Ombudsmanların XII Bakı Beynəlxalq Konfransı
Müvəkkilin YUNESKO-nun dəstəyi ilə ənənəvi olaraq 18-20 iyun 2014-cü il tarixlərində keçirdiyi “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı adı çəkilən aylığın yekun tədbiri olmuşdur. Bu mötəbər toplantı İnsan Hüquqları Gününə, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Əhali məsələləri üzrə Qahirə konfransının, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 20 illiyinə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının 35-ci ildönümünə həsr edilmişdir.
Konfrans iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək Ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoymuş, onun xatirəsini ehtiramla yad etmiş, həmçinin Şəhidlər Xiyabanına gedərək, müstəqilliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini anmışlar. “Əbədi məşəl” abidəsinin önünə də əklil qoyulmuşdur.
Ombudsmanların XII Bakı Beynəlxalq konfransına ABŞ, İsveçrə, Rumıniya, Serbiya, Makedoniya, Nepal, Türkiyə, Şimali Kipr Türk Respublikası, Pakistan, Qırğızıstan, Gürcüstan, Rusiya Federasiyası və subyektlərinin, habelə Moldova, Latviya və digər ölkələrin təmsilçiləri qatılmışlar.
Bu mötəbər toplantıda həmçinin Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin sədr müavini, Millət vəkilləri, nazirlər və komitə sədrləri, dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, vətəndaş cəmiyyətinin, QHT və KİV təmsilçiləri iştirak etmişlər.
Konfransın açılış mərasimində Ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının I katibi Günay Əfəndiyeva, Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin rezident koordinatoru, BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Antonius Bruk, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin Milli İnsan Hüquqları İnstitutları və regional mexanizmlər bölməsi rəhbərinin müavini Afərin Şahidzadə və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard iştirakçıları salamlamış, beynəlxalq tədbirin məqsəd və məramını açıqlamış və коnfransın işinə uğurlar arzulamışlar.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ofisinin Milli İnsan Hüquqları İnstitutları və regional mexanizmlər bölməsinin rəhbərinin müavini Afərin Şahidzadə açılış mərasimində söyləmişdir ki, qadın hüquqlarının müdafiəsinə bütün dünyada önəm verilir. Lakin o təəssüflə bildirmişdir ki, müasir dövrdə dünyada hələ də qadınlara qarşı zorakılıq və ayrı-seçkilik halları müşahidə olunmaqdadır. O, münaqişələrin həlli, sülhün əldə olunması prosesində qadınların rolunun artırılmasının vacibliyini önə çəkmişdir. Qeyd olunmuşdur ki, qadınlar dünyanın müxtəlif ölkələrində hələ də cinsi zorakılığa məruz qalırlar və bu istiqamətdə mübarizə kampaniyası daha da gücləndirilməlidir və bu işdə medianın da üzərinə mühüm vəzifələr düşür. Ayrı-ayrı ölkələrdə bu sahədə qanunvericilik bazası təkmilləşdirilməli, hüquq-mühafizə orqanlarının nümayəndələri üçün məişət zorakılığı ilə mübarizə sahəsində xüsusi təlimlər keçirilməlidir.
BMT Baş katibinin Uşaqlara qarşı zorakılığın qarşısının alınması üzrə xüsusi nümayəndəsi Marta Santos Paisin və BMT Baş katibinin Uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndəsi Leyla Zərruginin konfrans iştirakçılarına videomüraciətləri səsləndirilmişdir.
Ombudsman bu konfransların təşkilində dəstəyə görə Azərbaycan Hökumətinə, YUNESKO-ya, onun Azərbaycan Respublikasında Milli Komissiyasına öz minnətdarlığımı bildirmişdir.
Müvəkkil plenar iclasda “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin qadın hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti (“Pekin Bəyannaməsi və Fəaliyyət Platforması – 20” kontekstində) mövzusunda məruzə etmişdir. O qeyd etmişdir ki, müasir Azərbaycan dövlətini Ümummilli liderimiz Heydər Əliyev yeni inkişaf mərhələsinə ucaltmış və onun inkişaf strategiyaları Prezident İlham Əliyev tərəfindən xalqın dəstəyi ilə uğurla davam etdirilir. Ölkəmiz sürətlə inkişaf etmiş, son on ildə ümumdaxili məhsul 3,4 dəfə artmış, 1,2 milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi isə 5 faizə enmişdir. Bununla da uğurlu, dayanıqlı və sürətli inkişaf təmin edilərək insan hüquqlarının müdafiəsi üçün münbit şərait yaranmışdır. Üç strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilmişdir.
Qeyd olunmuşdur ki, Ombudsman təsisatı ölkədə insan hüquq və azadlıqlarının məhkəmədənkənar müdafiəsini həyata keçirən müstəqil qurum kimi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən A statusu ilə akkreditasiya olunaraq fəaliyyət göstərməkdədir.
E.Süleymanova builki konfransın mövzusunun insan hüquq və azadlıqlarının ayrılmaz tərkib hissəsi olan qadın hüquqlarına həsr olunduğunu diqqətə çatdırmışdır. O, qadınların hüquqları üzrə dörd Ümumdünya konfransının keçirildiyini, mühüm beynəlxalq sənədlər, o cümlədən hazırda 35 illiyini qeyd etdiyimiz “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın qəbul edildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, 30 maddədən ibarət olan bu Konvensiya həm də qadınlar üçün nəzərdə tutulmuş hüquqların tətbiqinə təminat verən ölkələrin fəaliyyət proqramlarının işlənib hazırlanmasına zəmin yaratmışdır.
Qeyd olunmuşdur ki, qadın hüquqlarının müdafiəsi, məişətdə, xüsusilə qadınlara qarşı zorakılığın qarşısının alınması baxımından 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu da mühüm əhəmiyyət kəsb edir.
Bildirilmişdir ki, 2012-ci ildə ölkə Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf Konsepsiyası digər məsələlərlə yanaşı, eyni zamanda, gender bərabərliyinin təmin olunmasını və ailənin inkişaf etdirilməsini özündə ehtiva edir, qadın hüquqlarının müdafiəsində hakimiyyət orqanlarının rolunu müəyyənləşdirir, onların ictimai təşkilatlarla əməkdaşlığı üçün yeni imkanlar açır.
Müvəkkil fəaliyyət dövrü ərzində normativ-hüquqi bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində mühüm işlərin görüldüyünü vurğulamışdır.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov konfrans iştirakçılarını Azərbaycan Hökuməti adından salamlamış və ombudsmanların növbəti beynəlxalq tədbirində iştirakından məmnun olduğunu, Müvəkkilin təşəbbüsü ilə keçirilən bu mötəbər toplantının aktual mövzuya həsr edildiyini söyləmişdir.
Ermənistanın 25 ildən artıq davam edən təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğu, bir milyondan artıq soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırılmışdır. Bu işğalçı dövlətin BMT-nin işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə məlum 4 qətnaməsinə bu gün də əməl etmədiyi bildirilmişdir. Vurğulanmışdır ki, ölkəmizdə ən çox hüquqları pozulan, sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından zorla qovulmuş qaçqın və məcburi köçkünlərdir. Ombudsmanın bu insanların hüquqlarını daim müdafiə etdiyi, bu qəbildən olan soydaşlarımızın məskunlaşdığı yerlərə tez-tez səfərlər etdiyi, onların problemlərinə həssaslıqla yanaşdığı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdığı bildirilmişdir.
Bu gün məcburi köçkünlərin təxminən 53 faizini qadınların təşkil etdiyi, 150 min qız uşağının dünyaya məcburi köçkün kimi göz açdığı vurğulanmışdır.
1998-ci ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, 1999-cu ildə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunların qəbul edildiyi bildirilmişdir.
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının I katibi Günay Əfəndiyeva konfrans iştirakçılarını təmsil etdiyi qurum adından salamlamış, bu mötəbər toplantının mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. O, rəhbərlik etdiyi Milli Komissiyanın 1994- cü ildə Ulu öndər Heydər Əliyevin böyük səyləri ilə yaradıldığını, sonralar bu qurumun böyük uğurlara imza atdığını diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın beynəlxalq qadın hərəkatının ən fəal liderlərindən biri kimi, ictimai, sosial, mədəni, humanitar istiqamətlərdə əldə etdiyi nailiyyətlər, onun YUNESKO-nun mütərəqqi ideyalarına bağlılığı bütün dünyada rəğbətlə qarşılanır. G.Əfəndiyeva konfransda “Azərbaycan-YUNESKO: İnsan hüquqlarına əsaslanan tərəfdaşlıq “adlı kitabı təqdim edərək bu yeni nəşrdə qurumun fəaliyyəti və prioritet istiqamətləri, Ombudsmanla səmərəli əməkdaşlığın geniş yer aldığını diqqətə çatdırmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Bahar Muradova çıxışında Ombudsmanın şəxsi təşəbbüsü və ölkə rəhbərliyinin dəstəyi sayəsində keçirilən və qadın hüquqlarına həsr edilmiş bu beynəlxalq konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, Müvəkkilin parlamentlə, dövlət qurumları və QHT-lərlə sıx əməkdaşlıq əlaqələri qurduğunu, E.Süleymanovanın Ombudsman olaraq, seçkisi zamanı bütün millət vəkillərinin dəstəyini aldığını, illik məruzələri dinlənilərkən insan hüquqları sahəsində fəaliyyətinin millət vəkilləri tərəfindən yüksək dəyərləndirildiyini söyləmişdir.
