Ombudsmanların XI Bakı Beynəlxalq konfransı

2013-ci il, 18-20 iyun tarixlərində UNESCO-nun dəstəyi ilə keçirilən Milli İnsan Hüquqları Günü, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə, və Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu” mövzusunda Ombudsmanların XI Bakı Beynəlxalq konfransı İnsan Hüquqları aylığının mühüm yekun tədbiri olmuşdur.

Konfrans iştirakçıları tədbirdən əvvəl Fəxri Xiyabanı ziyarət edərək ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoymuş, onun xatirəsini ehtiramla yad etmiş, həmçinin Şəhidlər Xiyabanına gedərək torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini anmışlar. “Əbədi məşəl” abidəsi önünə də əklil qoyulmuşdur.

Konfransa Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Estoniya, Gürcüstan, Moldova, Pakistan, Rusiya Federasiyası və onun subyektləri - Moskva, Volqoqrad, Voronej, Kabardin-Balkar, Kaluqa vilayətləri, Tatarstan və Dağıstan respublikalarından təmsilçilər qatılmışlar.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul nümayəndəsi, Milli Məclisin deputatları, nazirlər və komitə sədrləri, dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, QHT-lərin və KİV-in təmsilçiləri iştirak etmişlər.

Konfransın açılış mərasimində Ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Çingiz Əsgərov, Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Antonius Bruk iştirakçıları salamlamış, beynəlxalq tədbirin məqsəd və məramını açıqlamışlar.

Müvəkkil fəaliyyət dövrü ərzində beynəlxalq əməkdaşlığa önəm verildiyini, nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən YUNESKO ilə insan hüquqları sahəsində səmərəli əlaqələr qurulduğunu, keçirilmiş konfransların həm də xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının təmsilçiləri ilə məlumat və təcrübə mübadiləsi aparılmasında mühüm amil olduğunu diqqətə çatdırmışdır. Ombudsmanların Bakıda təşkil olunmuş 11 beynəlxalq konfransından səkkizi YUNESKO-nun dəstəyi ilə keçirilildiyi bildirmişdir. Adı çəkilən konfranslarda 40-dan çox ölkənin ombudsmanları və əməkdaşları iştirak etmişlər.

Müvəkkil “İnsan hüquqlarının inkişafı üzrə strateji sənədlər və onların implementasiyasında Ombudsmanın rolu” mövzusunda məruzəsində “Davamlı inkişaf naminə təhsil onilliyi”nin və “Minilliyin inkişaf məqsədləri”nin həyata keçirilməsinin yaxın zamanlarda bitməsinə baxmayaraq, bu sahədə xeyli iş görülməsinin zəruriliyini vurğulamışdır. BMT-nin Davamlı İnkişaf üzrə “Rio+20” konfransının əsas məqsədinin həmin nüfuzlu qurumun 2015-ci ildən sonrakı milli, regional və qlobal əhəmiyyətli inkişaf prioritetlərini müəyyənləşdirməklə davamlı inkişafı təmin etməkdən ibarət olduğu bildirilmişdir.

Müvəkkil Azərbaycan Ombudsman təsisatının da bu prosesə qatıldığını, BMT-nin Əhali Fondunun Bakı ofisi ilə birlikdə paytaxtda və bölgələrdə geniş ictimaiyyətin, əhalinin iştirakı ilə silsilə müzakirələr təşkil etdiyini, yekunların BMT-nin qlobal hesabatına dövlətimizin təkliflərinin tərkib hissəsi kimi təqdim ediləcəyini vurğulamışdır.

Ermənistanın 25 ildən artıq davam edən təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğu, bir milyondan artıq soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılmışdır. Bir çox ölkələrin dərin iqtisadi böhran şəraitində olmasına baxmayaraq, öz müstəqilliyini bərpa etdiyi qısa vaxt ərzində ölkəmizin bir çox uğurlara nail olduğu, əsası 90-illiyi qeyd olunan ümummmilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın son illər ərzində inkişaf tempinə görə dünyanın aparıcı ölkələrindən birinə çevrildiyi qeyd edilmişdir.

Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının qəbulu və icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermiş, 40 mindən artıq yeni müəssisə yaradılmış, bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə, işsizlik isə 5,3 faizə enmişdir.

Aparılan sistemli islahatlar nəticəsində insan hüquqları sahəsində üç strateji sənəd -“İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilmişdir.

