Ombudsmanların IX Bakı Beynəlxalq konfransı

İnsan Hüquqları Günü münasibətilə Müvəkkilin YUNESKO-nun dəstəyi ilə 16-18 iyun 2011-ci il tarixlərində ənənəvi olaraq keçirdiyi, “Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusuna həsr edilmiş Ombudsmanların IX Bakı Beynəlxalq konfransı ilin mühüm tədbirlərindən olmuşdur.

Konfransda İsveç, Norveç, Polşa, Sloveniya, Hindistan, Tailand, Pakistan, Ukrayna və Moldovanın, habelə Rusiya Federasiyasının 12 subyektinin ombudsmanları və ya milli insan hüquqları təsisatlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsində tanınmış beynəlxalq ekspertlər, mədəniyyət və elm xadimləri iştirak etmişlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin üzvü olduğu Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının məsul təmsilçiləri mötəbər tədbirə qatılmışlar.

Beynəlxalq konfransda həmçinin Azərbaycan Respublikası Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların və KİV-in təmsilçiləri iştirak etmişlər.

İlk plenar iclas “Milli azlıqların və miqrantların hüquqlarının müdafiəsi: dövlətdaxili və beynəlxalq standartlar” mövzusuna həsr olunmuşdur. İştirakçıları salamlayan E.Süleymanova hər il Azərbaycanda Ombudsmanların ənənəvi konfransını təşkil etdiyini, indiyə kimi keçirilən beynəlxalq tədbirlərdə 54 ölkənin insan hüquqları üzrə müvəkkilinin iştirak etdiyini, belə mötəbər toplantılar vasitəsilə həm də təcrübə mübadiləsi aparıldığını bildirmişdir. O, “Azərbaycanda milli azlıqların və miqrantların hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti” mövzusunda məruzəsində növbəti konfransın Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə, ölkəmizin dövlət müstəqilliyinin 20 illiyinə, Vətəndaş və siyasi hüquqlar, İqtisadi sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktların 45 illiyinə həsr edildiyini vurğulamışdır.

Dini tolerantlıq, müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri, din vasitəsilə sülh mədəniyyəti, milli, etnik və dini tolerantlığın bu sahədə rolu, mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, uşaqlar və gənclərə dini  tolerantlığın aşılanması məqsədilə təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsi bu qəbildəndir.  Sülhün bərqərar olmasına xidmət edən dinlərarası dialoqun yaradılması, Azərbaycanda sülh hərəkatının formalaşdırılması və daha da inkişaf etdirilməsi kimi məsələlər də müzakirə olunmuşdur.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ombudsmanın insan hüquqları, o cümlədən qaçqın və məcburi köçkünlərin, miqrantların, milli azlıqların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini yüksək qiymətləndirmişdir.

Komitə sədri Azərbaycanda milli etnik qrupların hüquqlarının müdafiəsi üçün hüquqi bazanın yaradıldığını, ölkəmizin bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşulduğunu vurğulamışdır. O, ölkəmizdə Dövlət Miqrasiya Xidmətinin yaradılmasını müsbət dəyərləndirmişdir.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev aktual mövzuya həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətini vurğulamış və bildirmişdir ki, Azərbaycan həmişə ürəkaçıqlığı, qonaqpərvərliyi, hər bir millətə, dinə hörmətlə yanaşması ilə seçilir. O, bu yaxınlarda Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin ölkəmizin müxtəlif xalqların mədəniyyətinə hörmət və diqqətlə yanaşmasının bariz nümunəsi olduğunu, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bu istiqamətdə ölçüyəgəlməz xidmətlərini diqqətə çatıdrmışdır.

Nazir bu günlərdə Azərbaycanda yaşayan milli azlıqların incəsənəti ilə bağlı III Respublika Festivalının keçirildiyini söyləmiş və iştirakçıları həmin mərasimə dəvət etmişdir. 