Bütün zamanlarda qadınların bəşəriyyətə, cəmiyyətə əvəzolunmaz töhfələr verdiyi, çağdaş dövrümüzdə də onların iqtisadi, ictimai, siyasi, mədəni proseslərin önündə getdiyi diqqətə çatdırılmışdır. Ölkəmizdə qadın hərəkatının özünəməxsus tarixi inkişaf istiqamətləri, ənənələri, sosial-iqtisadi sahənin əhəmiyyətli iştirakçısı kimi cəmiyyətdə tutduğu mövqe önə çəkilmişdir. Bu gün Azərbaycan qadınlarının parlamentdə, bələdiyyə orqanlarında, məhkəmə sistemində, hökumət strukturlarında səmərəli fəaliyyət göstərdiyi, elm, mədəniyyət, təhsil, səhiyyə sahələrində çalışanların böyük əksəriyyətini məhz qadınların təşkil etdiyi vurğulanmışdır. Şəhər və rayon icra hakimiyyətlərində qadınların rəhbər vəzifələrə irəli çəkilməsinin bir ənənəyə çevrildiyi, ictimai sektorda, qeyri-hökümət təşkilatlarında, mətbuat orqanlarında qadınlarımızın uğurlu fəaliyyət göstərdiyi bildirilmişdir.
Qeyd olunmuşdur ki, dövlətimiz “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında” Bəyannaməyə qoşulmuş və qadın hüquqlarını müdafiə və ehtiva edən bir çox digər beynəlxalq sənədlərə dair mühüm qərarlar qəbul etmişdir.
BMT-nin Rezident Koordinatoru, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi Antonius Bruk təmsil etdiyi beynəlxalq qurumun 2015-ci ildən sonrakı dövr üçün əhatəli inkişaf məqsədlərini formalaşdırmaq və işləyib hazırlamaq məqsədi ilə hökumətlər, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla qlobal əməkdaşlıq etdiyini vurğulamışdır. O, ölkəmizdə İnsan hüquqları sahəsində görülən işləri yüksək qiymətləndirmişdir. Dünya əhalisinin 50 faizindən çoxunu qadınların təşkil etdiyi diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, qadınlar siyasi forumlarda bəzən kifayət qədər təmsil olunmur və ayrı-seçkiliklə qarşılaşırlar. Qadınların cəmiyyətdə fəaliyyətinin məhdudlaşdırılması onları iqtisadi baxımdan asılı vəziyyətə salır, yoxsulluq və məhrumiyyətlərlə üz-üzə qoyur. Məhz bu səbəbdən onların hüquqlarının müdafiə və təmin olunması zəruridir və bu iş birgə fəaliyyət, böyük səylər tələb edir.
YUNESKO-nun Moskva Bürosunun sosial və humanitar elmlər üzrə mütəxəssisi Alla Ampar “Gender bərabərliyi YUNESKO-nun əsas prioritetlərindən biri kimi” adlı məruzəsində təmsil etdiyi qurumun Azərbaycan Ombudsman təsisatı ilə uzun müddətdən bəri davam edən səmərəli əlaqələri barədə danışmış, E.Süleymanovanın Rusiya Federasiyasının paytaxtında YUNESKO-nun Moskva Bürosunun dəvəti ilə beynəlxalq tədbirlərdə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, Rusiya Humanitar Elmlər Akademiyasında, Dağıstan Respublikasında keçirilmiş konfransda və digər beynəlxalq toplantılarda ekspert qismində uğurla iştirakının bu əməkdaşlığın daha bir nümunəsi olduğunu bildirmişdir. Konfransın qadın hüquqlarının müdafiəsi kimi çox vacib mövzuya həsr edildiyi, faydalı təcrübə mübadiləsi imkanı olduğu, YUNESKO üçün qadın hüquqlarının həyata keçirilməsinin prioritet təşkil etdiyini vurğulanmışdır.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard çıxışında təmsil etdiyi qurumun ölkəmizdə uşaq hüquqları sahəsində fəaliyyəti, yaradılmış səmərəli əməkdaşlıq istiqamətləri, uşaqların təhsil və sağlamlıq hüquqlarının müdafiəsi üzrə həyata keçirilmiş müvafiq layihələr barədə məlumat vermişdir. Ölkəmizdə uşaq hüquqlarının həyata keçirilməsinin prioritet istiqamətlərdən olduğu, uşaqlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində Azərbaycan hökuməti və Ombudsmanla sıx əməkdaşlıq əlaqələrinin qurulduğu diqqətə çatdırılmışdır.