Bildirilmişdir ki, Ombudsmanın təşəbbüsləri nəzərə alınmaqla, əhalinin müxtəlif qruplarının hüquqlarının təmin olunmasında tətbiq olunmuş yeniliklər müsbət nəticələr vermiş, ən əvvəl, “insan hüquqları” anlayışına münasibət, yanaşma tərzi dəyişmiş, geniş hüquqi maarifləndirmə tədbirləri nəticəsində əhalinin məlumatlılığı artmış, hüquq düşüncəsi və mədəniyyəti yeni məzmunda formalaşmışdır.

Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ombudsmanların növbəti beynəlxalq konfransında iştirakından məmnun olduğunu, Müvəkkilin təşəbbüsü ilə keçirilən bu toplantının olduqca actual və Azərbaycanda insan hüquqlarının təmini dövlət siyasətinin əsas prioritet mövzuya həsr edildiyini söyləmişdir.

O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində insan hüquqları kütləvi surətdə kobudcasına pozulmuş bir milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığını söyləmiş, onların problemlərinin həlli istiqamətində görülən işlər, bu kateqoriyadan olan əhalinin müasir qəsəbələrə köçürülməsi barədə ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycanın əzəli torpaqlarını bu təcavüzkar ölkə hələ də işğal altında saxlayır və ərazilərdəki vəziyyət təkcə region üçün deyil, bütün dünya üçün təhlükəlidir.

Baş nazirin müavini Ombudsmanın insan hüquqları sahəsində fəaliyyətini, o cümlədən qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirmişdir.

Ə. Həsənov ombudsmanların növbəti konfranslarından birinin Azərbaycanın hər hansı bir bölgəsində keçirilməsini təklif etmiş, bunun konfrans iştirakçılarının ölkəmizin gündən-günə inkişaf edən bölgələri barədə də məlumatlanmasına kömək edəcəyini söyləmiş, qonaqları regionlarımızla tanış olmağa dəvət etmişdir.

Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının I katibi Günay Əfəndiyeva bildirmişdir ki, bu mötəbər beynəlxalq tədbir Ombudsman Aparatı ilə YUNESKO arasında insan hüquqları sahəsində mövcud olan sıx, səmərəli əməkdaşlığın davamıdır. Azərbaycan son illərdə mühüm layihələr gerçəkləşdirərək, müxtəlif forum və konfranslara, mədəniyyət tədbirlərinə ev sahibliyi edir. O, təmsil etdiyi qurumun həmin tədbirlərin əksəriyyətində, həmçinin Ombudsmanların adıçəkilən beynəlxalq konfransda əsas tərəfdaş kimi çıxış etdiyini vurğulamışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Çingiz Əsgərov qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev tərəfindən qanunun aliliyi, insan hüquqları və demokratiya ölkəmizdə həyata keçirilən dövlət quruculuğu proseslərinin təməl prinsipləri kimi müəyyənləşdirilmişdir. Ombudsman institutunun yaradılması insan hüquqlarının məhkəmədənkənar müdafiəsinə böyük təkan vermişdir. Ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi və həyata keçirilməsi dünya və Avropa standartlarına cavab verir.

BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Antonius Bruk çıxış edərək, təmsil etdiyi qurumun Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu və yaranmış qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyini söyləmişdir.

Rezident-əlaqələndirici təmsil etdiyi nüfuzlu beynəlxalq qurumun 2015-ci ildən sonrakı dövr üçün əhatəli inkişaf məqsədlərini formalaşdırmaq və işləyib hazırlamaq məqsədi ilə hökumətlər, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla qlobal əməkdaşlıq etdiyini, açıq məsləhətləşmələr apardığını vurğulamışdır. O, milli müzakirələr nəticəsində əldə edilmiş tövsiyələrin yüksək səviyyəli İşçi Qrupunun hesabatına daxil edildiyini və BMT  Baş Məclisinin qarşıdakı sessiyasına təqdim olunacağını, 2015-ci ildən sonrakı dövrdə davamlı inkişaf məqsədlərinə dair təkliflərin hesabata daxil ediləcəyini bildirmişdir. A. Bruk çıxışının sonunda Ombudsman Elmira Süleymanovaya apardığı bu mühüm işlərə görə təşəkkür etmiş, Ombudsman təsisatının gələcək fəaliyyətində müvəffəqiyət arzulamışdır.

Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadə “Davamlı inkişaf və Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti” mövzusunda məruzə etmişdir. O, qeyd etmişdir ki, ötən ilin may ayında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin vurduğu ziyanın aradan qaldırılması üçün mühüm işlər görülmüş, müvafiq komissiyalar tərəfindən yaşayış evlərinə, kommunal mənzilli binalara, ictimai-sosial obyektlərə baxış keçirilmişdir. F. Ağayev bildirmişdir ki, Zaqatala, Qax və Balakəndə 5 mindən çox fərdi yaşayış evinin, Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 olmaqla 36 məktəb binasının tikintisinə başlanmış. Bərpa işlərinin aparılması üçün əhaliyə 17 milyon 734 min manat yardım ödənilmişdir.

Kanadanın Ontario şəhərinin Ombudsmanı Andre Marin Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirmiş, onun zəngin təcrübəsindən faydalanacaqlarını söyləmişdir. O, “Yaxşı idarəetmə və şəffaflığın təmin edilməsi üçün sistemli araşdırma və texnologiyalardan istifadə” mövzusunda məruzə edərək, təmsil etdiyi qurumun insan hüquqlarının, o cümlədən məhkumların hüquqlarının müdafiəsi və təmini sahəsində iş təcrübəsi, əhalinin müxtəlif qruplarından daxil olan elektron müraciətlərin cavablandırılması barədə ətraflı məlumat vermişdir.

YUNESKO-nun Moskva Bürosunun məsul nümayəndəsi Alla Ampar təmsil etdiyi qurumun  Azərbaycan Ombudsman təsisatı ilə uzun müddətdən bəri davam edən səmərəli əlaqələri barədə danışmış, E.Süleymanovanın Rusiya Federasiyasının paytaxtında YUNESKO-nun Moskva Bürosunun dəvəti ilə subregional beynəlxalq tədbirlərdə,  Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, Rusiya Humanitar Elmlər Akademiyasında, Dağıstan Respublikasında keçirilmiş konfransda və digər beynəlxalq toplantılarda ekspert qismində uğurla iştirakının bu əməkdaşlığın daha bir nümunəsi olduğunu bildirmişdir. Konfransın çox vacib mövzuya həsr edildiyi, faydalı təcrübə mübadiləsi imkanı olduğu, YUNESKO üçün davamlı inkişaf strategiyalarının yeni mexanizmləri və insan hüquqlarının müdafiəsi məsələsinin də prioritet təşkil etdiyi vurğulanmışdır.

Konfransın ikinci iş günündə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev “Mədəni hüquqlar insan hüquqlarının tərkib hissəsi kimi” adlı məruzə ilə çıxış edərək, müasir dövrdə dünyada davamlı inkişafın yeni texnologiyalarla, internet məkanı ilə bağlı olduğunu, bunlardan istifadə etməklə hər hansı bir mədəni prosesi əks etdirməyin mümkünlüyünü vurğulamış, ölkəmizdə hər bir kəsin, o cümlədən milli azlıqların və etnik qrupların da mədəni hüquqlarının müdafiəsi və təmin olunması sahəsində mühüm işlərin görüldüyünü, iki ildən bir milli azlıqların festivallarının keçirildiyini söyləmişdir. Nazir qeyd etmişdir ki, insan hüquqları, vətəndaşların mədəni hüquqları, davamlı inkişaf haqqında danışarkən, ilk olaraq, virtual dünyada, yeni məkanda hüquqlarımızın müdafiəsi haqqında düşünməliyik.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyasında əqli mülkiyyət hüquqlarının rolu və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. O, ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının müdafiəsi, mədəniyyət sahəsində ənənələrin inkişaf etdirilməsi, ölkə vətəndaşlarının intellektual potensialından səmərəli istifadə olunması istiqamətində mühüm addımların atıldığını, rəhbərlik etdiyi qurumun yaradıcı şəxslərin müəlliflik hüququnun təmin edilməsinə diqqət yetirdiyini vurğulamışdır. Bu sahədə beynəlxalq və milli qanunvericilik bazasının yaradılması, müvafiq dövlət proqramının hazırlanması barədə məlumat verilmiş, agentliyin Ombudsman təsisatı ilə mədəni hüquqların həyata keçirilməsi sahəsində qurduğu sıx əməkdaşlıq əlaqələri diqqətə çatdırılmışdır.

