Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin mühüm istiqamətlərindən biri də məhz əlilliyi olan şəxslərin hüquqlarının müdafəsi ilə bağlıdır.
Ombudsman tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, təmini və təbliği məqsədilə aşağıdakı zəruri fəaliyyətlərin həyata keçirilməsi təmin edilir:
- Əlilliyi olan şəxslər tərəfindən daxil olmuş müraciətlər (təklif, ərizə və şikayətlər) araşdırılır, onların mövcud problemlərinin mümkün qədər həll edilməsi və cəmiyyətə fəal inteqrasiyası məqsədilə müvafiq sorğular, təklif və tövsiyələr hazırlanaraq aidiyyəti dövlət qurumlarına göndərilir;
- Milli qanunvericilik bazası əlilliyi olan şəxslərin hüquqlarının təmini baxımından təhlil edilir, onların təkmilləşdirilməsi və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılması üzrə təkliflər hazırlanır;
- BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə müstəqil mexanizmin funksiyalarının icrası, ölkəmizin tərəfdar çıxdığı həmin beynəlxalq müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi vəziyyətinə dair paralel hesabatın hazırlanması, hökumət tərəfindən aidiyyəti müqavilə qurumuna təqdim olunmuş hesabatla əlaqədar verilmiş tövsiyələrə əməl edilməsinin təşviqi ilə bağlı müvafiq işlər görülür;
- Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı maarifləndirmə işi həyata keçirilir, bu qəbildən olan şəxslərə münasibətdə tibbi modelə deyil, insan hüquqlarına əsaslanan sosial modelə ütünlük verilməsinin əlilliyin cəmiyyətdə düzgün dərk edilməsi baxımından əhəmiyyəti təbliğ olunur və bu sahədə aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən ixtisaslaşmış qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edilir və s.
Müvəkkilin müvafiq sərəncamı ilə əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi işinin, habelə bu sahədə həyata keçirilən fəaliyyətin əlaqələndirilməsinin təmin edilməsi məqsədilə Müvəkkilin əlilliyi olan şəxslərin hüquqları üzrə ixtisaslaşdırılmış müşaviri təyin edilmişdir.
2020-ci ildə isə Ombudsman Aparatında Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektoru yaradılmışdır.
BMT-nin Baş Assambleyası tərəfindən 2006-cı il 13 dekabr tarixində qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya və bu sənədin Fakültativ Protokolu 2007-ci ilin 30 mart tarixindən üzv dövlətlərə imzalamaq üçün açıq elan edilmiş və 2008-ci il 3 may tarixində qüvvəyə minmişdir. Ombudsmanın təklifi də nəzərə alınmaqla və ən əsası dövlətin bu əhali qrupundan olan şəxslərə diqqəti nəticəsində Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanununa əsasən hər iki sənəd müvafiq bəyanatla ratifikasiya edilmiş və ölkəmizə münasibətdə 28 yanvar 2009-cu il tarixdən qüvvəyə minmişdir.
Sözügedən Konvensiyaya uyğun olaraq ölkəmizin qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi sahəsində görülmüş işlər barədə Azərbaycan hökumətinin ilk hesabatı 2011-ci ildə, Müvəkkil ilk paralel hesabatı isə 2013-cü ildə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinə təqdim olunmuşdur. Ombudsman tərəfindən dövrü hesabatlara paralel olaraq, Komitəyə milli insan hüquqları təsisatı qismində hesabatlar göndərilir.
Müstəqil monitorinq mexanizmi
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasının 33.2-ci maddəsinə əsasən, iştirakçı dövlətlər özlərinin hüquqi və inzibati quruluşlarına müvafiq olaraq Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün bir və ya bir neçə müstəqil mexanizmlərdən ibarət strukturu dəstəkləyir, möhkəmləndirir, təyin edir və ya təsis edirlər. Bu cür mexanizmin təyin və ya təsis edilməsi zamanı milli təsisatların statusuna və fəaliyyətinə aid olan prinsiplər nəzərə alınır.
2023-cü il 9 iyun tarixində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliyə əsasən, Müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.
Konstitusiya Qanununa əlavə edilmiş 13-3-cü maddə “Müstəqil monitorinq
mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri” adlanır. Həmin maddəyə əsasən, insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirən Ombudsmanın aparatında monitorinq qrupları yaradılır.
Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Ombudsmanın və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:
- dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;
- dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;
- həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;
- dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;
- vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.
Bu səlahiyyət həmçinin 2024-cü ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 38.4-cü maddədə öz əksini tapmışdır.
Ombudsmana Konstitusiya Qanunu ilə həvalə edilmiş yeni müstəqil monitorinq mexanizminin səlahiyyətləri ilə əlaqədar məlumatlılığın artırılması məqsədilə təsisat tərəfindən maarifləndirici nəşr hazırlanmış, aidiyyəti dövlət qurumlarının nümayəndələri, eləcə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri üçün təlim və seminarlar təşkil olunmuşdur.
2024-cü ildə Ombudsman Aparatında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə monitorinq qrupu yaradılmışdır.