M.Herevard BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin ölkəmizin Uşaq Hüquqları Konvensiyasının iki Fakültativ Protokolunu ratifikasiya etməsini yüksək dəyərləndirmişdir. O, uşaqlara qarşı zorakılığın yolverilməzliyini vurğulamış və adı çəkilən konvensiyanın icrasının təmini istiqamətində ölkəmizdə sosial, iqtisadi və hüquqi islahatların aparıldığını söyləmişdir.
Ombudsman təsisatı tərəfindən YUNİSEF-in ekspertlərinin dəstəyi ilə hazırlanmış və Milli Məclisə təqdim edilmiş “Uşaqların cismani cəzadan müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun qəbul olunmasının sürətləndirilməsini Müvəkkilin təklif etdiyi bildirilmişdir. Bununla yanaşı, qeyd olunmuşdur ki, Ombudsman “Uşaqların hər cür zorakılıqdan müdafiəsi haqqında” və “Uşaqlara qarşı hər cür ayrı-seçkiliyin aradan qaldırılması haqqında” qanunların qəbul edilməsini də təklif etmişdir. Adı çəkilən bu mühüm sənədlərin qəbul edilməsinin uşaqlara qarşı zorakılığın hər cür formalarının aradan qaldırılmasına öz töhfələrini verəcəyi diqqətə çatdırılmışdır.
Müvəkkil M.Herevardın Azərbaycanda fəaliyyətinin başa çatdığını söyləmiş, görülmüş işlərin səmərəli olduğunu qeyd etmiş və ona Ombudsman təsisatının sertifikatını təqdim etmişdir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məruzəsində ölkəmizin sürətli sosial-iqtisadi inkişafının qadınlarımız üçün yeni imkanlar yaratdığını, qadın hüquqlarının daha səmərəli formada həyata keçirilməsini təmin etdiyini vurğulamışdır. O bildirmişdir ki, son illər ölkəmizdə qadın hüquqlarına və gender bərabərliyinə olan diqqət qadınların həyatın bütün sahələrində fəallığının artmasına səbəb Komitə sədri qeyd etmişdir ki, hazırda qadın hüquqları və gender bərabərliyinin təmin edilməsi sahəsində Azərbaycanın təcrübəsi bir çox ölkələr üçün nümunə ola bilər. Qadın hüquqlarının inkişafı, gender amilinin dövlət siyasətinin bütün istiqamətlərinə daxil edilməsi, qanunvericilik bazasının yaradılması, vətəndaş cəmiyyətinə dəstək göstərilməsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Komitə sədri məişət zorakılığına məruz qalmış şəxslər üçün sığınacaqların sayının artırılması və peşəkar xidmətin yüksəldilməsinin vacibliyini qeyd etmişdir.
Qadınların məşğulluğunun artırılması, yardıma ehtiyacı olan qadınların sosial müdafiəsinin gücləndirilməsi, kənd qadınlarının dəstəklənməsi istiqamətində bir çox tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır. H..Hüseynova komitə ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanan “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsinin həyata keçirildiyini söyləmişdir.
Konfransın ikinci sessiyası BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəsi Vladimir Şkolnikovun moderatorluğu ilə davam etdirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İ.Rəhimov, İqtisadiyyat və Sənaye nazirinin müavini S.Həsənova, Avropa Şurasının Gender bərabərliyi şöbəsinin Qadınlara qarşı zorakılıq və məişət zorakılığı bölməsinin layihə məsləhətçisi R.M.Popa, Gürcüstan Xalq Müdafiəçisi Aparatının məsul nümayəndəsi Y.Sxiladze, Tatarıstan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili S.Saburskaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İ.Məmmədov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi F.Qurbanov, BDU-nun Hüquq fakültəsinin dekanı, professor Ə.Əliyev və kafedra müdiri, psixologiya üzrə fəlsəfə doktoru R.İbrahimbəyova, DİN-in İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili F.Əliyev, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası İctimai Birliyinin sədri G.Səfərova, Təhsil nazirinin müavini C.Bayramov, YUNİSEF-in Nepaldakı nümayəndəsi H.Singer, Pakistanın Federal Ombudsmanı Y.Abbasey, Qırğızıstan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili B.Amanbayev və başqaları “Qərarlardan icraya doğru” və “Qadınların və qız uşaqlarının hüquqları: ayrı-seçkiliyə və zorakılığa yol verilməməsi” adlı sessiyalarda məruzələr etmiş, fikir və mülahizələrini söyləmişlər.
