Kütləvi informasiya vasitələri
Müvəkkil kütləvi informasiya vasitələri ilə əlaqələrə mühüm yer verir və bu əməkdaşlıq onun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.
Qeyd olunmalıdır ki, təsisatın İnformasiya və ictimaiyyətlə əlaqələr sektoru Müvəkkilin daim ünsiyyətdə olduğu auditoriyalar, dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti, icmalar və geniş ictimaiyyətlə sıx əlaqələri davam etdirir, təsisatın məqsəd və məramlarının, yeni ideya və təşəbbüslərinin KİV-ə çatdırılmasında, ictimaiyyətlə bu qurum arasında ünsiyyət körpüsü yaradılmasında, Müvəkkilin fəaliyyətinin aşkarlıq, şəffaflıq prizmasından təbliğində mühüm rol oynayır. Həmçinin Mətbuat xidməti KİV-lə səmərəli olaraq əməkdaşlıq edir, Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə press relizlər hazırlayaraq ənənəvi mediaya, müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, informasiya agentliklərinə, elektron qəzetlərə online xəbər portallarına göndərir, öz işini yazılı və inkişaf etməkdə olan elektron KİV-lə, habelə Milli Televiziya və Radio Şurası, mətbuatın özünütənzimləməsinə yönəldilmiş Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, yeni jurnalist qurumları ilə sıx əlaqələr və əməkdaşlıq şəraitində qurur.
Paytaxtda və ölkəmizin müxtəlif bölgələrində nəşr olunan aparıcı qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli KİV-in müxbirləri ilə sıx əlaqələr yaradılmışdır. Bu, təsisatın fəaliyyətini geniş əhali kütləsinə çatdırmaq üçün mühüm vasitədir.
Aparatda aşkarlığa, əyaniliyə, jurnalistlərlə səmərəli əməkdaşlığa üstünlük verilir, müxtəlif mövzular üzrə mətbuat konfransları və brifinqlər keçirilir, media nümayəndələrinin diqqəti təsisatın insanların hüquq və azadlıqlarının təmini sahəsində fəaliyyətinə yönəldilir.
KİV-lə əlaqələr üzrə müxtəlif məlumat bankları yaradılmış, qəzetlərdə insan hüquqları mövzusunda dərc edilmiş yazıların monitorinqi keçirilmiş, müvafiq tədbirlər görülmüşdür.
Təsisatın fəaliyyətə başladığı vaxtdan Müvəkkil 20 Yanvar faciəsinin, Xocalı soyqırımının ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı günü və digər mühüm məsələlərlə əlaqədar çoxsaylı bəyanatlar verir və nüfuzlu beynəlxalq qurumlara - BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlayır, həmin bəyanatlar KİV-də də geniş dərc olunur.
Jurnalistlərin hüquqi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirilir, hüquq mövzusunda yazan media təmsilçiləri Ombudsmanın təşəbbüsü ilə keçirilən ənənəvi müsabiqələrə cəlb edilir, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı Ofisi ilə birgə respublikamızın müxtəlif bölgələrində jurnalistlər üçün maarifləndirici seminarlar təşkil olunur.
Müvəkkil və əməkdaşları müxtəlif təşkilatların media məsələlərinə dair keçirdiyi tədbirlərdə iştirak edir və müzakirələrə qatılır.
Müvəkkil televiziya kanallarında insan hüquqları mövzusunda çıxışlar edir, habelə TV və radio proqramlarında Müvəkkilin fəaliyyəti barədə çoxsaylı verilişlər göstərilir və səsləndirilir.
Təsisatın təşəbbüsü ilə keçirilmiş, geniş ictimai rəy doğurmuş, səmərəli nəticələri ilə yadda qalmış Ombudsmanların Bakı Beynəlxalq konfransları KİV-də geniş işıqlandırılmış, Müvəkkil və konfranslara qatılan xarici ölkələrin ombudsmanları, müxtəlif ölkələrdən olan ekspertlər, tanınmış hüquq mütəxəssisləri bu mötəbər beynəlxalq toplantılarla bağlı jurnalistləri maraqlandıran suallara cavab vermişlər.
Təsisatda keçirilən beynəlxalq tədbirlərdə çoxsaylı KİV nümayəndələri təmsil olunmuş, Müvəkkilin fəaliyyəti ilə bağlı hazırlanmış məqalələr mətbuat səhifələrində dərc edilmişdir.
Müvəkkilin fəaliyyətinin daha səmərəli KİV-ə və ictimaiyyətə çatdırılması məqsədilə aylıq bülletenlər hazırlanır və saytda yerləşdirilir. Eyni zamanda ötən illər üzrə bülletenlər kitab şəklində çap edilmişdir.
Keçirilmiş görüşlər, nüfuzlu beynəlxalq qurumları təmsil edən xarici qonaqların, hüquq-müdafiə təşkilatlarının nümayəndələrinin, o cümlədən çoxsaylı beynəlxalq təşkilatların üzvlərinin rəsmi qəbulu zamanı Azərbaycanda KİV-in durumu məsələlərinə də toxunulur, jurnalistlərin peşəkarlığının artırılmasının vacibliyi vurğulanır, həmin problemlə bağlı alternativ mexanizmlərdən istifadə olunmasının zəruriliyi önə çəkilir.
Qeyd olunmalıdır ki, şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, fikir və söz azadlığına hörmət, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması demokratik dəyərləri özündə cəm edən hər bir dövlətin ümdə vəzifələrindəndir və bu məsələlər Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır.