İnformasiya əldə etmək hüququnun təmin edilməsi

 

Müvəkkil “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun olaraq, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu hədəfi fundamental hüquq olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sazişlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasını nəzərdə tutur. Ölkə üzrə internet şəbəkəsinin qurulması, açıq hökumətin təşviqi, ictimai əhəmiyyət daşıyan informasiyanın açıqlığı və informasiya əldə etmə azadlığının təmin edilməsi üçün çoxsaylı tədbirlər görülür.

Müvəkkil informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanununun tələblərinin pozulması halları ilə bağlı daxil olmuş şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərir, müraciətlər üzrə təhlillər aparır, informasiya sorğuları cavablandırılır, müvafiq mövzularda silsilə hüquqi maarifləndirmə tədbirləri (seminarlar, treninqlər, konfranslar və s.) təşkil olunur.

Ombudsman informasiya əldə etmək sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini davamlı olaraq aidiyyəti qurumlara təqdim edir. Bu sahədə dövlət qurumları, qeyri-hökümət təşkilatları, müvafiq beynəlxalq təşkilatlar, xarici ölkələrin milli insan hüquqları institutları ilə səmərəli əməkdaşlıq edir.

Haqqı ödənilməklə göstərilən informasiya xidmətlərinin siyahısını, informasiyanın hazırlanıb təqdim olunmasına görə ödəniş qaydalarını, informasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə hallarının, ödəniş zamanı edilə biləcək güzəştin şərtlərini və müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə şərtləri və qaydalarını müəyyən edən Nazirlər Kabinetinin 2012-ci il 26 iyul tarixli 158 nömrəli qərarının qəbul edilməsi zamanı Müvəkkilin təqdim etdiyi təkliflər paketi də nəzərə alınmışdır.

Müvəkkilin Avropa Şurası ilə birgə keçirdiyi Tvinninq layihəsində üçüncü komponent “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qunununun implementasiyası sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsi olmuşdur. Ombudsman tərəfindən təşkilati dəstək verilən layihənin icrasına ümumilikdə 40-dək yüksək səviyyəli beynəlxalq ekspertlər cəlb olunmuşdur.

İnformasiya azadlığı insan hüquq və azadlıqlarının əsas elementlərindən biridir, cəmiyyətdə baş verən dinamik proseslərdən xəbər tutmaq isə vətəndaşların əsas ehtiyaclarındandır. İctimai mühitə təsir göstərən, insanlar üçün maraqlı və əhəmiyyətli olan bütün hadisə və faktlar barədə hər bir fərdin informasiya almaq hüququ vardır, bu hüquq vətəndaşların fikir azadlığının tərkib hissəsidir. Müvafiq sahədə ciddi islahatların olmasına baxmayaraq, mövcud problemlər də öz həllini tapmalıdır. Bu səbəbdən də informasiya əldə etmək hüququnun müdafiəsi Müvəkkilin daim diqqət mərkəzində olmaqla inkişaf etdirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.3-cü maddəsi, habelə, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş səlahiyyətlərin icrası və bu sahədə fəaliyyətini daha da təkmilləşdirmək məqsədi ilə Müvəkkilin təşəbbüsü ilə İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılmışdır. Şöbənin tərkibində İnformasiya əldə etmək hüququnun təmini sektoru və Təhlil və monitorinqlər sektoru fəaliyyət göstərir.

Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin edilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququ ilə bağlı istiqamətlərdə fəaliyyət göstərir.

İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu

“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa dair yaddaş kitabçası