Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransı

Ombudsman YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və YUNESKO-nun 70 illiyinə həsr olunmuş “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransını keçirmişdir.

İştirakçılar Fəxri Xiyabanı ziyarət edərək Ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoymuş, onun xatirəsini ehtiramla yad etmiş, həmçinin Şəhidlər Xiyabanına gedərək, müstəqilliyimiz və  torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini anmışlar. “Əbədi məşəl” abidəsinin önünə də əklil qoyulmuşdur.

Azərbaycan Ombudsmanının fəaliyyətində ənənəvi olan bu beynəlxalq toplantıya BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ölkələri üzrə  böyük müşaviri Vladimir Şkolnikov, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti, Namibiya Ombudsmanı John Walters və həmin institutun baş katibi, Avstriya Ombudsmanı Gunther Krauter qatılmışdır.  Qeyd olunmalıdır ki, konfransda Avropa, Asiya və Afrika ölkələrindən - Avstriya,  Sloveniya, Xorvatiya, Rumıniya, Türkiyə, Misir, Pakistan, Namibiya, Rusiya Federasiyasının subyekti olan Saratov vilayəti, habelə Moldova, Özbəkistan, Qazaxıstandan gələn ombudsmanlar, onların nümayəndələri,   insan hüquqları üzrə beynəlxalq ekspertlər, tanınmış hüquqşünas alimlər iştirak etmişlər.

Bu mötəbər toplantıda həmçinin Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov,  millət vəkilləri, nazirlər və komitə sədrləri, dövlət qurumlarının, səfirliklərin, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, habelə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bir qrup tələbəsi də iştirak etmişlər.

Tədbiri açan Ombudsman Elmira Süleymanova iştirakçıları salamlamış, Konstitusiya günü münasibətilə təbrik etmiş, beynəlxalq tədbirin məqsəd və məramını açıqlamış və  коnfransın  işinə uğurlar arzulamışdır. O, bu ilin 1 noyabr tarixində ölkəmizdə keçirilmiş parlament seçkilərinin  şəffaf, demokratik, ədalətli və əhalinin fəallığı şəraitində başa çatdığını, nüfuzlu beynəlxalq təşkilatların, həmçinin 30-dan artıq müşahidə missiyasının seçkilərə yüksək qiymət verdiyni,  Avropa İttifaqının yeni parlamentlə əməkdaşlığa hazır olduğunu bildirdiyini qeyd etmişdir.

Bu konfransın müstəqil dövlətimizin ilk Əsas Qanununun qəbul edilməsinin iyirminci ildönümü günündə keçirilməsinin böyük rəmzi məna daşıdığı vurğulanmışdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 1995-ci ilin noyabrın 12-də referendum yolu ilə qəbul edilməsinin müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olduğu, dövlət quruculuğu tarixində ilk dəfə olaraq Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi təsbit olunduğu diqqətə çatdırılmışdır. Konstitusiya statuslu Ombudsman təsisatının fəaliyyətini Konstitusiya Qanunu ilə tənzimlədiyi bildirilmişdir. Müvəkkil insan hüquqlarının təmin olunması sahəsində Azərbaycanda son illərdə müsbət dəyişikliklər  baş verdiyini, köklü islahatların aparıldığını, müxtəlif sahələri əhatə edən strategiyaların, dövlət proqramlarının qəbul edildiyini diqqətə çatdırmışdır. Bunun isə   respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan verdiyi, nəticədə 1 milyon 400 min yeni iş yeri açıldığı, işsizliyin səviyyəsinin 5 faizə, yoxsulluğun səviyyəsinin isə  49 faizdən 5 faizə endiyi bildirilmişdir.

E. Süleymanova konfransın eyni zamanda BMT-nin və onun ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun yubileylərinə həsr olunduğunu, bu qurumların ombudsman təsisatlarının formalaşmasında və fəaliyyətində  böyük rolunu diqqətə çatdırmışdır. Azərbaycan Ombudsman təsisatınin ölkədə insan hüquq və azadlıqlarının məhkəmədənkənar müdafiəsini həyata keçirən müstəqil qurum olaraq,  Paris Prinsiplərinə uyğun fəaliyyət göstərdiyi üçün BMT tərəfindən iki dəfə - 2006-ci və 2012-ci illərdə ən yüksək A statusu ilə akkreditasiya olunduğu vurğulanmışdır. 

