Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnsan hüquqlarının müdafiəsi

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.

Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması Müvəkkilin səlahiyyətlərinə aid deyildir. Lakin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlər istisna təşkil edir.

Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə, amnistiya elan edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verə bilər.

Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunmasını, ona əməl edilməsini, təmini vəziyyətinin öyrənilməsini, monitorinqini və təhlilini, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsini, pozulmuş hüquqların bərpasını və pozulmasının qarşısının alınmasını özündə ehtiva edir.

İnsanlar öz şikayətlərini Müvəkkilə müxtəlif vasitələrlə verə bilərlər. Belə ki, hər bir şəxs poçt və ya elektron poçtla, Ombudsmanın 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzi, rəsmi internet səhifəsindəki onlayn müraciət (“Birbaşa müraciət” və “İnformasiya sorğusu”) və «E-gov» bölmələri üzərindən, rəsmi sosial şəbəkə hesabları vasitəsilə, Ombudsman Aparatında və regional mərkəzlərdə keçirilən qəbullar zamanı, Ombudsmanın, onun aparatının və regional mərkəzlərinin əməkdaşlarının respublikanın şəhər və rayonlarında əhali qrupları ilə görüşləri, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qarnizon hauptvaxtlarına, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə, o cümlədən müvafiq sosial, tibb və təhsil müəssisələrinə başçəkmələr zamanı təqdim etmək imkanına malikdir.

Aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

Bakı şəhərində, habelə respublikanın müxtəlif şəhər və rayonlarında əhali ilə geniş ünsiyyət yaratmaqla görüşlər və qəbullar keçirilir, əhali qrupları ilə canlı ünsiyyət yaradılır, zəruri izahat işi aparılır, hüquqi məsləhətlər verilir, insanları narahat edən problem və çətinliklər müəyyən edilir, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələrlə əməkdaşlıqda müvafiq tədbirlər görülür.

Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə bilərlər.

Qeyd edilənlərlə yanaşı, hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkilin öz təşəbbüsü ilə araşdırma aparmaq səlahiyyəti də vardır.

Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, qarnizon hauptvaxtlarında, qanunsuz miqrantların saxlanılması mərkəzlərində, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə, o cümlədən müvafiq tibb və təhsil müəssisələrində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.

Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, Müvəkkil şikayəti baxılmaq üçün qəbul edir və ya şikayətə baxılmasından imtina edir.

Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 iş günü müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir.

Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

- şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilmədikdə;

- şikayət Müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;

- şikayət anonim olduqda (anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər Müvəkkil tərəfindən baxılmaq üçün qəbul edildiyi hallar istisna olmaqla);

- şikayətlə bağlı məhkəmə icraatı getdikdə;

- təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.

Müvəkkil insan hüquqlarının pozulmasına dair daxil olan şikayətləri səlahiyyətlərinə aid olduqda baxılmaq üçün icraata qəbul edir.

Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən dövlət orqanının, bələdiyyənin və digər qurumun və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 iş günü müddətində mülahizə Müvəkkilə təqdim edilməlidir.

İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı Müvəkkilin aşağıdakı hüquqları vardır:

- istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, hərbi hissələrə, polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;

- dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində almaq;

- cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;

- şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;

- şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən dövlət orqanına, bələdiyyəyə və digər quruma və ya vəzifəli şəxsə tapşırıla bilməz);

- müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;

- dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;

- şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək;

- bu Konstitusiya Qanununun II fəsli ilə müəyyən edilmiş qaydada şikayətlərə baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.

Hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər.

Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma Müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.

Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 günədək uzadılır. Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.

Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10 iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.

Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirir:

- qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən həmin hüquqların bərpasını tələb etmək (müvafiq dövlət orqanları, bələdiyyələr və digər qurumlar, vəzifəli şəxslər 10 iş günü müddətində Müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda Müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edir);

- cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;

- əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;

- qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara təkliflər vermək;

- insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək; 

- insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxmış etmək; 

- dövlət orqanının, bələdiyyənin və digər qurumun, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək; 

- şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək. 

Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona, milli preventiv qrupun və müstəqil monitorinq qrupunun üzvlərinə, Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərinə məlum olan dövlət sirri təşkil edən məlumatların, istintaq, məhkəmə, vergi, bank və kommersiya sirlərinin, eləcə də qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Bununla yanşı, şikayətdə əks etdirilmiş halların Müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir. 

Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Müvəkkil insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.

İllik məruzədə insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar fikir, rəy və tövsiyələr öz əksini tapır.

İllik məruzə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilir, eyni zamanda "Azərbaycan" qəzetində və "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilir.