Ombudsmanların VII Bakı Beynəlxalq konfransı
Avropa Şurasının 60 illiyi və ölkəmizdə qeyd olunan 18 iyun – İnsan Hüquqları Günü münasibətilə 17-19 iyun 2009-cu il tarixdə “Bioetika, insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri” mövzusunda təşkil olunmuş Ombudsmanların VII Bakı Beynəlxalq konfransı İnsan hüquqları aylığının mühüm yekun tədbirlərindən olmuşdur.
Bu mövzuda konfransın ilk dəfə olaraq məhz Azərbaycan Ombudsman İnstitutu tərəfindən keçirildiyini vurğulamış, yaşamaq hüququnun vacib hüquqlardan biri olduğunu söyləyərək bunun üçün sağlamlığın da böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.
Müvəkkil XX əsrin bəşər tarixinə texniki tərəqqi əsri kimi daxil olduğunu, bu sürətli inkişafın isə bioetikanı, ailə planlaşmasını, reproduktiv sağlamlığı ön sıraya çıxardığını söyləmişdir. O, ölkəmizdə “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin hazırlanmasının dövlətimizin insan amilinə və davamlı inkişafın əldə olunmasına göstərdiyi qayğı və diqqətin nümunəsi olduğunu vurğulamışdır.
Tədbirdə BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi B.Pueza, BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsi V.Stefanov, YUNESKO-nun (Paris) Etika, Elm və texnologiyalar şöbəsinin nümayəndəsi İ.Kodeli, bu qurumun Moskva Bürosunun təmsilçisi A.Ampar, Avropa Şurası Bioetika Komitəsində Rusiyanın nümayəndəsi, Rusiya Elmlər Akademiyasının (EA) müxbir üzvü B.Yudin, Misirin Milli İnsan Hüquqları Komissiyasının üzvü M.Fayek, Pakistanın Belucistan vilayətinin ombudsmanı A.Akbar, Rusiya Federasiyası (RF) Tatarıstan Respublikasının, Moskva, Sverdlovsk, Kaluqa, Lipetsk, Altay vilayətlərinin ombudsmanları, Litva Respublikası Bərabər İmkanlar ombudsmanı A.Burneikene, Özbəkistan Ombudsman təsisatının nümayəndəsi, Kazan Universitetinin professoru R.Valeyev, Kiyev Müasir Ürək Mərkəzinin baş həkimi, professor B.Todurov, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, Milli Məclisin deputatları, dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin və KİV-in təmsilçiləri iştirak etmişlər.
Ombudsmanların VII Bakı Beynəlxalq konfransı İkinci gün öz işini iki paralel sessiya üzrə davam etdirmişdir.
Beynəlxalq ekspertlər “Bioetika problemləri” mövzusunda seminarda MDB ölkələrində sosial-demoqrafik vəziyyətin xüsusiyyətləri, bioetika komitələrinin statusu, vəzifələri, fəaliyyətinin əsas istiqamətləri, lokal etik komitələrin fəaliyyət konsepsiyalarının yaranması meyarları və standartları barədə ətraflı məlumat vermişlər. Azərbaycan Tibb Assosiasiyasının təmsilçisi klinik araşdırmalar aparılması istiqamətində etik komitələrin yaradılması zərurəti məsələsinə toxunmuşdur.
Müvəkkil “İnsan hüquqlarının müdafiəsi: yeni institutlar və mexanizmlər” mövzusunda seminarın aparıcısı kimi, insan hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu barədə məruzə etmiş, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi haqqında ətraflı məlumat vermişdir.
Konfrans İnsan Hüquqları üzrə Müvəkkilin Aparatında davam etdirilmişdir. Tədbir iştirakçıları müzakirələrə yekun vurmuş və tövsiyələr irəli sürmüşlər.
Beynəlxalq konfransın sonunda Bakı Bəyannaməsi qəbul olunmuşdur. Bəyannamədə bioetika ilə bağlı insan hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə ölkə Parlamenti və müvafiq qurumlarla, universal və regional beynəlxalq təşkilatlarla, həmçinin milli insan hüquqları təsisatları ilə birgə layihələrin həyata keçirilməsi zərurəti əks olunmuşdur.