Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Tez-tez verilən suallar

1. Ombudsmana necə müraciət etmək olar?

Müraciət Ombudsmana, bir qayda olaraq, yazılı şəkildə və poçt vasitəsilə bu ünvana göndərilir:  AZ 1000, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80 
Şikayəti AZ 1000, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 80 ünvanında yerləşən “Hökumət evi” inzibati binasında fəaliyyət göstərən Vətəndaşların Qəbulu Mərkəzində Ombudsman Aparatının məsul əməkdaşı tərəfindən keçirilən ərizəçilərin qəbulu zamanı yazılı şəkildə şəxsən təqdim etmək olar.
Ombudsmanın rəsmi internet səhifəsində yerləşən “Onlayn müraciət” bölməsi vasitəsilə 

(https://www.e-gov.az/az/services/read/3541) Ombudsman Aparatına elektron müraciət də göndərmək olar.
 

2. Ombudsmana ünvanlanan şikayət necə tərtib edilməlidir?

İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.

3. Ombudsmana ünvanlanan şikayətə hansı hallarda baxılmır?

Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda müraciət anonim hesab edilir və həmin şikayətlərə, anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilən hallar istisna olmaqla, baxılmır.
Qeyd edilənlərlə yanaşı, Ombudsman şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddət keçdiyi, Ombudsmanın səlahiyyətlərinə aid olmadığı, anonim olduğu (anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilən hallar istisna olmaqla), eyni zamanda şikayətlə bağlı məhkəmə icraatı getdiyi, həmçinin təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadığı hallarda şikayətə baxmır.

4. Ombudsman şəxsi təşəbbüsü ilə araşdırma apara bilərmi?

İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda Müvəkkil öz təşəbbüsü ilə araşdırma aparır.


Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, qarnizon hauptvaxtlarında, qanunsuz miqrantların saxlanılması mərkəzlərində, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə, o cümlədən müvafiq tibb və təhsil müəssisələrində (bundan sonra – şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlər) saxlanılan şəxslər tərəfindən Ombudsmana şikayət göndərilə bilərmi?
Bəli, bu şəxslər Ombudsmana şikayət göndərə bilər. Hətta həmin şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində Ombudsmana göndərilməlidir.

5. İnformasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə hara şikayət etmək olar?

Sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir.

6. Hansı hallarda Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxmır?

1. şikayət konkret informasiya sahibinin fəaliyyəti barəsində olmadıqda; 

2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; 

3. ərizəçi informasiya sahibinin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.

7. Müvəkkil informasiya əldə etmək hüququnun pozulması zamanı necə kömək edə bilər?

1. Müvəkkil İnformasiya sahibi tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır.

2. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibindən pozuntuların aradan qaldırılmasını tələb edir. 

3. Müvəkkil informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir. 

4. İnformasiya sahibi məlumatı vermədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.

5. Müvəkkil, onun Aparatının rəhbəri, Aparat rəhbərinin müavini İnzibati Xətalar Məcəlləsinin 371–374, 381.2, 381.3 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək sələhiyyətinə malikdirlər.