Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi
Beynəlxalq ictimaiyyət bəşəriyyətin inkişaf məqsədlərini müəyyənləşdirərkən demokratiyanın inkişafını, sosial ədalət və tolerantlığın əldə olunmasını gender bərabərliyindən asılı olduğunu bəyan etmişdir. Bu səbəbdən də, qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpası daima Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) diqqətindədir.
Müvəkkil qadın hüquqlarının təmini vəziyyətini təhlil edərək, yeni qanunvericilik aktlarının, dövlət proqramları layihəsinin, qüvvədə olan normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamışdır. Müvəkkil öz fəaliyyətində qadınların təhsil, sağlamlıq hüquqlarının müdafiəsi, təmini və təbliği işinə geniş yer vermiş, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması və belə halların aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməklə yanaşı, qadınlar və kişilər arasında fərqlənən rəhbərlik üslubları, qadın və kişilər üçün daha yaxşı karyera modelləri, tədqiqat və innovasiyalarda gender bərabərsizliyinin aradan qaldırılması, yəni elm müəssisələrində qadınlara kişilərlə eyni imkanlar verilməsi üçün ən yaxşı strategiya barədə müxtəlif geniş auditoriyalar qarşısında çıxışlar etmişdir.