Uşaq hüquqlarının müdafiəsi
Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin hüquqi əsasları
Müvəkkil uşaq hüquqları sahəsində fəaliyyətini milli qanunvericilik aktlarına və ölkəmizin 1992-ci ildə qoşulduğu BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasında əks olunmuş prinsiplərə əsasən həyata keçirir.
Müvəkkil “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa (bundan sonra – Konstitusiya Qanunu) əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, “Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.”.
Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri
Müvəkkil uşaqların hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə Konstitusiya Qanununun 1.3-1-ci maddəsinə uyğun olaraq müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
2024-cü ildə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsi üzrə Monitorinq Qrupu yaradılmışdır.
Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:
- ●dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;
- ●dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;
- ● həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;
- ● dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;
- ●vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.
Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı aşkar edilmiş insan hüquqlarının pozulması faktlarına Konstitusiya Qanununun 12-ci, 13-cü, 13-1-ci və 15-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.
UŞAQ HÜQUQLARININ MÜDAFİƏSİ SEKTORU
2021-ci ildə Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsiplərini, həmçinin BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyəsini nəzərə alaraq, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin səmərəli təşkili məqsədilə Müvəkkilin aparatında Uşaq hüquqlarının müdafiəsi sektoru yaradılmışdır.
Sektor Müvəkkilin regional mərkəzləri ilə əlaqəli şəkildə fəaliyyət göstərir, paytaxtla yanaşı regionlarda yaşayan uşaqların hüquqlarının təmini diqqətdə saxlanılır.
Müvəkkilin uşaq hüquqlarının müdafiəsi üzrə fəaliyyət istiqamətləri
Müvəkkil uşaq hüquqlarının müdafiəsi sahəsində aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- ● şikayətlərə baxılması;
- ● maarifləndirmə və təşviqat işinin aparılması;
- ● monitorinqlərin keçirilməsi;
- ● qanunvericiliyin və mövcud vəziyyətin təhlili;
- ● təkliflərin irəli sürülməsi.
Fəaliyyəti həyata keçirərkən aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, xarici ölkələrin insan hüquqları təsisatları, beynəlxalq təşkilatlar ilə əməkdaşlığa və uşaqların iştirakçılığının təmin edilməsinə böyük önəm verilir, uşaq hüquqlarının üstün mühafizəsi prinsipi əsas tutulur.
BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası uşaqlar üçün anlaşılan dildə- liflet
Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi- buklet
“Hüquqlarını bil!” Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində uşaq hüquqlarının müdafiəsi- liflet