Əhalinin müxtəlif qruplarından biri kimi, tutulmuş və həbs olunmuş şəxslərin, məhkumların hüquqlarının müdafiəsinə Müvəkkilin fəaliyyətində geniş yer verilir.

Belə ki, həssas əhali kateqoriyalardan biri kimi, həmin şəxslərin hüquqlarının təmin edilməsinin vacibliyi xüsusi nəzərə alınmalıdır. Eyni zamanda, bu qrupdan olan şəxslərin cəmiyyətə reinteqrasiyasının uğurlu olması hüquqlarının təmin edilməsi səviyyəsi ilə yanaşı, qoyulmuş məhdudiyyətlərin qanunun və beynəlxalq normaların tələblərinə uyğun olmasından asılıdır.

Tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində saxlanılmasında əsas məqsəd cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Bu baxımdan Ombudsman tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının effektiv təmini, onlarla rəftar və saxlanılma şəraiti, saxlamanın qanuniliyini təsdiqləyən səndlərin öyrənilməsi sahəsində fəaliyyətini Milli Preventiv Mexanizm (MPM) qismində geniş formada həyata keçirməkdədir.

Müvəkkilin fəaliyyətində penitensiar sistemin muasir tələblərə uyğunlaşdırılması yönümündə tədbirlərin görülməsi, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində, o cümlədən digər həbs yerlərində, müvəqqəti saxlama yerlərində, habelə hauptvaxtlarda insan hüquqlarının etibarlı təmin edilməsinə, saxlanılma şəraitinin yaxşılaşdırılmasına, saxlanılan və məhkum olunmuş şəxlərin islah olunmasına istiqamətlənmiş tədbirlər  davam etdirilir.

Qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, intizamın gücləndirilməsi üzrə ardıcıl işlər görülmüş, həbsdə saxlama yerlərinin və  penitensiar müəssisələrin işinə nəzarət gücləndirilmişdir.

Belə ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq şəkildə Ombudsmanın və onun Milli preventiv qrupunun (MPQ) üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən həbs yerlərinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, həbs yerlərinin müdiriyyəti tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həbs yerlərinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.

Müvəkkilə verilmiş preventiv səlahiyyətlər çərçivəsində, həbs yerlərinə, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və silahlı birləşmələrin qarnizon hauptvaxtlarına Ombudsmanın Milli preventiv qrupunun üzvləri tərəfindən müntəzəm başçəkmələr, habelə tutulmuş və ya həbs edilmiş şəxslər, həmçinin müəssisələrin əməkdaşları üçün hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir.

Başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Həbs yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq sənədləşmənin aparılması vəziyyətinin, mövcud ehtiyacların öyrənilməsi və yerində araşdırılmasıdır.

Müvəkkilin məhkumların hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitinin, tibb-sanitariya xidmətinin müasir tələblərə uyğunlaşdırılması, onlarla rəftar, məhkumların ailə üzvlərinə və yaşayış yerlərinə daha yaxın yerlərdə yerləşdirilməsi üzrə müraciətlərinin təmini, ölkənin müxtəlif regionlarında penitensiar müəssisələrin tikintisinin həyata keçirilməsi zamanı həyata keçirilən monitorinqlər və verilən tövsiyələr, o cümlədən Ombudsman Aparatı, Ədliyyə Nazirliyi və penitensiar müəssisələr arasında qarşılıqlı əməkdaşlıq bu sahədə vəziyyətin təkmilləşdirilməsinə xidmət edir. 

Müvəkkilin təşəbbüsləri sırasında, infrastruktur islahatlara yanaşı, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakı qanunçuluq, obyektivlik, şəffaflıq, qərəzsizlik, həmçinin məhkumlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin gücləndirilməsi prinsiplərinin də təbliği yer alır.

Əsası Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunmuş, 61 əfv fərman və sərəncamları imzalanmış, minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmuşlar.

Bu baxımdan Ombudsman Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasında mütəmadi olaraq əfvlə bağlı Azərbaycan Respublikası Prezidentinə müraciət edir.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.1-ci bəndinə müvafiq olaraq, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işi təşkil olunur.

Bu baxımdan Milli Fəaliyyət Proqramının 4.2-ci bəndi əsasında “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi təmin edilir.

Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanılan şəxslər, məhkumlar üçün hüquqi-maarifləndirmə tədbirlərinin təşkilinə geniş yer verilir ki, bu da onların hüquqlarının həyata keçirilməsi prosesinə mühüm töhfə verir.

Təşəbbüslər sırasında çətin tərbiyə olunan və qanunla münaqişədə olan uşaqların sosial adaptasiyası, hüquq pozuntusu törətmiş şəxslərə tətbiq olunan ictimai sanksiya və tədbirlərin sosial inkluziyası, sosial və psixoloji xidmətlərin sayının artırılması və gücləndirilməsi, eləcə də cəmiyyətdə hüquq pozuntularının qarşısının alınması istiqamətində tədbirlər, çətinliklərin aradan qaldırılması qarşıda duran məsələlərdəndir.

Həyata keçirilən bütün tədbirlər, ölkənin qoşulduğu beynəlxalq müqavilələrin, xüsusilə də, ölkəyə verilmiş tövsiyələrin icrası insan hüquqları sahəsində mühüm islahatların həyata keçirilməsinə yeni imkanlar açmış, o cümlədən BMT-nin «İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növləri əleyhinə» Konvensiyasının da milli səviyyədə implementasiyasını sürətləndimişdir.