Ombudsmanların X Bakı Beynəlxalq konfransı

18-20 iyun 2012-ci il tarixlərində ənənəvi olaraq, İnsan Hüquqları Günü, Azərbaycan Ombudsmanının fəaliyyətinin 10 illiyi və ölkəmizin YUNESKO-ya üzv olmasının 20 illiyinə həsr edilmiş, “Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar” mövzusunda Ombudsmanların X Bakı Beynəlxalq konfransı keçirilmişdir.   

Bu mötəbər toplantıda  Avropa, Asiya və Amerikanın 23 ölkəsindən 52 xarici qonaq - ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində tanınmış alimlər və beynəlxalq ekspertlər iştirak etmişlər. Ombudsman təsisatının institusional üzvü olduğu Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının məsul təmsilçiləri də konfransda iştirak etmişlər. Kanada, Meksika, Çin, Honq-Konq, Makao, Yaponiya, Koreya, Malayziya və Türkiyədən olan nümayəndələr Bakı konfransına ilk dəfə qatılmışlar. Konfransda həmçinin Milli Məclisin deputatları, dövlət qurumları, beynəlxalq təşkilatlar, habelə diplomatik korpusun, QHT-lərin, vətəndaş cəmiyyəti və icmaların, KİV-in təmsilçiləri iştirak etmişlər.

Müvəkkil “Azərbaycan Ombudsman təsisatı 10 ildə” mövzusunda məruzə etmişdir. O, on illik fəaliyyəti dövründə beynəlxalq əməkdaşlığa önəm verildiyini, nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən YUNESKO ilə insan hüquqları sahəsində səmərəli əlaqələr qurulduğunu diqqətə çatdırmışdır. Müvəkkil qeyd etmişdir ki, təşəbbüsü ilə keçirilmiş on beynəlxalq konfransdan yeddisi YUNESKO-nun dəstəyi ilə baş tutmuşdur. Bu günədək təşkil olunmuş doqquz Bakı Beynəlxalq konfransında 60-dək ölkənin ombudsmanları və əməkdaşları iştirak etmiş, Müvəkkil və onun nümayəndələri isə 337 beynəlxalq tədbirə qatılmışlar.

Ombudsman bildirmişdir ki, bir sıra dünya ölkələrinin, o cümlədən Azərbaycanın da bu təbii fəlakətlərdən, müharibə və münaqişələrdən yan keçmədiyi, bir qədər əvvəl ölkəmiz üçün böyük imtahan olan sel və daşqınların, həmçinin respublikamızın şimal-qərb bölgəsində zəlzələnin baş verdiyi və nəticələrinin aradan qaldırılması, zəruri işlərin vaxtında aparılması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin şəxsi nəzarəti altında görülmüş davamlı tədbirlərin razılıqla qarşılandığı qeyd olunmuşdur.

 Kür çayının daşması nəticəsində yaranmış təhlükəli vəziyyətin, habelə zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının fədakarlıqla iştirak etdiyi diqqətə çatdırılmışdır.

Müvəkkil “A” statusu ilə bu il yenidən akkreditasiya olunmuş Ombudsman təsisatının fəaliyyətində əhalinin digər qrupları ilə yanaşı, fövqəladə hallarla üzləşən insanların da hüquqlarının müdafiəsinin mühüm yer tutduğunu önə çəkmişdir.

Qeyd edilmişdir ki, Azərbaycan Ombudsmanı dəfələrlə təbii fəlakət zonalarına gedərək, nəticələrin aradan qaldırılması, mövcud problemin nəzarətdə saxlanılması məqsədilə yaradılmış mərkəzi qərargahda da olmuş, problemlərin həlli yollarını müvafiq dövlət qurumlarının rəhbərləri ilə müzakirə etmişdir.

Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının I katibi Günay Əfəndiyeva bildirmişdir ki, bu mötəbər beynəlxalq tədbir Ombudsman Aparatı ilə YUNESKO arasında mövcud olan səmərəli əməkdaşlığın məntiqi davamıdır.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki vəziyyət təkcə region üçün deyil, bütün dünya üçün təhlükəlidir. Qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yaxşılaşması istiqamətində dövlət tərəfindən görülmüş işlərdən danışan komitə sədri vurğulamışdır ki, ölkəmizdə son 20 ildə onların problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuş, 70 müasir qəsəbə salınmışdır.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov məruzəsində Ombudsman təsisatı ilə insan hüquqları sahəsində sıx əməkdaşlıq etdiyini söyləmiş, ötən müddətdə nazirliyin fəaliyyətində operativliyin artırılması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, regional mərkəzlər yaradılmışdır. Nazirliyin şəxsi heyəti ötən illər ərzində respublikada bina uçqunları, texnogen qəzalar, sel və daşqınlar, torpaq sürüşmələri və digər təbii fəlakətlər zamanı insanların təhlükəsizliyini təmin etmək üçün geniş xilasetmə işləri həyata keçirmişdir.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova insan hüquq və azadlıqlarının müdafiəsinin Azərbaycan dövlətinin ali prinsipi olduğunu bildirmiş, ölkə Konstitusiyasının müddəalarının əsas hissəsinin insan hüquqlarına aid olduğunu vurğulamışdır. O, məruzəsində Ombudsman haqqında qanunvericiliyinin təkmilləşdirilməsi məsələlərinə geniş yer vermişdir.

YUNESKO-nun Moskva Bürosunun nümayəndəsi xanım Alla Ampar E.Süleymanovanın həmin Büronun dəvəti ilə subregional beynəlxalq tədbirlərdə və digər beynəlxalq konfranslarda ekspert qismində uğurla iştirakının bu əməkdaşlığın daha bir nümunəsi olduğunu bildirmişdir.

Toronto Ombudsmanı (Kanada) xanım Fiona Crean çıxış edərək, azərbaycanlı həmkarının dünya ombudsmanlar ailəsində insan hüquqları üzrə innovativ təşəbbüsləri, ideyaları, bu sahədə yüksək nəzəri və praktik bilgiləri ilə seçildiyini diqqətə çatdırmış, onun təcrübəsindən faydalanmağı tövsiyə etmişdir.

Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi üzvləri, konfrans iştirakçılarının təmsil etdiyi ölkələrin milli geyimlərində çıxış edərək, qonaqları onların öz dillərində salamlamış, şəbəkənin fəaliyyəti, sülh uğrunda çalışmaları barədə məlumat vermişlər.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynova, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini N.Quliyev, Müəllif Hüquqları Agentliyinin sədri K.İmanov, AŞ İnsan hüquqları və ayrıseçkiliklə mübarizə üzrə Departamentinin direktoru R.R.Weingartner, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İ.Rəhimov, Sloveniya Ombudsmanının müavini T.Dolcic, Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyi İnzibati dəyərləndirmə bürosu baş direktorunun müavini S.Kamimura, Dağıstan Respublikasının (RF) Ombudsmanı U.Omarova, Özbəkistan Ombudsmanı S.Rəşidova, Türkiyə Radio və Televiziya Ali Şurasının üzvü H.Fendoğlu, Çexiya Ombudsmanının müavini J.Seitlova, Azərbaycan Ombudsman Aparatının nümayəndəsi, Sverdlovsk vilayətinin Ombudsmanı T.Merzlyakova və başqalarının məruzələri dinlənilmişdir.

İştirakçılar Azərbaycan Ombudsmanının on illik fəaliyyəti dövründə təşəbbüslərini, dinamik fəaliyyətini yüksək dəyərləndirmiş, konfransın yüksək səviyyədə təşkili və keçirilməsinə görə ona minnətdarlıqlarını bildirmişlər.

Konfrans çərçivəsində ilk dəfə olaraq paralel sessiyada Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının iclası keçirilmiş, birgə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Tədbir iştirakçıları Milli Məclisdə qəbul edilmiş, parlament sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşmüşlər. 

Konfrans iştirakçıları Azərbaycan Ombudsman təsisatında hazırlanmış çoxsaylı hüquqi ədəbiyyat sərgisinə maraqla baxmış, onlara müvafiq hüquqi nəşrlər verilmişdir.

Tədbirin üçüncü iş günü qonaqlar Ombudsman təsisatına gedərək, Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri, Aparatın şöbə və sektorları ilə, ərizə və şikayətlərin qəbulu, sənədləşmə ilə tanış olmuşlar.

Konfransın sonunda Bakı Bəyannaməsi yekdilliklə qəbul olunmuşdur. 

Ombudsmanların X Bakı Beynəlxalq Konfransının Bəyannaməsi