Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Qeyri-Hökumət Təşkilatları

Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsini sürətləndirir.

Ombudsman təsisatı fəaliyyətə başladığı dövrdən dövlət orqanları, QHT-lər və vətəndaş cəmiyyəti ilə insan hüquqları sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına daim önəm verir. Qarşılıqlı əməkdaşlığın daha faydalı və məqsədyönlülüyünə nail olmaq üçün Müvəkkil yanında QHT-lərdən ibarət Ekspertlər Şurası yaradılmışdır.

Eyni zamanda, Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi (Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi), qadın hüquqları üzrə resurs mərkəzi (Azərbaycan Qadın və İnkişaf Mərkəzi), ahılların hüquqları üzrə resurs mərkəzi (Ahılların Resurs Mərkəzi) fəaliyyət göstərir. Hər bir resurs mərkəzi öz fəaliyyətini müvafiq istiqamətdə qurmuşdur.

Ölkə başçısının 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə milli Fəaliyyət Planı, daha sonra bu bu Milli Fəaliyyət Planınn məntiqi davamı olaraq 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı (MFP) təsdiq edilmişdir.

Milli Fəaliyyət Proqramının təsdiq edilməsi ilə bağlı ölkə başçısının müvafiq Sərəncamında həmin Proqramın icrasına məsul olan orqanlara Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etmələri ilə bağlı tapşırığı xüsusi bənd kimi qeyd edilmişdir. MFP-nin həyata keçirilməsinin monitorinqi, dəyərləndirilməsi və əlaqələndirilməsi üzrə İşçi qrupun fəaliyyətinə rəhbərlik İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) tövsiyə edilmişdir.

Ombudsman təsisatı olaraq MFP-nin icra vəziyyətinin monitorinqi ilə bağlı ildə iki dəfə - 18 iyun Milli İnsan Hüquqları günü, 10 dekabr-Beynəlxalq İnsan Hüquqları günü ərəfəsində icraçı qurumlar tərəfindən görülən işlərlə bağlı arayışlar alınır, onlar təhlil edilərək ictimaiyyətə və KİV-ə təqdim edilir. Həmin tədbirlərdə müvafiq şəhər və rayonlardan seçilmiş millət vəkilləri, yerli icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarının, bələdiyyələrin, dairə seçki komissiyalarının nümayəndələri ilə yanaşı yerli QHT-lərin, KİV-lərin və icmaların üzvləri də iştirak etmiş, müzakirələr aparmışdır.

Ümumilikdə Proqramın təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə həyata keçirilmiş ictimai dinləmələr əhalinin hüquqi maarifləndirilməsinə, vətəndaş fəallığının artmasına, hər kəsin iştirak hüququnun təmin edilməsinə, idarəetmənin demokratikləşməsinə, yerli QHT-lərin ictimai nəzarət funksiyasının səmərəliliyinin artırılmasına və daha da təkmillşdirilməsinə xidmət edir.

Həmçinin Ombudsmanın Aparatı və dörd regional mərkəzi tərəfindən həyata keçirilən konfrans, seminar, treninq və digər maarifləndirmə tədbirlərinə də QHT-lər dəvət edilir, eyni zamanda QHT-lərin təşkil etdiyi tədbirlərdə Ombudsmanın nümayəndələri iştirak edir.

Ombudsman əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi sahəsində faəliyyətinin səmərəliliyinin artırılması məqsədilə ixtisaslaşmış müşavirlər təyin etmişdir. Həmin müşavirlər fəaliyyətlərini qurarkən müvafiq istiqamət üzrə ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq edirlər. Eyni zamanda, Ombudsman təsisatı tərəfindən UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirilən tədqiqat və araşdırmalara QHT-lərin nümayəndələri ekspert kimi cəlb edilmişdir. Ombudsman milli preventiv mexanizm qismində funksiyalarını həyata keçirərkən QHT-lərlə də əməkdaşlıq edir.

Müvəkkilin təşəbbüsü ilə 2013-cü ilin fevral ayından aidiyyəti dövlət qurumları və QHT nümayəndələrindən ibarət tərkibdə yaradılmış Biznes və İnsan hüquqları sahəsində işçi qrupu fəaliyyət göstərir. 2015-ci ildə Ombudsman yanında “Biznes və insan hüquqları” işçi qrupu tərəfindən Milli Məclisin üzvlərinin, dövlət qurumlarının və beynəlxalq təşkilatların, sahibkarlıq subyektlərinin, biznes qurumlarının, QHT və KİV-in nümayəndələrinin iştirakı ilə “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi biznes və insan hüquqları kontekstində”, Biznes strukturlarında əmək hüuqlarının təmin olunmasında həmkarlar ittifaqlarının rolu”, “Korporativ sosial məsuliyyət biznes və insan hüquqlarının mühüm elementi kimi”, “Sahibkarların maraqlarının müdafiəsi biznes və insan hüquqları kontesktində” və s mövzularda silsilə tədbirlər keçirilmişdir.

Müvəkkilin təşəbbüsü ilə keçirilən aylıqlar çərçivəsində dövlət qurumlarının, şəhər və rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, QHT-lərin fəal iştirakı ilə keçirilməsi də insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına öz töhfəsini verir. Müvəkkil bu aylıqların keçirilməsi ilə bağlı dövlət qurumları ilə yanaşı QHT-lərə də müraciət edir.