Hüquqi maarifləndirmə
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan Respublikasının dövlət orqanlarının, bələdiyyələrin, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) və büdcə təşkilatlarının vəzifəli şəxsləri tərəfindən insan hüquqları pozuntularının qarşısının alınmasıdır.
Bu sahədə həyata keçirilən preventiv tədbirlər sırasında cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, bərabərlik hüququnun təmininin və ayrı-seçkiliyin qarşısının alınmasının təbliği məqsədilə hüquqi maarifləndirmə işinin həyata keçirilməsi mühüm yerlərdən birini tutur.
Bununla əlaqədar Ombudsman tərəfindən əhalinin müxtəlif qrupları ilə yanaşı, dövlət orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyəti institutlarının və digər qurumların nümayəndələrinə, habelə hüquq müdafiəçilərinə ünvanlanmış insan hüquqları sahəsində maarifləndirmə işi həyata keçirilir.
Əhalinin insan hüquqlarına dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müvafiq qurumlar tərəfindən keçirilən analoji tədbirlərdə məruzəçi və ya təlimçi qismində iştirak təmin olunur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş insan hüquq və azadlıqlarının təşviqi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, müvafiq dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar və bu kimi digər sənədlər, beynəlxalq və yerli əhəmiyyətli əlamətdar günlər çərçivəsində müxtəlif maarifləndirici tədbirlər təşkil edilir.
Ombudsman tərəfindən ənənəvi olaraq hər il 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə əlaqədar 18 may - 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı”, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbulunun ildönümü ilə bağlı isə 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı” elan olunmaqla, paytaxt Bakıda və regionlarda insan hüquqlarına dair müxtəlif aktual mövzulara həsr edilmiş hüquqi maarifləndirmə tədbirləri keçirilir. Aidiyyəti dövlət qurumları, idarə, müəssisə və təşkilatlar, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları və media nümayəndələri həmin prosesdə fəal iştirak edirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, hüquq mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, hərbi sahədə kadr hazırlayan təhsil müəssisələri və digər tədris ocaqlarının proqramına, o cümlədən Ombudsmanın tədbirlər planına əsasən gənc müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına, hüquq-mühafizə orqanları əməkdaşlarına və hərbçilərə ünvanlanan ardıcıl maarifləndirici tədbirlər təşkil olunur ki, bu da insan hüquqları tədrisi vasitəsilə onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Ombudsman və Aparatın əməkdaşları tərəfindən dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Ombudsman Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri üçün təşkil olunan ixtisasartırma kursları və təlimlərdə ölkəmizin tərəfdar çıxdığı insan hüquqları sahəsində beynəlxalq müqavilələr və onlardan irəli gələn öldəliklərin həyata keçirilməsi perspektivləri barədə ətraflı məlumat verilir.
Ombudsmanın insan hüquqlarının müdafiəsi, təşviqi və monitorinqi sahəsində səlahiyyətləri barədə məlumatlılığın artırılması və bu sahədəki fəaliyyətinin təbliğ edilməsi təmin olunur.
Gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərin, habelə ali təhsil müəssisələri tərəfindən istehsalat və elmi-tədqiqat təcrübəsi keçmək üçün göndərilən tələbə və magistrantların insan hüquqları sahəsində biliklərinin artırılması üzrə zəruri tədbirlər görülür.
İnsan hüquqları sahəsində tədris-metodiki vəsaitlər, bukletlər, lifletlər, broşürlər, yaddaş kitabçaları, plakatlar, digər çap məhsulları və məqalələr hazırlanır.
Yeri gəlmişkən, Ombudsmanın hüquqi maarifləndirmə fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq imzaladığı Sərəncama əsasən, hər il bu sahədə Tədbirlər Planı təsdiq edilir və icrası təmin olunur. Bu baxımdan hazırda insan hüquqları sahəsində maarifləndirmə işinin səmərəliliyinin artırılması, Ombudsman təsisatının, habelə digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarının hüquqi bilik və bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq hüquqi aktlar və milli qanunvericilikdə təsbit edilmiş insan hüquqları və azadlıqlarının, o cümlədən bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması kimi məsələlərin təbliği, cəmiyyətdə hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişafına, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına, müvafiq dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların həyata keçirilməsinə nail olunması, həmçinin ölkə Prezidenti tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, BMT-nin yaranmasının 80-ci ildönümü, Avropa İnsan Hüquqları Konvensiyasının 75 illiyi və ölkəmizin tərəfdar çıxdığı digər bəzi beynəlxalq müqavilələrin yubileyləri ilə əlaqədar maarifləndirici tədbirlərin təşkili qarşıda duran vəzifələr sırasındadır.