Avropa İttifaqı ilə əməkdaşlıq
Azərbaycanda Ombudsman təsisatının yaradılması ölkəmizin Avropaya inteqrasiyası prosesində qəbul etdiyi öhdəliklərin icrası və insan hüquqlarının təmin edilməsi istiqamətində aparılan hüquqi islahatların davamı olmuşdur. Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinə ölkəmizin də daxil olduğunu və prioritet sahələrdən birinin insan hüquqları və demokratikləşmə olduğunu nəzərə alaraq Müvəkkil bu qurumla da əməkdaşlıq edir.
Bir çox ölkələrdə olduğu kimi, Avropa İttifaqı Azərbaycanda da Tvinninq və TAIEX layihələrinin tətbiqini həyata keçirir və digər dövlət qurumları ilə olduğu kimi Müvəkkilin aparatı ilə də həmin layihələrin icrası həyata keçirilir.
28 oktyabr 2011-ci il tarixdə Şəki şəhərində Avropa İttifaqı tərəfindən dəstəklənən TAIEX lahiyəsi çərçivəsində “Azərbaycan Ombudsman təsisatının regional mərkəzlərinin imkanlarının gücləndirilməsi” mövzusunda seminar keçirilmişdir. Həmin seminarda Litva Ombudsmanı Aqustinas Normantas və əməkdaşı Martinas Vasiliauskas, Fransa İnsan Hüquqları Müdafiəsi Təsisatının keçmiş nümayəndəsi Jan Pier Fontan, Hollandiya Milli Ombudsmanın müavini Adriana Stehouver, Polşa İnsan Hüquqları Müdafiəsi Təsisatının nümayəndəsi Aleksandra Ventkovska məruzəçi qismində iştirak etmişlər.
Avropa İttifaqının dəstəyi ilə 2011-ci ildə “Ombudsman Aparatının bacarıqlarının inkişaf etdirilməsinə və insan hüquqları və ayrı-seçkilik haqqında məlumatlılığın artırılmasına dəstək” adlı 6 aylıq Tvinninq layihəsi həyata keçirilmişdir.
Hal-hazırda Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay davam edəcək “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi həyata keçirilməkdədir. Tvinninq layihəsinin komponentlərinə uyğun olaraqmüvafiq təcrübəyə malik Avropa İttifaqı dövlətləri, o cümlədən Yunanıstan layihələrin icrasına cəlb olunmuşdur.
Tvinninq layihəsinin birinci komponentinin (Ombudsman institutunun Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsi) icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ombudsman Aparatının bir qrup əməkdaşı 3-7 oktyabr 2016-cı il tarixlərində Yunanıstanda təcrübə mübadiləsi keçmişlər.
Bundan əlavə Avropa İttifaqı Ombudsmanının ofisi tərəfindən nəşr olunan və yayımlanan “European Ombudsmen” jurnalında bu zamana qədər Ombudsman tərəfindən insan hüquqları sahəsində atılan mühüm addımlar, o cümlədən Azərbaycan Ombudsman təsisatının fəaliyyəti haqqında geniş məlumat verən 10 məqalə çap olunaraq dünya oxucularına çatdırılmışdır.