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz çıxışında 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlət quruculuğunun, demokratik, plüralist cəmiyyətin formalaşdırılmasının başlıca vəzifə kimi müəyyən edildiyini söyləmişdir. Məhz buna görə də Azərbaycan dövlətinin demokratik prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş, güclü dövlət və etibarlı tərəfdaş imici qazanmışdır. Bu tarixi sıçrayış məhz Prezident İlham Əliyevin milli iradəyə əsaslanan, müstəqil və düşünülmüş siyasəti sayəsində mümkün olmuşdur.

Ötən əsrin sonrlarından etibarən Azərbaycan qonşu Ermənistanın ərazi iddiaları və təcavüzkar siyasəti üz-üzə qalmış, hələ 1980-cı illərin sonlarında Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı deportasiya olunmuşdur. 1992-ci ilin əvvələrində Ermənistan ölkəmizə qarşı hərbi əməliyyatlara başlamış, həmin ilin 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində soyqırımı törədilmiş, yüzlərlə insan qətlə yetirilmiş, mindən artıq sakin isə əsir götürülmüşdür. Məlum münaqişə nəticəsində 20 mindən çox Azərbaycan vətəndaşı həlak olmuş, 100 min nəfərədək insan yaralanmış, 50 min nəfər isə əlil olmuşdur.

BMT Təhlükəsizlik Şurasının adı çəkilən münaqişə ilə bağlı 7 bəyanat və 4 qətnaməsi qəbul edilsə də,  Ermənistanın indiyədək bu beynəlxalq sənədlərin tələblərini yerinə yetirmədiyi bildirilmişdir.

Qeyd olunmuşdur ki, dünyanın digər nüfuzlu beynəlxalq təşkilatları da münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən çoxsaylı qərar və qətnamələr qəbul etmişlər. 2005-ci il yanvarın 25-də AŞPA-nın qəbul etdiyi qətnamədə Azərbaycan ərazilərinin böyük bir hissəsinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu və separatçıların Dağlıq Qarabağ regionuna nəzarət etdiyi göstərilmişdir. Qətnamədə Ermənistanın yeritdiyi etnik təmizləmə siyasəti pislənilmiş, bu siyasətin və hərbi əməliyyatların monoetnik ərazilərin yaranmasına gətirib çıxarmasından narahatlıq ifadə edilmişdir. Sənəddə bildirilmişdir ki, Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması onun öhdəliklərinə açıq-aşkar ziddir.Əli Həsənov vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək bildirmişdir ki, Əsas Qanunumuz  hazırlanarkən ümumbəşəri dəyərlər və ənənəvi  hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların müasir inkişaf meylləri də nəzərə alınmışdır. Qeyd olunmuşdur ki, Konstitusiyanın bir fəsli bütünlüklə əsas insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur. Bütövlükdə Konstitusiyanın təhlili göstərir ki, Əsas Qanunumuz insan hüquqları və əsas prinsiplərə tam uyğundur.        Vurğulanmışdır ki, ötən 20 ildə yeni nəsil formalaşıb və Konstitusiya özünü fundamental Əsas Qanun kimi doğruldub. Bu gün Azərbaycanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda əldə etdiyi uğurların və Milli Məclisdə qəbul olunan qanunların təməlində Konstitusiya dayanır.   Konstitusiyanın qəbul edilməsi yalnız  yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, həm də Azərbaycanın inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Əsas Qanunun hüquqi fəlsəfəsinin əsasını, onun bütün norma və müddəalarının özəyini məhz demokratik, hüquqi, sosial dövlət ideyası, insanın, onun hüquqlarının və azadlıqlarının ali dəyər olması fikri təşkil edir. Müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən mütərəqqi dəyərlər bu  sənəddə öz əksini tapmışdır. Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının ən müxtəlif sahələrində reallaşdırılan irimiqyaslı islahatlar öz əsasını və mənbəyini məhz Konstitusiyadan götürmüşdür.

