Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaq hüquqlarının müdafiəsi və təbliğidir. Müvəkkil uşaq hüquqlarının pozulması ilə bağlı ünvanına daxil olan şikayətlərin araşdırılması və onların hüquqlarının bərpa edilməsi, uşaq hüquqları sahəsində maarifləndirmə və təşviqat, uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə araşdırmaların aparılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təkliflərin hazırlanması istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və KİV ilə sıx əməkdaşlıq edərək bir sıra mühüm işlər görmüşdür. Müvəkkilə əlçatanlığın təmin edilməsi məqsədilə təsisatda yaradılmış 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xəttə daxil olan zənglərlə bağlı dərhal tədbirlər görülür, zəruri hallarda yerində araşdırmalar aparılır. Müvəkkil uşaq hüquqları sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə uşaq hüquqları üzrə müşavir təyin etmişdir.

Müvəkkilin təşəbbüsü ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində hər il 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilir və Aylıq çərçivəsində uşaqlara yönəlik araşdırmaların aparılması, onlara diqqətin daha da artırılması, həmçinin maarifləndirmə tədbirlərin, sərgi və müsabiqələrin keçirilməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər edilir.

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Mən və hüquqlarım” mövzusunda, eyni zamanda müxtəlif əlamətdar günlərlə bağlı rəsm müsabiqələri təşkil edilir, qalib uşaqlara sertifikatlar və hədiyyələr verilir.

2009-2010-cu tədris ilindən etibarən hər il keçirilən Uşaq hüquqlarının pilləli tədrisi  layihəsinə 110-dan çox məktəb cəlb edilmiş, bu prosesdə 6350-dən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edilmiş, 500-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.

Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində və onun nəzdində “Azərbaycan Yurdum Mənim” devizi ilə fəaliyyət göstərən “Liderlik məktəbi”ndə müntəzəm olaraq uşaqların iştirakı ilə Uşaq Hüquqları Konvensiyasının müddəalarına əsaslanan treninqlər, vətənpərvərlik ruhunda maarifləndirmə tədbirləri keçirilmiş, onların problemləri müzakirə olunmuş və Şəbəkə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə muzeylərə, tarixi yerlərə səfərlər təşkil edilmişdir.

Müvəkkilin təşəbbüsü və dəstəyi ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə ölkə başçısının Sərəncamı ilə elan olunmuş Uşaq ilində Xocalı faciəsinin ildönümü ərəfəsində “Biz sülh elçisiyik! Bizə qoşulun!” devizi ilə ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310.000-dən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzaları toplanmış və Xarici İşlər Nazirliyinin dəstəyi ilə BMT Baş katibinin müavini, “Uşaqlar və silahlı münaqişələr” problemi üzrə xüsusi nümayəndəsi xanım Radhika Kumarasvamiyə göndərilmişdir.

Azərbaycan Respublikasının Ombudsman təsisatı İnnoçenti tədqiqat mərkəzinin tövsiyəsi ilə 2008-ci ildə Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə (ENOC) üzv olmuş və onun işində fəal iştirak edir. Müvəkkilin tövsiyəsi nəticəsində 2010-cu ildən başlayaraq ENOC tərəfindən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA – European Network of Young  Advisors) layihəsi həyata keçirilməkdədir. Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri ENYA layihəsinin koordinatoru təyin edilmişdir. ENOC-un “Danışın, gənclər, zorakılığa qarşı danışın” layihəsi çərçivəsində 10-18 yaşlı uşaqlar arasından bir qrup toplanmış, bu qrupun üzvləri öz hüquqları barədə mediada müvafiq yazılar dərc etdirmişlər. ENOC-a  üzv seçilmiş ölkələrdən yalnız on dövlətə bu mövzu üzrə film çəkmək təklif edilmiş, uğurlu fəaliyyəti ilə fərqlənən Azərbaycanın təqdim etdiyi və uşaqların iştirakı ilə hazırlanan film də bir çox ölkələrdə göstərilməsi üçün seçilmiş, nəticədə on iştirakçı ölkə üzrə filmlər ümumiləşdirilərək 50 dəqiqəlik sənədli film kimi təqdim edilmişdir.

Müvəkkilin uşaq hüquqlarının səmərəli təmin edilməsi istiqamətində ötən dövrlərdə irəli sürdüyü bir sıra təklif və tövsiyələr istər qanunvericilik aktlarının qəbulu, istərsə də cari icra prosesində öz həllini tapmışdır. Həmin təkliflərdən Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il 24 noyabr tarixli, 6-VQR saylı qərarı ilə Parlamentin “Ailə, qadın və uşaq məsələləri komitəsi”nin yaradılması xüsusi qeyd edilməlidir.

Eyni zamanda, Müvəkkil Ombudsman təsisatı tərəfindən hazırlanmış və Milli Məclisə təqdim edilmiş “Uşaqların cismani cəzadan müdafiəsi” haqqında qanunun, habelə “Yuvenal ədliyyə”, “Reproduktiv sağlamlıq” haqqında qanun layihələrinin qəbul edilməsini, Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunması haqqında Avropa Şurası Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının şikayətlərin verilməsi mexanizmi ilə bağlı III Fakültativ Protokolunun ratifikasiya edilməsini, ölkədə Aliment Fondunun yaradılmasını tövsiyə etmişdir.