, habelə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Ombudsmanın regional mərkəzlərinin əməkdaşları, həmçinin KİV təmsilçiləri qatılmışlar.
Qeyd edilməlidir ki, Polşa səfəri zamanı Polşa Respublikasının Prezidenti Lex Kaçinski tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində nailiyyətləri, Polşa və Azərbaycan arasında xoş münasibətlərin, dostluq əlaqələrinin yaranmasında xidmətlərinə görə Böyük Qızıl Xaç Ordeninin “Zabit” dərəcəsi ilə təltif olunmuş Müvəkkil, həmin mükafatı dəyirmi masada iştirak edən Polşa Respublikasının ölkəmizdəki səfiri Kşiştof Krayevski tərəfindən təntənəli surətdə təqdim olunmuşdur.
Müvəkkil Beynəlxalq İnsan Hüquqları günü münasibətilə iştirakçıları təbrik etmiş, dost Polşanın bu ali mükafatı ilə təltif olunmasını ölkəmizdə insan hüquqları sahəsində nailiyyətlərə verilən yüksək qiymətin təzahürü olduğunu diqqətə çatdırmışdır.
Müvəkkil insan hüquqlarının şəxsin dövlətə münasibətdə hüquqi statusunu, onun iqtisadi, sosial və mədəni sferalarda imkan və tələblərini xarakterizə edən anlayış olduğunu bildirmişdir. O, hazırda 360-dan çox dildə mövcud olan bu Bəyannamənin dünyada ən çox tərcümə edilmiş hüquqi sənəd olduğunu diqqətə çatdırmış, adı çəkilən bəyannamənin insan hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətini qeyd etmişdir. Bu sənədin yeni müstəqil dövlətlərin konstitusiyaları və yeni demokratiyalar üçün örnək olduğu vurğulanmış, hazırda bu hüquqların gündəlik reallığa çevrilməsinin, onların tanınmasının təmin edilməsinin əsas vəzifə olduğu önə çəkilmişdir.
Bu Bəyannamənin 60-cı ildönümü ilə bağlı hələ ötən ilin dekabrında BMT Baş Katibinin üzv-dövlətlərə və dünya ictimaiyyətinə müraciət etdiyi, yubileylə əlaqədar hazırlıq kampaniyasına start verildiyi, müvafiq tədbirlərin “Ləyaqət və ədalət – hamımız üçün” devizi ilə keçirilməsinin tövsiyə olunduğu qeyd edilmişdir.
Müvəkkil BMT Baş katibinin müraciətini nəzərə alaraq, Bəyannamənin əlamətdar ildönümünün ölkəmizdə yüksək səviyyədə qeyd edilməsini, bu istiqamətdə silsilə tədbirlərin davamlı olmasını, insan hüquqlarının daha səmərəli müdafiəsini, bu prosesə müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti, həmçinin respublikanın bütün bölgələrinin cəlb olunması məqsədilə cari ilin 10 noyabr -- 10 dekabr tarixlərini “İnsan hüquqları” aylığı elan etdiyini, bununla bağlı müvafiq müraciətlərin ünvanlandığını söyləmişdir. Aylıq çərçivəsində BMT-nin müvafiq ixtisaslaşmış qurumlarının -- UNDP, OHCHR və UNDPİ-ın Azərbaycandakı nümayəndəlikləri ilə birgə ölkə boyu silsilə tədbirlərin keçirildiyi, bu dəyirmi masanın yekun tədbir olduğu vurğulanmışdır. Daha sonra Müvəkkilin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyi ilə birgə Beynəlxalq İnsan Hüquqları günü və Bəyannamənin 60 illiyi münasibətilə keçirdiyi “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının, habelə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmlərinin ənənəvi müsabiqələri qaliblərinin adları açıqlanmışdır.