F. Abdullayev bildirmişdir ki, Əsas Qanunun müddəalarından biri Konstitusiya Məhkəməsinin yaradılması ilə bağlıdır. 1998-ci ildə yaradılan bu qurum müəyyən müraciətlər əsasında Konstitusiya nəzarətini həyata keçirir. O bildirmişdir ki, bu gün Konstitusiya Məhkəməsinin Ombudsman təsisatı ilə sıx əlaqələri mövcuddur. Məhkəmənin bir çox hüquqi, sosial, cinayət, mülki-prosessual qərarları Ombudsmanın sorğuları və müraciətləri əsasında qəbul edilmişdir. Ombudsman insan hüquqları sahəsində  səmərəli fəaliyyət göstərir, vətəndaş və dövlət arasında çox fəal mövqedə dayanır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən mədəni hüquqların müdafiəsi və təmini istiqamətində səmərəli çalışdığını diqqətə çatdırmışdır. Bir sıra beynəlxalq qurumların, o cümlədən YUNESKO, İSESCO, TÜRKSOY və təmsil etdiyi qurumun insan hüquqları, xüsusilə də mədəni hüquqların təmin olunması istiqamətində fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. O, mədəni irsin qorunması və bəşəriyyətin gələcəyi naminə insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları əməkdaşlığa dəvət etmişdir. Fondun prezidenti bildirmişdir  ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda və ətraf ərazilərdə yüzlərlə abidəmiz məqsədli şəkildə məhv edilir, yaxud erməniləşdirilir. Bu isə xalqlarımızın sahib olduğu mədəni hüquqların pozulması deməkdir. Çünki hər bir xalq öz mədəni dəyərləri, milli keyfiyyətləri ilə tanınır. Bu xüsusiyyətlərin başqaları tərəfindən mənimsənilməsi yolverilməzdir. Ona görə də insan hüquqlarının, xüsusilə də mədəni hüquqların təmin olunmasında beynəlxalq təşkilatların, dövlət qurumlarının fəaliyyəti genişləndirilməli və əlaqələndirilməlidir. Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsində nəzərdə tutulduğu kimi, beynəlxalq əməkdaşlıq yolu ilə mədəni sahədə fəaliyyətlərin əlaqələndirilməsi bu təşkilat üçün prioritet əhəmiyyət daşıyır.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov “İnsan Hüquqları üzrə Müvəkkilin Milli Məclislə əməkaşlığının Konstitusiya hüquqi əsasları” mövzusunda çıxış edərək bildirmişdir ki, ölkəmizdə Ombudsman institutunun yaradılması ardıcıl surətdə aparılan demokratik, hüquqi islahatların tərkib hissəsi, habelə insan hüquqlarının müdafiəsi mexanizminin səmərəliliyinin artırılması məqsədini daşımışdır. Nəzərə almaq lazımdır ki, müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquqlarının etibarlı təminatının yaradılmasını tələb edir. Bundan ötrü isə yeni, daha real üsul və mexanizmlərin tətbiqi mühüm rol oynayr. Insan hüquqlarının təminatına yönələn müdafiə mexanizmləri nə qədər çox olarsa və səmərəli fəaliyyət göstərərsə, ümumbəşəri dəyərlərə hörmət də  bir o qədər yüksək olar. Buna görə də Ombudsman İnstitutunu bu sahədə fəaliyyət göstərən digər dövlət mexanizmləri sistemində tamamlayıcı mexanizm kimi nəzərdən keçirmək lazımdır.

 Z. Əsgərov vurğulamışdir ki, artıq Avropa dövlətlərində Ombudsman İnstitutunun müxtəlif modelləri formalaşmış və ixtisaslaşmış müvəkkil institutları yaranmışdır. Azərbaycan Ombudsman İnstitutu isə bütövlükdə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı səlahiyyətlərə malikdir. Bu da öz növbəsində Müvəkkilin daha geniş funksiyalarının olduğunu şərtləndirir. O, Müvəkkilin parlamentlə, dövlət qurumları və QHT-lərlə sıx əməkdaşlıq əlaqələri qurduğunu, onun illik məruzələri dinlənilərkən insan hüquqları sahəsində fəaliyyətinin  millət vəkilləri tərəfindən yüksək dəyərləndirildiyini söyləmişdir.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “Beynəlxalq əməkdaşlıq mədəni hüquqların müdafiəsi kontekstində” adlı məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, mədəniyyət hər bir insanın və cəmiyyətin sosial həyatının ayrılmaz tərkib hissəsidir. Buna görə də dövlətimizin ümumi siyasətində mədəniyyət siyasəti daha geniş aspektdə nəzərdən keçirilir.  Dövlət quruculuğu, iqtisadi və sosial sahələrdə həyata keçirilən köklü islahatlar mədəni proseslərin məzmununa və dinamikasına da  təsir göstərir. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunmuş mədəni hüquqlarının həyata keçirilməsi üçün əlverişli imkanlar yaratmışdır.