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Milli azlıqlarla və dini qurumlarla iş sektorunun müdiri M.Talıblı “Ölkəmizdə milli azlıqların müdafiəsi sahəsində dövlət siyasətinin ümumi aspektləri”, Dövlət Miqrasiya Xidmətinin rəisi A.Rəhimov “Miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının təmin edilməsi”, Norveç Parlament Ombudsmanı, Beynəlxalq Ombudsmanlar İnstitutu İdarə Heyətinin üzvü A.Fliflet “Norveçdə dövlət qurumları ilə yerli xalqlar və milli azlıqlar arasında məsləhətləşmələr”, Avropa Ombudsmanlar İnstitutunun baş katibi Y.Zigele “Avropada regional ombudsmanların insan hüquqlarının müdafiəsində rolu mövzularında məruzələr etmişlər.

Mədəni müxtəliflik və mədəni hüquqların səmərəli təmini probleminə həsr edilmiş ikinci plenar iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini G.İsmayılov “Dinlərarası dialoq və tolerantlığın hüquqi bazasında milli azlıqların və miqrantların mədəni hüquqları”, Müəllif hüquqları Agentliyinin sədri K.İmanov “Mədəni müxtəliflik və əqli mülkiyyət”, Rusiya Dövlət Humanitar Universitetinin professoru A.Loqunov “Çoxmədəniyyətlilik böhranı kontekstində insan hüquqlarının transformasiyası və məzmunu”, kazan Federal Universitetinin professoru R.Valeyev “Milli azlıqların və əməkçi miqrantların hüquqlarının beynəlxalq hüquqi müdafiəsi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi Ə.Abdullayev “Miqrantların təhsil hüquqlarının təmin edilməsi”, Milli Məclisin deputatı, Azərbaycanda rus icmasının rəhbəri M.Zabelin “Milli azlıqların mədəniyyətlərinin qorunması baxımından hüquqlarının təmin olunması”, millət vəkili Q.Paşayeva “Həmvətənlərimizin mədəni və mənəvi problemləri”, Hindistanın Milli İnsan Hüquqları Komissiyasının üzvü B.Patel “Milli azlıqların və miqrantların mədəni hüquqları” mövzularında məruzələr etmişlər.    

Konfransın ikinci iş günü etnik qruplar və azsaylı xalqların hüquqlarının səmərəli təmini məsələlərinə həsr edilmiş üçüncü plenar iclasda Moldova Respublikasının Ombudsmanı A.Qriqoriu, Milli Məclisin deputatı, AMEA İnsan hüquqları institutunun direktoru A.Mustafayeva, AMEA Nizami adına ədəbiyyat İnstitutunun şöbə müdiri, professor V.Arzumanlı, Diasporla İş üzrə Komitə sədrinin müavini V.Hacıyev, RF Novqorod, Sverdlovsk, Saratov, Kaluqa vilayətlərinin, insan hüquqları üzrə müvəkkilləri Q.Matveyeva, T.Merzlyakova, N.Lukaşova, Y.Zelnikov, Tatarıstan Respublikasının Ombudsmanı S.Saburskaya, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin prezidenti A.Kərimov və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının nümayəndəsi N.Quliyevin məruzələri dinlənilmişdir.

Qeyd olunmalıdır ki, Ombudsmanların Bakı Beynəlxalq konfransları çərçivəsində ilk dəfə olaraq, Azərbaycan ombudsmanının da üzv olduğu Beynəlxalq Ombudsmanlar İnstitutu İdarə Heyətinin üzvü A.Fliflet, Avropa Ombudsmanlar İnstitutunun baş katibi Y.Zigele və Asiya Ombudsmanlar Assosiasiyasının məsul nümayəndəsi M.Azhar bu beynəlxalq konfransda bir araya gəlmişlər. Müvəkkil tədbir çərçivəsində onlarla görüş keçirmişdir. Müvəkkil insan hüquqları sahəsində regional əməkdaşlığın daha da təkmilləşdirilməsinin, qlobal miqyasda daha mükəmməl şəbəkə şəklində əməkdaşlıq körpülərinin qurulmasının zəruriliyini vurğulamış və bu iş birliyinin geniş fikir və təcrübə mübadiləsi üçün imkanlar yaratdığını qeyd etmişdir. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Konfrans iştirakçıları Milli Məclisdə olmuş, parlament sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşmüşlər. 

