Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarına Ermənistanın hərbi təcavüzü nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın, o cümlədən də miqrasiya prosesi iştirakçılarının hüquqlarının daha etibarlı təmin olunması, vətəndaşsızlıq hallarının azaldılması məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının səylərinin birləşdirilməsi Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) daim diqqət mərkəzində saxlanılır.

Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.1-ci bəndinin tələbləri rəhbər tutularaq, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Müvəkkil tərəfindən müntəzəm olaraq həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər həyata keçirilır.

Bununla yanaşı, Xocalı soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında azərbaycanlılara qarşı törədilmiş zorakılıqlarla bağlı Müvəkkil tərəfindən bəyanatlar verilir və həmin bəyanatlar BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına ünvanlanılır.

Müvəkkilin bu sahədə həyata keçirdiyi fəaliyyətin mühüm hissəsi qeyri-qanuni miqrasiya, məcburi əməyin və insan alverinin qarşısının alınması istiqamətində preventiv tədbirlərin təşkilinə yönəldilmişdir. Belə ki, bu sahədə mövcud olan problemlərin daha səmərəli həll edilməsi məqsədilə orta və ali təhsil müəssisələrində davamlı olaraq geniş tədbirlər həyata keçirilir, müvafiq qrafik üzrə məlumatlandırma işi aparılır.

Müvəkkil fəaliyyətə başladığı ilk gündən qaçqınların, məcburi köçkünlərin və miqrantların Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respubliaksının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan hüquqlarının bərpa edilməsi üzrə tədbirlərin görülməsi məqsədilə Aparatda qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi üzrə struktur bölməsi yaradılmışdır. Eyni zamanda, bu sahə üzrə fəaliyyət göstərən xüsusi ixtisaslaşmış müşavir bir neçə işçi qrupunda təsisatı təmsil edir.

Ümumiyyətlə qaçqınların, məcburi köçkünlərin və miqrantların həm ümumi, həm də xüsusi maraqlarının qorunması, onların hüquqlarının daha səmərəli müdafiəsi üçün Müvəkkil aşağıdakı istiqamətdə fəaliyyət göstərir:

- qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının pozulması ilə bağlı daxil olmuş ərizələrlə iş və müraciətlərə yerlərdə baxılması;

- qanunvericiliyin, dövlət proqramlarının və bu sahədə dövlət siyasətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə əlaqədar aidiyyəti təkliflərin verilməsi;

- bu sahədə müvafiq dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı təkliflərin hazırlanması;

- təsisatla xarici dövlətlərin insan hüquqları institutları arasında, habelə bu sahədə fəaliyyət göstərən ölkədaxili və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılması;

- bu qəbildən olan şəxslərin vəziyyətinin monitorinqi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.

Bu sektorda, həmçinin əcnəbilərdən, sığınacaq axtaran, “qaçqın” statusunu əldə etmək niyyətində olan və vətəndaşlığı olmayan şəxslərdən Müvəkkilin ünvanına daxil olmuş müraciətlərə də baxılır.

         Şikayət ərizələrinin təhlili nəticəsində aşkar edilmiş problemlərin effektiv həllinə nail olmaq üçün dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları, nazirliklər və dövlət komitələri ilə qarşılıqlı işgüzar əlaqələr yaradılır və bu, Müvəkkilin işinin səmərəli təşkili və pozulmuş hüquqlarının bərpasında əvəzolunmaz rol oynayır. Həmçinin, bu əməkdaşlıq çərçivəsində sığınacaq və miqrasiya məsələlərinə cəlb olunan dövlət qulluqçularının bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi məqsədilə kurslar və treninqlər təşkil olunur.

Eyni zamanda, Müvəkkil və sektorun əməkdaşları müntəzəm olaraq, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə baş çəkir, onların vəziyyəti, yaşayış şəraiti ilə tanış olur, habelə çətinlikləri ilə, təhsilin vəziyyəti, səhiyyənin təşkili məsələləri ilə maraqlanır, bu görüşlər zamanı aşkar edilən sosial, təhsil, tibb və digər sahələrdəki problemlərin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə səlahiyyətli dövlət orqanlarına təkliflər göndərilir. Bundan başqa, ayrı-ayrı dövlət qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarla birlikdə qaçqın, məcburi köçkün və miqrantların sosial və psixoloji durumu ilə bağlı məsələlər üzrə müxtəlif müzakirələr keçirilir.

Habelə, Müvəkkilin rəhbərliyi altında sektorun əməkdaşları Milli Preventiv Qrupun üzvləri ilə birlikdə mütəmadi olaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Bakı və Yevlax şəhərlərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzlərinə baş çəkərək, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar, saxlanılma şəraiti, əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyəti və problemlərini öyrənir, həmin şəxslərə Müvəkkilin səlahiyyətləri çərçivəsində mümkün köməklik göstərilir.

Müvəkkil aidiyyəti dövlət orqanları ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin müxtəlif struktur bölmələri, o cümlədən Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqınlar və Əhali üzrə Komitəsi, habelə Beynəlxalq Miqrasiya Təşkilatı və digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. Bu əməkdaşlıq birgə layihə və maarifləndirici vəsaitlər hazırlanaraq müxtəlif təlim, konfrans və seminarların həyata keçirilməsi ilə müşahidə olunur.

Beynəlxalq əlaqələrin davamlı inkişaf etdirilməsi məqsədilə Müvəkkil tərəfindən xarici ölkələrin Ombudsmanları ilə miqrasiya prosesi iştirakçılarının hüquqlarının müdafiəsi sahəsində sıx əməkdaşlıq əlaqələri yaradılmışdır. Bu əməkdaşlıq sayəsində təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, həmin ölkələrin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının pozulması halları ilə əlaqədar bir-birini vaxtında məlumatlandırması prosesi sürətləndirilir, pozulmuş hüquqların bərpasında daha effektiv nəticələr əldə olunur.          

Qeyd olunanlarla yanaşı, sektorun əməkdaşları nüfuzlu beynəlxalq təşkilatların aidiyyəti mövzularda keçirilən tədbirlərində müntəzəm iştirak edərək, Müvəkkilin səlahiyyət dairəsinə aid olan məsələlər üzrə çıxışlar edir və fikir mübadiləsi aparırlar. Müvəkkil və onun aparatı digər sahələrdə olduğu kimi, qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sahəsində də fəaliyyətini uğurla davam etdirir.