Haqqımızda kontent
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra, ölkədə bu sahədə demokratik, hüquqi islahatların həyata keçirilməsi və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlər sistemi yenidən qurulmuşdur.
Son dövrlər aparılmış hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində öz əksini tapmışdır. Lakin bəzi humanitar aspektlərdə insanların elan edilmiş hüquqlarının müdafiəsinin daha da təkmilləşdirilməsi, beynəlxalq norma və standartlara uyğun təşkilinə ehtiyac duyulurdu. Bu səbəbdən, Ombudsman vəzifəsinin təsis olunması bizim gerçəkliyimizin mühüm tələbatı idi. Bu təsisatın yaradılması hüquq-müdafiə strukturları sistemini tamamlamaqla, həm də mövcud boşluqları aradan götürərək, insanların hüquq və azadlıqlarının müdafiəsi mexanizmində qüsurları aradan qaldırmaq üçün yeni imkanlar yaratmış oldu.
Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İnsan Hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması nəzərdə tutulmuşdur.
28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı.
Azərbaycan Respublikasının ilk Ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçildi.
Müvəkkilin seçilməsindən üç ay sonra, 2002-ci il oktyabrın 28-də artıq Ombudsman Aparatında ərizəçilərin qəbuluna və şikayətlərin araşdırılmasına başlanıldı.