Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi

Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri də qaçqınların, keçmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin, habelə miqrantların hüquq və azadlıqlarının müdafiəsidir. 

Əhalinin həssas qruplarından olan keçmiş məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin səmərəli təşkili, qeydiyyatda olduqları şəhər və rayonlar üzrə yeni salınmış yaşayış məntəqələrinə qayıdışı və bu kimi digər məsələlər Ombudsmanın diqqət mərkəzindədir.

Öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin yeni yaşayış şəraitinə adaptasiya olunmaları, ailələrinin maddi ehtiyaclarını qarşılamaları məqsədilə fərdi sahibkarlıqla məşğul olmaları, bunun üçün qeyri-yaşayış obyektlərinin istifadə məqsədilə ayrılması, tərtib etdikləri biznes layihələrinin nəzərə alınması kimi məsələlər diqqətdə saxlanılır.

Ombudsman miqrantların, qaçqınların və sığınacaq axtaran şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, tənzimlənməyən miqrasiyanın qarşısının alınması sahəsində müvafiq dövlət qurumları, xarici həmkarlar və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə Nümayəndəliyi  Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıqda maarifləndirici tədbirlər həyata keçirilir.

Əcnəbilərin ölkədə yaşamalarının qanuniləşdirilməsi, bu məqsədlə müxtəlif miqrasiya sənədlərinin rəsmiləşdirilməsi, habelə hərbi münaqişə nəticəsində öz ölkəsini tərk edərək ölkəmizə gələn şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsi iş aparılır.

Ölkəyə gələn əcnəbilərin müvafiq normativ-hüquqi sənədlərdə təsbit olunmuş insan hüquq və azadlıqlarına dair müddəaların mahiyyəti barədə məlumatlandırılması və üzləşdikləri problemlərin çevik həlli ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq davam etdirilir.

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindənAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinə başçəkmələr həyata keçirilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə rəftar, onların saxlanma şəraiti, tibbi-sanitariya xidmətlərinin təşkili, qida və maddi-məişət təminatı, habelə hüquqlarının təmini vəziyyətinin monitorinqi aparılır, saxlanılan şəxslər konfidensial qaydada qəbul olunur, müraciətləri araşdırılır.

Ombudsman təsisatının nümayəndəsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında Vətəndaşsızlıq məsələləri ilə əlaqədar İşçi qrupunda təmsil olunur.