 Konfransda Müvəkkil Elmira Süleymanovanın “Azərbaycanda konstitusion hüquq və azadlıqların təmin olunmasında ombudsmanın rolu”mövzusunda məruzəsi  dinlənilmişdir. O qeyd etmişdir ki,Müvəkkil fəaliyyətində ölkəmizdə qəbul edilmiş üç strateji sənədə - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına” (2011) əsaslanır.  Milli Fəaliyyət Planında olduğu kimi, bu Proqramın da həyata keçirilməsinin monitorinqi, dəyərləndirilməsi və əlaqələndirilməsi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərlik İnsan Hüquqları üzrə Müvəkkilə tövsiyə edilmişdir.Dövlət qurumlarının, əhalinin müxtəlif qruplarının, vətəndaş cəmiyyətinin Milli Fəaliyyət Proqramında fəal iştirakını təmin etmək və təbliğ etmək məqsədilə Müvəkkil tərəfindən 58 şəhər və rayonun hər birində ictimai dinləmələr keçirilmişdir. Bu ictimai dinləmələr əhalinin hüquqi maarifləndirilməsinə, vətəndaş fəallığının artmasına, hər kəsin iştirak hüququnun təmin edilməsinə, idarəetmənin demokratikləşməsinə və daha da təkmilləşdirilməsinə xidmət edir.

Qeyd olunmuşdur ki,Ombudsmanın təşəbbüsü ilə təsdiq olunmuş 18 iyun Milli İnsan Hüquqları Günü ərəfəsində ənənəvi olaraq hər il respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Aparilan müzakirələr əsasında dövlət qurumlarına 500-dək təklif verilmişdir ki, bunların 60 faizi  təmin olunmuşdur.

Konstitusiya Qanununa görə Azərbaycan Respublikasında işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə milli preventiv mexanizm (MPM) funksiyaları Müvəkkilə həvalə olunmuşdur. Bu funksiyaların icrası məqsədilə Ombudsman və Aparatın əməkdaşları tərəfindən müvəqqəti saxlanma təcridxanalarında, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə  başçəkmələr həyata keçirir, saxlanılan şəxslərlə görüşür, ehtiyaclarını öyrənir, səlahiyyətləri çərçivəsində tədbirlər görür.

Qeyd edilmişdir ki,ölkə Prezidenti tərəfindən son illərdə 59 əfv fərmanı imzalanmış, Milli Məclis isə 10 amnistiya aktı qəbul etmişdir ki, bu da minlərlə islah olunmuş məhkumun azad edilməsinə,cəmiyyətə qovuşmasına kömək etmişdir.  Ombudsmanın müraciətləri əsasında  bu günədək 467 məhkum azad olunmuşdur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial müdafiə hüquqlarının konstitusion təsbiti”, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov “Azərbaycanda konstitusion hüquq və azadlıqların təmin olunmasında beynəlxalq əməkdaşlığın rolu”, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova “İnsan hüquqları sahəsində həyata keçirilən hüquqi islahatlar və onların Naxçıvan Muxtar Respublikasında icrası”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Dövlət xidmətlərinin göstərilməsi kontekstində insan hüquqları və azadlıqlarının müdafiəsi: “ASAN” təcrübəsi” mövzularında məruzələrlə çıxış etmişlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyevanın “Qadın və uşaq hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi kimi”, Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanovanın “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili arasında qarşılıqlı əlaqələr” mövzularında məruzə etmişlər.

Sonra Xorvatiya ombudsmanı Lora Vidoviçin “İnsan hüquqlarının təmin olunmasında ombudsmanın rolu”, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi Nazim Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müasir konsepsiyası”, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Əqli mülkiyyət və insan hüquqları”, İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın “Davamlı inkişaf məqsədləri kontekstində insan hüquqları”, Türkiyənin İnsan Hüquqları Qurumunun rəhbəri Hikmet Tülenin “Türkiyədə konstitusion hüquqların müdafiəsi üçün nəzərdə tutulan qurumlar və onları fəaliyyəti” mövzularında məruzələri dinlənilmişdir.

