Elmi-analitik iş
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” 2001-ci il 28 dekabr tarixli Azərbaycan Respublikasının Konstitusiya Qanunu Müvəkkilin insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmişdir. Bu istiqamətlərdən biri də elmi-analitik sahədə həyata keçirilən fəaliyyətlə bağlıdır.
Müvəkkilin elmi-analitik işin təşkili sahəsində fəaliyyəti nəticəsində insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinə maneə törədən halların aradan qaldırılması, milli qanunvericilikdəki boşluqların və ya ziddiyyətlərin müəyyən edilməsi üzrə təhlillər aparılaraq qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı təkliflər, qanunvericilik və icra hakimiyyəti orqanlarının insan hüquq və azadlıqlarını pozan normativ hüquqi aktları, habelə bələdiyyə və məhkəmə aktları ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğular hazırlanır.
Milli Məclis Aparatından, dövlət orqanlarından, habelə QHT-lərdən daxil olmuş qanunvericilik aktlarının insan hüquq və azadlıqlarının təmini baxımından təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinə, Aparata daxil olmuş elmi xarakterli digər sənədlər üzrə müvafiq rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilir.
Ölkəmizin insan hüquqları sahəsində iştirakçısı olmadığı beynəlxalq müqavilələrə qoşulması barədə müvafiq təkliflər işlənib hazırlanır və aidiyyəti orqanlara göndərilməsi təmin edilir.
İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud strategiyaların, konsepsiyaların, dövlət proqramlarının, milli fəaliyyət planı və proqramlarının həyata keçirilməsi, monitorinqi və əlaqələndirilməsi təmin edilir,
Dövlət orqanları və vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, həmçinin beynəlxalq təşkilatlarla elmi-analitik sahədə əməkdaşlıq üzrə birgə layihələrin həyata keçirilməsi təmin edilir, bir sıra beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlərdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təmininə yönəlmiş çoxsaylı rəy, mülahizə və təkliflərlə çıxışlar edilir.
Əhalinin bəzi kateqoriyalarının (xüsusilə, aztəminatlıların, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və s.) sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası və s. məqsədilə təkliflər işlənib hazırlanır.
İnsan hüquqları sahəsində yeni qəbul edilmiş qanunvericilik aktları ilə bağlı aylıq informasiya arayışları hazırlanır və təşviqi üzrə təkliflər verilir, insan hüquqlarının müdafiəsi və təmini məsələləri üzrə müxtəlif kitablar, publikasiyalar, məqalələr, bəyanatlar, çıxışlar hazırlanır.
Respublikamızın bir sıra qabaqcıl ali tədris müəssisələrində, o cümlədən xarici ölkələrin tanınmış universitetlərində təhsil alan tələbələrin mütəmadi olaraq Ombudsman təsisatında istehsalat təcrübələrinin keçirilməsi təmin edilir.