Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Həyatı və elmi fəaliyyəti:

Əliyeva Səbinə Yaşar qızı - 1980-ci il mayın 7-də Bakı şəhərində anadan olmuşdur.

1996-cı ildə Bakı şəhərindəki 8 saylı tam orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.

1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavriat səviyyəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2000-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində magistratura səviyyəsində təhsilini Dövlət hüququ ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil almışdır.

2016-cı ildə “Beynəlxalq hüquq; İnsan hüquqları” ixtisası üzrə "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2019-cu ildə "Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası" mövzusunda monoqrafiyası nəşr edilmişdir.

2020-ci ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış Elmi Şuranın sədridir.

Изображение

Peşəkar təcrübə:

2000-ci ildən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə Aparat rəhbərinin müavini vəzifəsində çalışmışdır.

Bir sıra beynəlxalq konfranslarda, o cümlədən Çin, Avstriya, Böyük Britaniya və Yunanıstanda keçirilən simpoziumlarda iştirak etmişdir. MDB-nin Parlament Assambleyasının xüsusi kurslarını bitirmişdir. Türkiyə Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təşkil olunmuş Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının “Söz və toplaşmaq azadlığı” mövzusunda keçirilən yay məktəbinin iştirakçısı olmuşdur. Almaniya Federativ Respublikasında “Hüquqi transformasiya naminə hüquqi dialoq” və Fransanın Sarbon Biznes Məktəbində “Liderlik və strateji idarəçilik bacarıqları” adlı təlimlərdə iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2013-cü il tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənmə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2016-cı il tarixli Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi almışdır.

Ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixdə Səbinə Əliyeva Ombudsman seçilmişdir.

12 sentyabr 2023-cü ildə Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında AOA-nın vitse-prezidenti seçilmişdir.

06 oktyabr 2023-cü ildə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən Ümumi Yığıncağında İƏT OA-nın İdarə Heyətinin üzvü seçilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsinin mentorudur.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinə əfv məsələləri ilə bağlı təkliflər vermək səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında mütəmadi olaraq iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 13 yanvar 2024-cü il tarixli, 4264 nömrəli Sərəncamı ilə yaradılmış COP29 Təşkilat Komitəsinin üzvü təyin olunmuşdur.

Mükafat və medallar:

- Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci ilin 29 dekabr tarixli müvafiq əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuşdur;

- 28 fevral 2021-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə yubiley döş nişanı ilə təltif olunmuşdur;

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 24 yanvar 2022-ci il tarixli müvafiq əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur;

- Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin 2 fevral 2022-ci il tarixli müvafiq əmri ilə “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur;

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin 2023-cü il 23 yanvar tarixli müvafiq əmri ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur;

- 30 yanvar 2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "AHİK-30 il" yubiley döş nişanı ilə təltif olunmuşdur;

- 2 fevral 2023-cü ildə “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur;

- 21 avqust 2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur;

- 2023-cü ildə Mediasiya Şurası və mediatorların fəaliyyətinə göstərdiyi dəstəyə görə “Fəxri mediator” diplomu ilə təltif olunmuşdur;

- Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur;

- 10 dekabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2024-cü il 11-22 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.