Ombudsmanların IX Bakı Beynəlxalq konfransının üçüncü iş günü İnsan Hüquqları üzrə Müvəkkilin Aparatında davam etdirilmişdir. Tədbir iştirakçıları müzakirələrə yekun vurmuş və tövsiyələr irəli sürmüşlər. Qonaqlar Ombudsman təsisatının fəaliyyət istiqamətləri, Aparatın şöbə və sektorları ilə yaxından tanış olmuş, Müvəkkilin innovativ ideyalarını və tədbirlərini maraq və razılıq hissi ilə qarşılamışlar.

Konfransın sonunda Azərbaycan Ombudsmanının çoxsaylı təkliflərinin də yer aldığı Bakı Bəyannaməsi yekdilliklə qəbul olunmuşdur. Bəyannamədə milli azlıqların və miqrantların mədəni hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi, universal və regional beynəlxalq təşkilatlarla, həmçinin milli insan hüquqları təsisatları ilə birgə layihələrin həyata keçirilməsi və s. əks olunmuşdur. Bu sənəddə adı çəkilən hüquqlara hörmətin təmin edilməsinin insan hüquqlarına dair beynəlxalq hüquqi aktlarda öz əksini tapmış norma və standartların təbliğinin zəruriliyi qeyd edilmişdir.

2011-ci ilin oktyabr ayında Avropa Şurasının (AŞ) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyanın (APT) 6-cı tematik seminarı Bakı şəhərində keçirilmişdir.

 “Həssas qruplardan olan insanların azadlıqdan məhrumetmə yerlərində müdafiəsi” mövzusunda seminar iki gün davam etmişdir. Seminarda Avropa Şurasının İnsan hüquqları və hüquq məsələləri üzrə Departamentinin rəhbəri cənab Markus Yager, BMT-nin İşgəncələrin qarşısını almaq üzrə Alt Komitəsinin (SPT) vitse-prezidenti xanım Aişə Şuyun Məhəmməd, Avropa İşgəncələrin qarşısının alınması üzrə (CPT) Komitəsinin üzvü cənab Anton Van Kamtaut, SPT və CPT-nin keçmiş prezidenti xanım Silviya Kasali, Azərbaycan Respublikasının Milli Preventiv Mexanizminin (MPM) rəhbəri, Ombudsman xanım Elmira Süleymanova, eyni zamanda 20-dək ölkənin MPM rəhbərləri və əlaqələndirici şəxsləri iştirak etmişlər.

Seminarda çıxış edən Müvəkkil 2 dekabr 2008-ci il tarixdə təsdiq edilmiş «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin müəyyən edildiyini diqqətə çatdırmışdır. O, bununla bağlı Azərbaycan Respublikasının “İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilən əlavə və dəyişikliklər nəticəsində BMT-nin adı çəkilən Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun olaraq, Müvəkkilin MPM kimi səlahiyyətlərinin hüquqi baxımdan tənzimləndiyini, ölkəmizdə MPM mexanizminin yaradıldığını vurğulamışdır.

Qeyd edilmişdir ki, Azərbaycan Ombudsmanı AŞ İnsan Hüquqları və Hüquqi Məsələlər Baş direktorluğu və APT tərəfindən təşkil olunan Avropa MPM-lər Şəbəkəsinin üzvüdür və bir çox beynəlxalq tədbirlərdə iştirak etmişdir. Eyni zamanda MPM qrupunun üzvü həmin şəbəkə üzrə əlaqələndirici şəxs qismində təyin olunmuşdur.

Beynəlxalq tədbirdə digər iştirakçılarla yanaşı, Azərbaycan Ombudsmanının MPM qrupunun rəhbəri də çıxış edərək, bu sahədə görülmüş işlər barədə məlumat vermişdir. Ölkədə azadlıqdan məhrum edilmiş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı müəssisələrə müntəzəm baxışlar keçirildiyi vurğulanmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Avropa Şurası ilə birgə layihə çərçivəsində 2 noyabr 2011-ci il tarixdə Excelsior Otelində “İnformasiyaya çatım” mövzusunda seminar keçirmişdir.