Beynəlxalq konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Minilliyin İnkişaf prinsipləri və gender bərabərliyi” mövzusunda çıxış etmişdir. O, bildirmişdir ki, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın uşaq evləri, internat məktəblərindəki kimsəsiz uşaqlara köməyi, onların təhsili, sağlamlığı, qan xəstəliklərindən əziyyət çəkən uşaqlara xüsusi diqqətlə yanaşması, yeni məktəb binalarının tikilməsi, müasir avadanlıqla və dərs vəsaitləri ilə təchiz olunması, bu coxşaxəli fəaliyyəti ilə insan hüquqlarının təmininə xidmət göstərməsi hamıda rəğbət hissi doğurur. Ombudsman Aparatı ilə qarşılıqlı əməkdaşlığın qurulduğu, Müvəkkilin təşəbbüsü ilə keçirilən bu konfransın təşkilatçılıq baxımından analoqu olmadığı, onun beynəlxalq əməkdaşlıq sahəsində zəngin təcrübəsindən faydalanmağın səmərəsi qeyd edilmişdir.

Komitə sədri məişət zorakılığına məruz qalmış şəxslər üçün sığınacaqların sayının artırılması və peşəkar xidmətin yüksəldilməsinin vacibliyini qeyd etmişdir. O, ölkəmizdə ailə, qadın və uşaq problemləri üzrə elmi-tədqiqat institutunun yaradılmasının məqsədəuyğunluğunu diqqətə çatdırmışdır.

Türkiyə Ombudsmanı Mehmet Nihat Ömeroğlu məruzəsində bu ənənəvi konfransa ilk dəfə qatılmasından qürur duyduğunu, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində zəngin təcrübəyə malik olduğunu vurğulamışdır. O, rəhbərlik etdiyi qurumun insan hüquqları üzrə fəaliyyətinin əsas istiqamətləri barədə ətraflı məlumat vermişdir.

Dövlət Sosial Müdafiə Fondunun sədri S. Müslümov məruzəsində sığorta-pensiya qanunvericiliyi, bərabər hüquqlar üçün bərabər imkanlar haqqında danışmış, fondda qeydiyyatda olan 1 milyon 271,5 min əmək pensiyaçısının 26.8 faizinin, yəni 340, 8 min nəfərin əlilliyə görə əmək pensiyası aldığını, müharibə əlilləri və  ümumi səbəbdən əlillərin də bu sıradan olduğunu qeyd etmiş, pensiya sistemində aparılan dəyişikliklərin müvafiq əhali qruplarının həyat səviyyəsinin yaxşılaşmasına yönəldiyini bildirmişdir.

Beynəlxalq konfransın sessiyalarında Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini E. Vəlizadə, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İ. Kərimov, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri akademik Z.Səmədzadə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Estoniya Ədliyyə Kanslerinin müavini H. Kalmo, Vergilər Nazirinin müşaviri Ə.Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru F. Məmmədov, Moldova Ombudsmanı A. Qriqoriu, Niderlanddan olan beynəlxalq ekspert A.Kornelissen, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini R.Hacıyev, Kazan Federal Universitetinin kafedra müdiri, professor L. Minqazov, Təhsil Nazirliyinin şöbə müdiri F. Qədirov, Dağıstan Respublikasının Ombudsmanı U.Omarova, BDU-nun Hüquq fakültəsinin dekanı, professor Ə.Əliyev, Kabardin-Balkar Respublikasının Ombudsmanı B. Zumakulov, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məsul əməkdaşı C.Alxasov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri G. Səfərova, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri N. Quliyev və başqalarının məruzələri dinlənilmişdir.

Tədbir müzakirələrlə davam etdirilmiş, iştirakçılar fikir və mülahizələrini söyləmiş, Müvəkkilin təcrübəsini və innovativ ideyalarını maraq və razılıq hissi ilə qarşılamışlar.

Konfransın gedişində iştirakçılar Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi üzvlərinin çıxışlarını maraqla dinləmiş, Ombudsman təsisatında insan hüquqları üzrə hazırlanmış çoxsaylı hüquqi kitabların, liflet və broşürlərin, habelə plakatların nümayiş etdirildiyi sərgiyə maraqla baxmışlar.

