Hüquqi maarifləndirmə

Müvəkkin insan hüquqlarının müdafiəsi, şikayətlərin qəbul edilməsi ilə yanaşı, əhali arasında hüquqi maarifləndirmə işinin həyata keçirilməsinə də xüsusi diqqət yetirir. Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi işinin səmərəliliyini artırılması məqsədilə Müvəkkil ixtisaslaşmış müşavirlər təyin etmişdir. Müvəkkil fəaliyyəti dövrü ərzində insan hüquqları sahəsində təhsilə xüsusi önəm verməklə yanaşı, əhali qruplarına, o cümlədən uşaqlara, qadınlara, gənclərə, ahıllara, əlilliyi olan şəxslərə, qaçqın və məcburi köçkünlərə, hərbi qulluqçulara, məhkumlara ünvanlanan hüquqi maarifləndirmə tədbirləri həyata keçirir.

Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il “18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində 18 may - 18 iyun respublikamızda “İnsan hüquqları aylığı”, 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə 21 avqust - 21 sentyabr tarixləri “Sülh aylığı”, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi günü münasibəti ilə  20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilmiş, Aylıq çərçivəsində tədbirlərin keçirilməsi, əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi məqsədlə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə müraciət ünvanlanmışdır.

Ölkə başçısının 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP), bu planın məntiqi davamı kimi 27 dekabr 2011-ci il tarixli müvafiq sərəncamla Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı  (MFPr) təsdiq edilmişdir. Həmin Plan və Proqramın həyata keçirilməsinin monitorinqi, dəyərləndirilməsi və əlaqələndirilməsi üzrə İşçi qrupunun fəaliyyətinə rəhbərlik Ombudsmana tövsiyə edilmiş, bir çox dövlət qurumlarını və vətəndaş cəmiyyəti təsisatlarını  birləşdirən şəbəkə şəklində fəaliyyət təmin olunmuş, ötən illər ərzində bu mühüm sənədlərdə nəzərdə tutulmuş bir çox məsələlər icra olunmuşdur.

MFP və MFPr-nin  icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ölkə üzrə regional həmçinin hər bir şəhər və rayonları əhatə olunmaqla ictimai dinləmələr keçirilmişdir. Həmin tədbirlərdə şəhər və rayonlar üzrə icra hakimiyyəti və bələdiyyələrin, dairə və məntəqə seçki komissiyalarının, KİV-lərin, yerli QHT-lərin, habelə icmaların nümayəndələri iştirak etmişlər.

Müvəkkilin təşəbbüsü ilə insan hüquqları təhsili istiqamətində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil bir fənn kimi Bakı Dövlət Universitet səviyyəsində tədrisinə nail olunmuşdur. Həmçinin Müvəkkilin ümumi redaktəsi ilə “İnsan hüquqları üzrə mühazirələr toplusu” – dərslik hazırlanmış və nəşr edilmişdir. Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetində  “İnsan hüquqları üzrə YUNESCO” kafedrası yaradılmış, bakalavr və magistr pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmaqla bu sahəyə elmi yanaşma nümayiş etdirilir.

Ombudsmanın fəaliyyəti dövründə 165 adda nəşr hazırlanmış, 23-dən artıq insan hüquqlarına və layiqli idarəetməyə dair xarici ədəbiyyat dilimizə tərcümə olunmuş, o cümlədən 49 Azərbaycan dilində olan vəsait İngilis dilinə, 37-si isə rus dilinə tərcümə olunaraq çap edilmiş, geniş oxucu auditoriyası arasında yayılmış və kitabxanalara paylanmışdır.