Konfransda Azərbaycan Ombudsmanı E.Süleymanova Rusiya Federasiyasının Orenburq və Kemerovo vilayətlərinin İnsan Hüquqları üzrə Müvəkkilləri A.Çadov və N.Volkovla insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq haqqında sazişlər imzalamışdır.
Moldova Ombudsmanı Aurelia Griqoriunun moderatorluq etdiyi “Hərbi münaqişələrdə və fövqəladə hallarda qadın və uşaq hüquqlarının təmin olunması” adlı dördüncü sessiyada Xarici İşlər Nazirliyinin İdarə rəisi M.Kəngərlinski “Hərbi münaqişələr şəraitində qadın və uşaqların hüquqları, Fövqəladə Hallar Nazirliyinin məsul nümayəndəsi N.Əfəndiyeva isə “Fövqəladə hallarda qadın və uşaq hüquqlarının müdafiəsi” mövzularında məruzələr etmişlər.
Konfrans müzakirələrlə davam etdirilmiş, iştirakçılar fikir və mülahizələrini söyləmiş, Müvəkkilin insan hüquqları sahəsində təcrübəsini və innovativ ideyalarını maraq və razılıq hissi ilə qarşılamışlar.
Beynəlxalq konfransın yekununda iştirakçılar yekdilliklə Bakı Bəyannaməsini qəbul etmişlər. Qonaqlar xatirə fotoşəkli çəkdirmiş, qadın və uşaq hüquqları mövzusunda uşaq rəsm sərgisinə, habelə Azərbaycan Ombudsman təsisatında insan hüquqları üzrə hazırlanmış çoxsaylı hüquqi kitabların, liflet və broşürlərin, habelə plakatların nümayiş etdirildiyi sərgiyə maraqla baxmışlar.
Konfransın sonunda Müvəkkil ənənəvi olaraq hər il keçirilən belə konfransların təşkilində dəstəyə görə Azərbaycan hökumətinə, YUNESKO-ya, onun ölkəmizdəki Milli Komissiyasına bir daha öz minnətdarlığımı bildirmişdir. O, konfransın uğurla başa çatdığını, müzakirəyə çıxarılan məsələnin insan hüquqları baxımından böyük praktiki əhəmiyyət kəsb etdiyini, səmərəli fikir və təcrübə mübadiləsi aparıldığını, gələcək qarşılıqlı fəaliyyətin perspektivlərini müəyyənləşdirdiyini, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinə dəyərli töhfələr verəcəyini qeyd etmişdir.
Ölkəmizin aparıcı KİV-ləri, televiziyalar, qəzetlər və informasiya portalları bu beynəlxalq konfransı böyük maraqla izləmiş və geniş işıqlandırmışdır. Ombudsman bir sıra kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.
İştirakçılar üç gün davam edən bu beynəlxalq toplantının uğurla başa çatdığını, plenar iclasda və sessiyalarda səmərəli müzakirələrin aparıldığını, insan hüquqları sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirildiyini vurğulamış, Azərbaycan Ombudsmanının zəngin təcrübəsindən faydalanacaqlarını ifadə etmişlər.
Ombudsmanların XIl Bakı Beynəlxalq konfransının iştirakçıları Quba rayonuna səfər etmişlər. Onlar Heydər Əliyev Mərkəzində, Gənclər Mərkəzində olmuş, Müvəkkilin Quba Regional Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar. Qonaqlar həmçinin Quba Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər. Bu komplekslə tanışlıq zamanı qonaqlara 1918-ci ilin martında erməni millətçiləri tərəfindən törədilmiş qırğınlar zamanı bu bölgədə də baş verən qanlı hadisələr, dinc insanların, o cümlədən qadınların və uşaqların qətlə yetirilməsi barədə ətraflı məlumat verilmişdir.
Müvəkkilin rəhbərliyi ilə təsisatın nüfuzlu beynəlxalq təşkilatlarla faydalı surətdə əməkdaşlığı hər keçən gün daha da artmaqda və güclənməkdədir. Bu əməkdaşlığın ən böyük göstəricisi fəaliyyətimizin bütün sahələrinə mütərəqqi dünya təcrübəsini tətbiq etməkdir. Belə bir əməkdaşlığın daha da möhkmələndirilərək gələcəkdə də uğurla davam etdirilməsi fəaliyyətimizə əlavə imkanlar yaradacaqdır.