İştirakçılar təsisatda hazırlanmış bu hüquqi nəşrlərlə, Müvəkkilin 10 illik fəaliyyətini əks etdirən kitabla, həmçinin Ombudsmanın üçcildlik İnformasiya bülletenləri ilə tanış olmuş, bir sıra hüquqi kitabları sifariş etmişlər. Qonaqlar uşaqların “Mən və hüquqlarım” mövzusunda rəsmlərini izləmişdilər.

Konfrans iştirakçıları Milli Məclisdə olmuş, parlament sədrinin birinci müavini  Ziyafət Əsgərovla görüşmüşlər. Görüş zamanı Ombudsmanlar ölkəmizdə gedən inkişafın onlarda xoş təəssürat yaratdığını söyləmiş, Azərbaycanın həm iqtisadi sahədə uğurlarına, həm də dövlət tərəfindən insanlara qayğı və dəstəyə görə nümunəvi ölkə olduğunu vurğulamışlar. Ombudsmanın insan hüquqları üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Məclislə səmərəli əməkdaşlıq etdiyi qeyd olunmuşdur.

E.Süleymanova və konfrans iştirakçıları ölkəmizdə yenicə yaradılmış, səmərəli fəaliyyət göstərən, əhalinin sosial problemlərinin operativ şəkildə həllində yardımçı olan “ASAN” xidmətinin işi ilə tanış olmuş, doqquz müvafiq dövlət qurumunun hüquq sahələri ilə bağlı fəaliyyətini də əhatə edən bu sistemi izləyərək, digər ölkələrdə analoqu olmayan bu Azərbaycan brendini təqdir etmişlər.

Ombudsmanların XI Bakı Beynəlxalq konfransının iştirakçıları tanışlıq məqsədi ilə ölkəmizin səfalı güşələrindən olan Qəbələ rayonuna səfər etmişlər. Qonaqlara Qəbələ şəhərinin tarixi, rayonda sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən layihələr və bütün sahələrdə nəzərəçarpan uğurlar barədə ətraflı məlumat verilmişdir. Tanışlıq zamanı qeyd olunmuşdur ki, respublikamızda əldə edilən davamlı sosial-iqtisadi inkişafın bariz nümunəsini bu rayonun simasında  aydın görmək mümkündür. Rayonda yaradılan yeni istehsal müəssisələri və texnologiyalar, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Konfrans iştirakçıları Qəbələdəki pianino fabriki, konserv zavodu və digər müəssisələrdə olmuş, Qəbələdən zəngin təəssüratla ayrılmış, bu rayonun inkişaf etmiş, gözəl məkan olduğunu heyranlıqla vurğulamışlar.

Qonaqlar həmçinin Şamaxıdakı Diyarşünaslıq muzeyi ilə də tanış olmuş, yurdumuzun zəngin tarixi keçmişi və bugününü əks etdirən eksponatlara baxmışlar. Ölkə başçısının göstərişi ilə bu yaxınlarda təmir olunmuş məscidlə tanışlıq zamanı qonaqlara 1918-ci ilin martında erməni millətçiləri tərəfindən törədilmiş qırğınlar zamanı baş verən qanlı hadisələr, dinc insanların qətlə yetirilməsi, habelə bu məscidə sığınmış insanların, o cümlədən qadınların və uşaqların yandırılması barədə məlumat verilmişdir.

Bu mötəbər tədbirin yekunu olaraq, Azərbaycan Ombudsmanının çoxsaylı təkliflərinin də yer aldığı Bakı Bəyannaməsi hazırlanmışdır.

Ölkəmizin aparıcı KİV-ləri, televiziyalar, qəzetlər və informasiya portalları bu beynəlxalq konfransı böyük maraqla izləmiş və geniş işıqlandırmışlar. Ombudsman bir sıra kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.

Mötəbər tədbirin davam etdiyi günlərdə Müvəkkil və bir neçə iştirakçı Azərbaycan Televiziyasının “Səhər” informasiya proqramının qonağı olmuşdur. Türkiyə Respublikasının ilk Ombudsmanı Mehmet Nihat Ömeroğlu iki qardaş ölkənin dostluq və yüksələn xətlə davam edən tərəfdaşlıq münasibətlərini diqqətə çatdırmış, hər iki respublikanın milli insan hüquqları təsisatları arasında yenicə yaranmış əməkdaşlığın davamlı və səmərəli olacağını, Azərbaycan Ombudsmanının təcrübəsindən faydalanacaqlarını ifadə etmişdir.

Ombudsmanların XI Bakı Beynəlxalq Konfransının Bəyannaməsi