Beynəlxalq konfrans işini noyabrın 13-də davam etdirmişdir.Avstriya Ombudsmanı, Beynəlxalq Ombudsmanlar İnstitutunun Baş katibi Gunther Krauter “Ombudsman institutlarının gündəlik fəaliyyətində insan hüquqlarına daha səmərəli yanaşma”, Türkiyə Respublikası İnsan Hüquqları Qurumunun rəhbəri Hikmet Tülen “Türkiyədə konstitusion hüquqların müdafiəsi üçün nəzərdə tutulan qurumlar və onların fəaliyyəti”, Sloveniya Ombudsmanı Vlasta Nussdorfer “Sloveniya Ombudsmanı tərəfindən ölkə Konstitusiya məhkəməsinə təqdim edilmiş sorğular”, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor vəzifəsini icra edən Elçin Xələfov “Ölkə Konstitusiyası və Ombudsman təsisatının inkişafı”, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə böyük müşaviri Vladimir Şkolnikov “Konstitusion hüquqlar və təminatlar: MİHT üçün əlavə vasitələr”, Misirin Milli İnsan Hüquqları Şurasının prezidenti Mohamed Fayek “Dayanıqlı inkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsində Milli İnsan Hüquqları Təsisatlarının rolu”, BDU-nun Sosial və pedaqoji prsoxologiya kafedrasının müdiri Kamilə Əliyeva “Hüquqi psixologiyanın aktual problemləri”, Moldovanın İctimai Palatasının prezidenti Aurelia Qruqoriu “İkili standartlar siyasəti əsas konstitusion prinsiplərin və insan hüquqlarının pozuntusu kimi”, Rumiya Ombudsmanının müavini İonel Oprea “Xalq müdafiəçsinin konstitusion hüquq və azadlıqlarının müdafiəsinə cəlb olunması”, Qazaxıstan Milli İnsan Hüquqları Mərkəzinin rəhbəri Vyaçeslav Kalyujnıy,  Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər İdarəsinin rəisi Marat Kəngərlinski “Azərbaycan Respublikasının humanitar sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı”, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsi və təbliğinə strateji yanaşma”, Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev “Avropa İnsan Hüquqları Konvensiyası-65”, “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev “Hüquqların təbliğində vətəndaş cəmiyyəti institutlarının rolu”, ”Rusiya Federasiyası Saratov Vilayətinin Ombudsmanı Tatyana Jurik “ Əhalinin pulsuz hüuqi yardım almaq imkanlarının artırılması: Saratov vilayətinin təcrübəsi” mövzularında məruzələrlə  çıxış etmişlər.

Konfrans canlı müzakirələrlə davam etdirilmiş, iştirakçılar fikir və mülahizələrini söyləmiş, Müvəkkilin insan  hüquqları sahəsində təcrübəsini və  innovativ ideyalarını maraq və razılıq hissi ilə qarşılamışlar.

Konfransın ikinci iş günündə iştirakçılar 5 saylı ASAN Xidmət Mərkəzində olmuş, vətəndaşlara şəffaf, çevik və çatımlı xidmətlər göstərən, Azərbaycan brendi kimi tanınan bu qurumun fəaliyyəti ilə ətraflı tanış olmuşlar.

Konfransın üçüncü günü Ombudsman Aparatında olmuş, təsisatın fəaliyyəti, Müvəkkilin insan hüquqları sahəsində işinin əsas istiqamətləri, Aparatın strukturu, ərizə və şikayətlərin qəbulu və baxılması prosesi, ayrı-ayrı şöbə və strukturların işi ilə tanış olmuşlar.

 Görüşün sonunda  qonaqlara Ombudsman Aparatının divarlarında asılmış, Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edən “Cənubi Qafqaz--1903-cü” il, “Ermənistanda etnik təmizləmə və Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü” (1948-1953,1988-1993) və “Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi” qarşısında  bu  nadir xəritələr barədə ətraflı məlumat verilmişdir. 

Beynəlxalq konfransın yekununda yekdilliklə Bakı Bəyannaməsi qəbul edilmişdir. Qonaqlar xatirə fotoşəkli çəkdirmiş, Müvəkkilin Uşaq Hüquqları üzrə Resurs Mərkəzi olan Azərbaycan Uşaq və Gənclərinin Sülh Şəbəkəsi üzvlərinin uşaq hüquqları mövzusunda rəsm sərgisinə, habelə Azərbaycan Ombudsman təsisatında hazırlanmış çoxsaylı hüquqi nəşrlərin  nümayiş etdirildiyi, həmçinin Azərbaycanı təliğ edən müxtəlif nəşrlərdən ibarət sərgilərə maraqla baxmışlar.

 Ölkəmizin aparıcı KİV-ləri, televiziyalar, qəzetlər və informasiya portalları  bu beynəlxalq konfransı böyük maraqla izləmiş və geniş işıqlandırmışdır. Ombudsman bir sıra kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.

Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransının Bəyannaməsi