Media subyektləri ilə əməkdaşlıq
Müvəkkil media subyektləri ilə əlaqələrə mühüm yer verir və bu əməkdaşlıq onun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir.
Təsisatın İnformasiya və ictimaiyyətlə əlaqələr sektoru Aparat ilə media subyektləri arasında səmərəli əlaqələrin yaradılmasında, ictimaiyyətlə əlaqələrin inkişafında, Ombudsmanın fəaliyyətinin və yeni təşəbbüslərinin media subyektlərinə çatdırılmasında və onun fəaliyyətinin aşkarlıq, şəffaflıq prizmasından təbliğində mühüm rol oynayır.
Media ilə əlaqələrinin daha sıx və səmərəli təşkili məqsədilə Ombudsmanın təsdiq etdiyi Kommunikasiya Strategiyasına uyğun olaraq, ənənəvi, eləcə də sosial media üzərindən beynəlxalq və yerli media ilə əməkdaşlığın daha da genişləndirilməsinə xüsusi diqqət yetirilir.
Həmçinin İnformasiya və ictimaiyyətlə əlaqələr sektoru tərəfindən ölkəmizdə nəşr olunan aparıcı qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli media subyektlərinin əməkdaşları ilə sıx əlaqələr yaradılmışdır.
Eyni zamanda, mətbuat xidməti Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə press-relizlər hazırlayır, eləcə də insan hüquqlarına dair tematik mövzularda Ombudsmanın bəyanat, reaksiya, münasibət, çağırışlarını, təşviqat və təbliğat xarakterli materialları ənənəvi mediaya, müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, informasiya agentliklərinə və digər media subyektlərinə göndərir. Bununla yanaşı, Azərbaycan Respublikası Audiovizual Şurası, Mətbuat Şurası, Medianın İnkişafı Agentliyi, yeni jurnalist qurumları ilə sıx əlaqələr və əməkdaşlıq davam etdirilir.