Ahılların hüquqlarının müdafiəsi
Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri də ahılların hüquqlarının müdafiəsidir.
Əhalinin həssas qruplarından olan ahılların pozulmuş hüquqlarının bərpası ilə bağlı qanunamüvafiq tədbirlər həyata keçirilir. Bununla yanaşı, onların mülkiyyət, əmək, sosial təminat, sağlamlığın qorunması, mənzil və digər hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyətin və normativ hüquqi bazanın təhlili, qanunvericiliyin beynəlxalq təcrübəyə müvafiq olaraq təkmilləşdirilməsi, eyni zamanda ahıllara göstərilən sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi və spektrinin genişləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili istiqamətində Ombudsman tərəfindən zəruri işlər görülür, hüquqi maarifləndirmə tədbirləri təşkil edilir.
Ahıllar tərəfindən Ombudsmana ünvanlanan müraciətlərə xüsusi həssaslıqla yanaşılır, Ombudsmanın səlahiyyətləri çərçivəsində onların problemlərinin həlli məqsədilə aidiyyəti səlahiyyətli dövlət qurumlarına müraciətlər edilir, hüquqlarının səmərəli təmini məqsədilə təklif və tövsiyələr verilir.
Yeri gəlmişkən, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 30.12 2011-ci il tarixli Qanununda Ombudsmanın bəzi təklifləri də nəzərə alınmışdır.
Qeyd edilənlərlə yanaşı, Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə öncədən xəbərdarlıq edilmədən monitorinqlər və başçəkmələr həyata keçirilir, nəticəsindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Ombudsman “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın bir sıra maddələrinin, o cümlədən ahıl insanların mümkün qədər uzun müddət cəmiyyətin tam dəyərli üzvü olmalarına daha çox imkan yaradılması məqsədilə “ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ” ilə bağlı 23-cü maddəsinin ratifikasiya edilməsini təklif etmişdir.
Ombudsman ahılların hüquqlarının müdafiəsi və təşviqi, onların cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısının alınması sahəsində beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi üzrə iş aparır, eyni zamanda bu sahədə ixtisaslaşmış aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.