Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şəhid ailələri və müharibə veteranlarının hüquqlarının müdafiəsi

Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, müharibə veteranlarının və şəhid ailələrinin hüquqlarının müdafiəsi təşkil edir.

Şəhid ailələrinin və müharibə iştirakçılarının postmüharibə dövründə müxtəlif çətinliklərlə üzləşməsinin qarşısını almaq, habelə hüquqlarının səmərəli təmini məqsədilə əmək, məşğulluq, sosial təminat, səhiyyə və təhsil kimi sahələrdə müxtəlif sosial dəstək proqramları hazırlanaraq həyata keçirilir. Bu baxımdan, şəhid ailələrinə və müharibə iştirakçılarına mümkün sosial dəstəyin verilməsi, yaşayış səviyyəsinin yüksəldilməsi üçün onların sosial müdafiə proqramları ilə təmin edilməsi, əmək bazarına çıxışının asanlaşdırılması, sosial həyatın müxtəlif sahələrində iştirakının təmin edilməsi əsas məqsədə çevrilmişdir.

Ombudsman və onun tapşırığına əsasən, aparatın və regional mərkəzlərin əməkdaşları müharibə iştirakçıları və şəhid ailələrinə daim xüsusi həssaslıqla yanaşaraq qayğıları ilə maraqlanır, bu kateqoriyadan olan şəxslərin ailələrinə mütəmadi ziyarətlər təşkil etməklə onların problemləri ilə yerində tanış olur, zəruri tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər. 

Şəhid ailələri və müharibə iştirakçıları tərəfindən Ombudsmana ünvanlanan müraciətlərə xüsusi həssaslıqla yanaşılır, onların sosial təminat hüququnun həyata keçirilməsi, tibbi və psixoloji yardımların göstərilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, məşğulluq məsələlərinin operativ həllində köməklik göstərilməsi ilə bağlı məsələlərin həlli məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görülür.

Qeyd edilməlidir ki, Ombudsmanın Vətən müharibəsi və postmüharibə dövründə fəaliyyətinin genişləndirilməsi, müvafiq dövlət qurumları ilə əlaqələndirmənin səmərəli təşkili və inkişafı məqsədilə 2021-ci ildə Ombudsman Aparatında Şəhid ailələrinin və müharibə iştirakçılarının hüquqlarının müdafiəsi sektoru yaradılmışdır. Müvafiq struktur bölmənin yaradılmasında əsas məqsəd Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranlarının və şəhid ailələrinin müraciətlərinin və problemlərinin çevik araşdırılması və həlli istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarət olmuşdur.