 Tədbirdə tanınmış beynəlxalq ekspert, Serbiyanın Ombudsmanı Saşa Yankoviç, Avropa Şurası Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopolos, Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyinin proqram rəhbəri Məryam Hacıismayılova, 30-dan çox dövlət qurumunun mətbuat xidmətlərinin rəhbərləri, Ombudsman təsisatının və Müvəkkilin regional mərkəzlərinin əməkdaşları iştirak etmişlər.

Açılış mərasimində Ombudsman, K.Yerokostopolos və S.Yankoviç çıxış edərək, tədbirin məqsəd və məramını iştirakçıların diqqətinə çatdırmışlar.

Müvəkkil Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinin, Avropa Şurasına üzv qəbul olunmasının 10 illiyinin qeyd olunduğunu, cari ilin dekabrında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun qəbulunun 10 illiyinin tamam olacağını söyləmişdir. Qeyd olunmuşdur ki, bu günlərdə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olduqca əlamətdar bir hadisə kimi  ölkəmizin beynəlxalq imicinin daha da yüksəlməsinin, dünya birliyindəki yerinin möhkəmlənməsinin təsdiqidir.

 “İnformasiyaya çatım” mövzusunda seminarın Ombudsmanın yeni səlahiyyətləri ilə bağlı apardığı hüquqi maarifləndirmə işinin davamı olduğu bildirilmişdir.

K.Yerokostopolos Azərbaycan Ombudsmanının təşəbbüsü ilə baş tutmuş bu tədbirin aktual mövzuya həsr olunduğunu,  dünyanın bir çox ölkələrində, o cümlədən Avropada  informasiya cəmiyyətinin bərqərar olması istiqamətində mühüm işlərin görüldüyünü, insan hüquqlarının müdafiəsi ilə məşğul olan ombudsman təsisatlarının vətəndaşların informasiya əldə etmək hüququnun daha səmərəli təmin olunmasında əhəmiyyətli rolunu qeyd etmişdir. O, təmsil etdiyi Avropa Şurasının Bakı Ofisi ilə Müvəkkilin insan hüquqları sahəsində sıx əməkdaşlıq etdiyini, birgə tədbirlər keçirdiyini diqqətə çatdırmışdır.

Serbiya Ombudsmanı S.Yankoviç bu maarifləndirmə tədbirində beynəlxalq ekspert qismində iştirakından məmnun olduğunu, Azərbaycan və Serbiya ombudsmanlar təsisatları arasındakı qarşılıqlı əlaqələri vurğulayaraq, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində böyük təcrübəyə, ümumən beynəlxalq Ombudsmanlar ailəsində yüksək nüfuza malik olduğunu söyləmişdir. O, həmçinin ölkəmizdə və paytaxt Bakıda aparılan quruculuq işlərini, yüksək inkişaf dinamikasını qeyd etmişdir.

Hazırda bütün dünyada ölkəmizdə informasiya cəmiyyəti qurulmasının prioritet istiqamətlərdən olduğu, informasiya əldə etmək hüququnun informasiya azadlığını təmin etdiyi bildirilmişdir. Beynəlxalq ekspert qeyd etmişdir ki, informasiya azadlığı insan hüquq və azadlıqlarının təminatçısı olan cəmiyyətin mühüm xüsusiyyətidir və cəmiyyətdə baş verən dinamik proseslərdən xəbər tutmaq vətəndaşların əsas ehtiyaclarındandır. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır, bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir.

S.Yankoviç “Ombudsmanın informasiyaya çatımın təmin edilməsində rolu”, “İnformasiyaya çatım: Avropa ölkələrinin təcrübəsinin icmalı”, “Qanunun aliliyi” universal konsepsiyasına çağdaş çağırışlar” mövzularında təqdimatlarla çıxış etmiş, öz ölkəsinin, həmçinin bir sıra Avropa ölkələrinin bu istiqamətdə təcrübəsi barədə ətraflı danışmışdır.

Ombudsmanların IX Bakı Beynəlxalq Konfransının Bəyannaməsi