Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransı
“Ekologiya ili” və İnsan Hüquqları Günü münasibətilə Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə 2010-cu il 17-19 İyun tarixlərində “İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri“ mövzusunda Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransı keçirilmişdir.
YUNESKO-nun dəstəyi, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri ilə əməkdaşlıqda keçirilən bu mötəbər toplantıda Kanada, Tailand, Sloveniya, Rusiya Federasiyası (RF) və subyektlərinin, Ukrayna, Belarus və Moldovanın ombudsmanları və ya bu ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər iştirak etmişlər.
Beynəlxalq tədbirə həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatları, dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, nümayəndələri, Rusiya Federasiyası, Türkiyə, Norveç və Polşanın ölkəmizdəki səfirləri, habelə KİV təmsilçiləri qatılmışlar.
İlk plenar iclas “Ətraf mühit və insan hüquqları: əsas beynəlxalq-hüquqi aktlar və milli qanunvericilik” mövzusuna həsr olunmuşdur. Müvəkkil “Beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş ekoloji hüquqların müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti” mövzusunda məruzə etmişdir. O, iqlim dəyişikliyinin hüquqi və etik aspektlərinə dair konfransın ilk dəfə olaraq Azərbaycan Ombudsman İnstitutu tərəfindən keçirildiyini vurğulamış, ekoloji hüquqların müdafiəsinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Yağan aramsız yağışlar nəticəsində respublikamızın bir sıra rayonlarında sel və daşqınların baş verdiyi, əhaliyə ziyan dəydiyi, mənəvi və psixoloji stresslərə məruz qaldığı diqqətə çatdırılmışdır.
YUNESKO-nun Moskva Bürosunun nümayəndəsi Alla Ampar təmsil etdiyi qurumun Azərbaycan Ombudsman təsisatı ilə səmərəli əlaqələri barədə danışmış, konfransın çox vacib mövzuya həsr edildiyini, YUNESKO üçün ekoloji məsələlərin də prioritet təşkil etdiyini vurğulamışdır.
Sonra Rusiya Federasiyası (RF) Tatarıstan Respublikasının Ombudsmanı Raşit Vagizov “Ətraf mühit və insan hüquqları: beynəlxalq-hüquqi və milli aspektlər”, Milli Məclisin deputatı Elton Məmmədov “Azərbaycan Respublikasında ətraf mühit: qanunvericiliyin əsas aspektləri”, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Ətraf mühit və əqli mülkiyyət hüququ”, BDU-nun professoru Əmir Əliyev “Sağlam ətraf mühitdə yaşamaq hüququ: beynəlxalq standartlar və Azərbaycan Respublikasının qanunvericiliyi”, Müstəqil Hüquq Mərkəzinin prezidenti, Milli QHT Forumu İdarə heyətinin sədri Aydın Kərimov “Ekologiya və insan hüquqları: vətəndaş cəmiyyətinin rolu” mövzularında məruzələr etmişlər.
Konfransın ikinci iş günü qlobal iqlim dəyişikliyinin hüquqi və etik aspektlərinə həsr olunmuş III plenar iclasda Minsk Beynəlxalq Ekoloji Universitetinin professoru, beynəlxalq ekspert T.Mişatkina və Kazan Dövlət Universitetinin professoru R.Valeyevin məruzələri dinlənilmişdir. Daha sonra iştirakçılar Milli Məclisdə olmuş, parlament sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşmüşlər.
Konfransın sonunda Müvəkkilin çoxsaylı təkliflərinin də yer aldığı Bakı Bəyannaməsi yekdilliklə qəbul olunmuşdur.
25 yanvar 2010-cu il tarixdə Ombudsman Aparatında Avropa İnsan Hüquqları konvensiyasının 60 illiyi və Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul olunmasının ildönümünə həsr olunmuş “Azərbaycan və Avropa Şurası: insan hüquqları sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilmişdir. Müvəkkil tədbirdə çıxış edərək, indiyə qədər AŞ çərçivəsində 200-dək beynəlxalq hüquqi aktın qəbul edildiyini, bunların da əksəriyyətinin insan hüquqları ilə bağlı olduğunu bildirmişdir. O, AŞ qarşısında götürülmüş öhdəliklərdən biri kimi, ölkəmizdə İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradıldığını və fəaliyyətə başladığı ilk vaxtlardan digər regional təşkilatlarla yanaşı, Avropa Şurası ilə də insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələri formalaşdırıldığını bildirmişdir.
Avropa Şurası Baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi Veronika Kotek Müvəkkilin insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmiş, təmsil etdiyi beynəlxalq qurumun Ombudsman təsisatı ilə insan hüquqları sahəsində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır.
2 dekabr 2008-ci il tarixdə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, 13 yanvar 2009-cu il tarixdə ölkə Prezidentinin Sərəncamı ilə adı çəkilən Konvensiyanın Fakültativ Protokolunda nəzərdə tutulmuş MPM funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili müəyyən edilmişdir.
24 may 2010-cu ildə Müvəkkil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Milli Məclis (MM) və ATƏT-in Bakı Ofisinin birgə təşkilatçılığı ilə parlamentdə “İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycanda milli preventiv mexanizm kimi rolunun gücləndirilməsi” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Müvəkkil “Azərbaycanda MPM-in fəaliyyətinin ilk ili: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, MPM funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən edilməsi, işgəncələrlə mübarizə sahəsində aparılan müsbət fəaliyyətin, dövlət və ictimaiyyət qarşısında qazanılan etimadın əlaməti olmaqla yanaşı görülən işlərin növbəti mərhələyə qədəm qoymasına və təkmilləşdirilməsinə zəmin yaratmışdır.
Tədbirdə Azərbaycanda tətbiq olunacaq MPM modeli haqqında da mülahizələr və tövsiyələr səsləndirilmişdir. Müvəkkil bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır. Konfransın yekununda Ə.Hüseynov Müvəkkilin təkliflərinin nəzərə alınmaqla, MPM-in fəaliyyəti sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi üzrə tədbirlər görüləcəyi barədə məlumat vermişdir.
Sonrakı günlərdə Landmarkdakı konfrans zalında Müvəkkil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT-in Bakı Ofisinin birgə təşkilatçılığı ilə, İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiya (APT) tərəfindən hazırlanmış və azərbaycan dilinə tərcümə edilmiş “Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi” praktiki soraq kitabçasının təqdimat mərasimi, habelə Ombudsman Aparatının, o cümlədən Müvəkkilin milli preventiv mexanizm qrupunun üzvləri və regional mərkəzlərinin əməkdaşları üçün azadlıqdan məhrumetmə yerlərinin monitorinqi üzrə metodik təlim keçirilmişdir.
Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransının Bəyannaməsi